21 noyabr 2018 01:36
3015

Ermənistanda növbəti vəlvələ

Ermənistanda növbəti vəlvələ: Azərbaycan-Belarus hərbi müttəfiqliyinin yeni müstəvidə inkişafı

Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfəri və bu səfərin nəticələri hazırda Ermənistan mətbuatında gündəmin əsas mövzularından biridir. İşğalçı ölkənin “armenianreport”, “lragir”, “tert”, “armeniasputnik” kimi aparıcı xəbər portallarında Azərbaycan-Belarus strateji tərəfdaşlığının yeni müstəvidə inkişafı ilə bağlı təşviş dolu informasiyaların və qəzəb dolu analitik yazıların ardı - arası kəsilmir. Yazılardan da anlaşıldığı kimi, Ermənistanda Azərbaycan - Belarus müttəfiqliyinin yeni müstəvidə inkişafı növbəti vəlvələyə səbəb olub.

“Armenianreport.com” saytının yazarı Qraçya Qalustyan sözügedən mövzu ilə bağlı qələmə aldığı yazıda Azərbaycan və Belarus prezidentlərinin görüşünü, mətbuata birgə açıqlamalarını təşviş və  qısqanclıqla az qala hər detalına qədər “incələyib”.

Belarus Prezidenti Aleksandr Lukaşenkonun  “Bizim ölkələrimiz arasında həll edilməmiş məsələlər və müzakirə üçün qapalı mövzular yoxdur. Belarus və Azərbaycan həmişə etibarlı və strateji tərəfdaş olaraq qalacaqlar. Əminəm ki, ənənəvi səmərəli əməkdaşlıq, qarşılıqlı dəstək bundan sonra da Belarus-Azərbaycan münasibətlərini fərqləndirən cəhət olacaq” fikirləri Q. Qalustyanı elə hiddətləndirib ki, o, yazısında vurğulayıb: “Moskva Minskə həddini bildirməlidir, əks təqdirdə Rusiya Ermənistanı itirəcək”.

Elə bircə bu cümlə işğalçı ölkə rəsmilərinin son dövrlərdə durmadan   əzbərlədiyi   “suveren və müstəqil Ermənistan” nağılının onların digər bütün mifləri kimi saxta və uydurma olduğunu təsdiq edir. Çünki suveren bir dövlət beynəlxalq münasibətlərini özü tənzimləyir, hansısa super gücə bel bağlamır. 

Prezident İlham Əliyevin Aleksandr Lukaşenko ilə  görüşdən sonra mətbuata açıqlaması, xüsusilə də Azərbaycanın Belarusdan yeni partiya silah alacağı ilə bağlı bəyanatı Ermənistan tərəfini xeyli qorxuya salıb. “Armenianreport”un eksperti yazır: “ Azərbaycan Prezidenti İlham Əliyev mətbuata açıqlamasında bəyan etdi ki, gələcəkdə münasibətlərinin xarakterini müəyyənləşdirəcək xeyli sənəd imzalayıblar. Onların arasında, ilk növbədə, əlbəttə, prezidentlərin Birgə Bəyanatı da var. Bu, Azərbaycan- Belarus əməkdaşlığının əsas istiqamətlərini ehtiva edən, iki ölkənin siyasi iradəsini ifadə edən mühüm siyasi sənəddir. Onu da xatırladaq ki, Azərbaycan Prezidenti Belarusa Dağlıq Qarabağ münaqişəsində obyektiv mövqeyinə görə minnətdarlıq edib. Bu isə o deməkdir ki, Belarus həmişə olduğu kimi, Ermənistanın rəyinə əhəmiyyət vermədən birmənalı şəkildə Azərbaycanın tərəfindədir. İki ölkənin əməkdaşlıq istiqamətlərindən biri də hərbi-texniki sahədir. İmzalanan sənədlər arasında memorandum da var. Bu sənəd ən qısa müddətdə Azərbaycanın Belarusdan hərbi texnikanın növbəti partiyasını almaq üçün şərait yaradacaq. Belarus Prezidentinin  həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında, həm də bu görüşdən sonra bəyan etdiyi  fikirləri bunu deməyə əsas verir ki, Ermənistanın fikri, rəyi və mövqeyi qətiyyən rəsmi Minski maraqlandırmır. Bütün bu proseslər Rusiyanın gözü qarşısında baş verir və ən təəccüblüsü də budur ki, rəsmi Moskva bu situasiyada da susmağa üstünlük verir”.

Yazar  daha sonra gülüş doğuran təhdidlərini davam etdirərək yazır: “Əgər Rusiya, Qazaxıstan və Belarus bundan sonra da bizim mövqeyimizlə hesablaşmasa, Ermənistanın öz geosiyasi mövqeyini əsaslı şəkildə dəyişmək üçün xeyli variantları var. İlk növbədə Belarusun Ermənistandakı səfiri İqor Nazaruku gəldiyi ölkəyə geri yollamaq, eləcə də bizim səfirimizi Minskdən geri çağırmaq lazımdır...”

Bütün bunlar göstərir ki, gələcək üçün heç bir konsepsiyası, müəyyənləşdirilmiş  siyasət kursu olmayan, boş təhdidlər və ittihamlar üzərində bərqərar olan  işğalçı Ermənistanın bundan sonrakı xarici diplomatiyası da ölkənin sosial, iqtisadi, hərbi sahələrində olduğu  kimi bitmək bilməyən zəncirvari uğursuzluqlara məhkumdur.

Sevinc Abdullayeva, “İki sahil”