05 dekabr 2018 23:18
2738

Ermənistanın ən ciddi fobiyası: güclü Azərbaycan Ordusu

Azərbaycanın məqsədyönlü şəkildə öz hərbi potensialını artırması həmişə olduğu kimi, yenə də Ermənistan mediasının gündəmindədir. Milli Ordumuzun öz gücünü getdikcə artırması Ermənistan tərəfini  ciddi narahat edən daimi mövzulardan biridir. 

Azərbaycan Prezidenti İlham Əliyevin hər hansı bir ölkə ilə hərbi əməkdaşlığın inkişafına dair keçirdiyi görüşlər xırda təfərrüatlarına kimi işğalçı ölkənin mətbuatında yer almaqdadır. Belə ki, “armenianreport” saytında Prezident İlham Əliyevin ABŞ-ın  müdafiə nazirinin müavininin müşaviri xanım Laura Kuperin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü haqqında əndişə içində söz açılıb. Müəllif Laura Kuperin səfərinin Azərbaycanla ABŞ arasında müdafiə sahəsində əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələrinin genişlənməsinin davam etdirilməsi məqsədi daşıdığını qəzəblə qeyd edib. “Azərbaycan Prezidenti ilə görüşdə ABŞ müdafiə nazirinin müavininin müşaviri dəfələrlə qeyd edib ki, ABŞ rəhbərliyi Azərbaycanla əlaqələrə mühüm əhəmiyyət verir. Əlbəttə, biz bilirik ki, xanım Laura Kuperin dediyi bu əlaqələrə həm də Azərbaycana silah satmaq və onu hərbi baxımdan regionun ən güclü dövlətinə çevirmək planları da daxildir”, - deyə təlaşla vurğulayan Tevos Arşakyan yazısında Ermənistanın hazırkı daxili siyasi durumunu qiymətləndirməklə yanaşı, həmçinin Azərbaycanın hazırda güclü və mütəşəkkil orduya malik olduğunu da etiraf etmək məcburiyyətində qalıb.

Müəllif daha sonra Ermənistanın sabiq müdafiə naziri Vigen Sarkisyanın bu günlərdə qorxu və təşviş  içində səsləndirdiyi “Mən hamını bir anlıq seçkiqabağı mübarizəni unutmağa çağırıram. Seçki bitdikdən sonra biz rəqibimizlə, onun çox güclü 100 minlik ordusu ilə üz-üzə qalacağıq...” - fikirlərini xatırladaraq ölkəsinin durumunun təkcə hərbi baxımdan deyil, həm də daxili siyasi xəttin iflası cəhətdən də ağır olduğunu qeyd edib: “Hələ indiyədək  postsovet Ermənistanının tarixində seçkiqabağı mübarizə belə qəddar şəkildə, hətta deyərdim ki, öz rəqiblərinə qarşı istifadə olunan qara piarın bu qədər iyrəncliyi ilə həyata keçirilməmişdi. Hələ indiyədək görməmişdik ki, iki siyasi cəbhə bugünkü kimi daha çox seçici səsi qazanmaq uğrunda bir -birini tikə-parça etməyə hazır olsun. Belə bir amansız daxili mübarizə şəraitində Viqen Sarkisyanın panika içində Azərbaycanın güclü Ordusundan danışıb vəziyyətimizin çıxılmazlığını, Ermənistanın necə acınacaqlı durumda olduğunu bir daha xatırlatmağa ehtiyac vardımı?! Azərbaycanın güclü ordusu haqqında bu fikri hansısa sıradan bir dövlət rəsmisi səsləndirmir, bu fikri bəyan edən adam Ermənistanın sabiq müdafiə naziridir! Öz qorxuları haqqında hələ indi danışan keçmiş müdafiə naziri  Ermənistanın hərbi qüvvələrinə başçılıq edərkən niyə bunu düşünmürdü?! Sarkisyan-Koçaryan rejimi birlikdə illərlə Ermənistanı, o cümlədən də ölkənin ordusunu məhvə sürükləyəndə o zamankı müdafiə naziri Viqen Sarkisyanın dili tutulmuşdu? Azərbaycan öz ordusunu son dərəcə gücləndirməklə məşğul olduğu bir zamanda Ermənistanın cinayətkar xunta rejimi  ölkəni talamaqla məşğul idi. Məgər Viqen Sarkisyan onda bilmirdi ki, sərhəddə  Azərbaycanın son dərəcə yaxşı silahlanmış, güclü və mütəşəkkil ordusu hazır vəziyyətdədir?!”

Ekspert  hazırda daxili siyasi durumun bərbad olduğunu əsas gətirərək təcavüzkarlıq siyasəti yeridən ölkəsi üçün yeganə təhlükənin öz torpaqlarını işğaldan azad etməyi düşünən Azərbaycan olmadığını yazıb, Ermənistanda hakimiyyətdaxili çəkişmələrin son həddə çatdığını bildirib.

Müəllif daha sonra əslində ümidsizlik notları sezilən “ümidvarlığında” həqiqəti olduğu kimi etiraf etməyə başlayan viqen sarkisyanların yaxında tarixin zibilliyinə gömüləcəyini ifadə edib. Bu məqamda dövlətimizə qarşı son dərəcə aqressivliyi və qərəzliliyi ilə xüsusilə seçilən “armenianreport”un müəllifi Tevos Arşakyana xatırlatmaq yerinə düşərdi ki, işğalçı ölkənin viqen sarkisyanlarının Azərbaycan Ordusunun gücü haqqında səsləndirdikləri etiraflar həqiqəti əks etdirir. Bir müdrikin dediyi kimi, həqiqət bal arısına bənzəyir, nə qədər ovcunda sıxıb saxlasan da bir gün sıxıldığı ovucu sancıb gün üzünə çıxacaq. Bu gün Ermənistanın sabiq müdafiə nazirinin Azərbaycan haqqında əslində çoxdan etiraf etməli olduğu doğruları hansısa “əldəqayırma mətbuat eksperti”nin arxa plana atmaq istəyi Əlahəzrət Həqiqətin mövcudluğuna heç bir təsir göstərə bilməz. Gerçəklik isə bundan ibarətdir ki, Azərbaycan həqiqətən istənilən an öz torpaqlarını Ermənistanın işğalından qurtarmağa qadir olan mütəşəkkil, müasir şəkildə silahlanmış güclü orduya malikdir. Ancaq işğalçı düşmən say məsələsində yanlışlığa yol verib. Bu gün öz əzəli torpaqlarını işğaldan qurtarmaq üçün Ali Baş Komandanın əmrini gözləyən sadəcə 100 minlik güclü ordumuz deyil. Bu gün güclü ordumuzla yanaşı, milyonlarla Azərbaycan övladı xalqımızın haqq işi və şərəf məsələsi olan torpaqlarımızın işğaldan azad edilməsi  uğrunda mübarizəyə “müsəlləh əsgər” kimi hazırdır...

Sevinc Abdullayeva, “İki sahil”