04 yanvar 2019 11:39
1497

Düşmən ordusundakı acınacaqlı mənzərə - 60 ölü, 289 yaralı

Azərbaycan Ordusunun Ermənistan ordusundan üstünlüyü yalnız peşəkarlığında və ən müasir silahlarla təchizatında deyil, eyni zamanda, onun mənəvi-psixoloji hazırlığında və hərbi vətənpərvərlik meyarlarında da özünü göstərir.

Xüsusilə Ermənistan ordusunda ötən il baş verən fərarilik, özünəqəsd və güllələnmə hallarnın sayı davamlı olaraq artıb. Erməni mətbuatında gedən məlumatlara görə, 2018-ci ildə bu işğalçı orduda 60 ölüm hadisəsi baş verib. Onların başvermə səbəbləri isə müxtəlifdir. Belə ki, həmin ölümlərdən üçü güllələnmə, ikisi döyülmə,  on ikisi  təxribat, iyirmi biri  qəza, yeddisi intihar,  ikisi təyyarə qəzası, biri göldə boğulma, biri qar uçqunu, yeddisi naməlum şəraitdə, biri dəm qazından boğulma, biri xəstəlik, biri mina partlayışı, biri  qəsdən adam öldürmə nəticəsində baş verib.

Eyni zamanda məlumatlara görə, işğalçı orduda fərqli vəziyyətlərdə, yəni təxribat, döyülmə, güllələnmə, mina partlayışı, intihara cəhd, qəza və s nəticəsində 192 düşmən hərbçisi yaralanıb.

Ermənistan ordusunda ciddi faktlardan biri isə korrupsiyanın baş alıb getməsidir. Məhz buna görə ötən il iki general və bir neçə digər yüksək rütbəli hərbçi cinayət məsuliyyətinə cəlb ediliblər. Korrupsiyanın səbəbi kimi isə generallarının və hərbçilərinin maaşlarının az olması, o cümlədən vaxtında ödənilməməsi qeyd edilir.

Ermənistan ordusunda korrupsiya hallarını belə xarakterizə edirlər: Dağlıq Qarabağda əsgəri xidmətdən yayınmaq üçün 1500-2000 dollar xərcləməlisən. Bundan başqa, Dağlıq Qarabağda xidmət edən Ermənistan ordusunun  əsgərləri səngərdə deyil, daha arxa mövqelərdə xidmət üçün ayda 150 dollar ödəməlidirlər.     

Ermənistan ordusunda ərzaqların oğurlanması, işğalçı ordunun əsgərlərinin aclıq çəkmələri faktları da kifayət qədərdir. Bu faktlara görə də ordunun bəzi yüksək rütbəli  zabitlərinə cinayət işləri açılıb.

Təbii ki, işğalçı orduda korrupsiya hallarının başvermə səbəbləri  sadədir. İqtisadi iflasa uğrayan Ermənistan öz ordusunu, hərbçilərini ordu standartlarına uyğun təmin edə bilmir. Yəni ac zabitin səfil əsgərin ərzağına göz dikməsi bu orduda sıradan bir hadisə kimi qəbul edilir. 

Qeyd edək ki, Ermənistan ordusunda qeydə alınan ölüm hadisələrinin 99 faizi Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ və ətraf rayonlardakı cəbhə xəttində baş verib.

Ən biabırçı hal odur ki,  Ermənistan ordusunda ölüm hadisələri və korrupsiya faktları bir çox hallada ictimaiyyətdən və mətbuatdan gizlədilir. Ola bilsin ki. bu faktlar daha çoxdur, lakin hakimiyyət gizlətməyə çalışıb. Məsələn, Ermənistanda fəaliyyət göstərən beynəlxalq qeyri-hökumət təşkilatı  Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor Qərargahı bu barədə dəfələrlə hesabat xarakterli məlumatlar hazırlayıb. Təşkilat iddia edir ki, 2018-ci ildə Ermənistan ordusunda ölüm, fərarilik və korrupsiya halları daha çox olub və hakimiyyət bu faktları gizlətməklə erməni ictimaiyyətinin qəzəbindən qorunmaq istəyib.

Daha bir faktı da diqqətə çatdırmaq lazımdır ki, 2018-ci ildə Ermənistanda əsgər anaları bu ölüm faktlarına görə bir neçə dəfə etiraz yürüşləri keçirməklə övladlarının Azərbaycan torpaqlarında  hərbi xidmət etmələrinə və onların orada ölmələrinə kəskin etiraz etmişdilər. Həmin əsgər analarını isə erməni polisi döymüş və təhqir etmişdi.

Elçin Zaman, “İki sahil”