05 avqust 2019 17:27
1292

Sənin ilə hər görüş könül ziyarətidi

Ön xətdən reportaj

Yay səhəri dan yerinə qızartı düşər-düşməz bu duyğusal müraciətim Azərbaycan əsgərinədi.

Yenə uğur üstə düşünürəm ki, ön xətdə bir könüllük yol gedəcəm. Gedəcəyim yol mənzilə çatana qədər ötüşən saatların, dəqiqələrin ömrüdü. Ömür alası dəqiqələrdən, saatlardan keçib ömür olacaq saatlara  uğur üstəyəm, Azərbaycan əsgəri. Sənin ilə hər görüşü könül ziyarəti bilirik  deyə dan yerinə qızartı düşəndən bəri saatların ləng ötüşməsindən gileyliyik...

***

Səngərlərə çatar-çatmaz xatırlayıram ki, şeirsevərlərin SÖZün sultanı, SÖZ sultanı adlandırdığı Yunus Əmrəmiz könül ziyarətini müqəddəslik bildirdi.

Azərbaycanın milli qəhrəmanı Yusif Mirzəyev deyirdi ki, yazdıqların əsgərlərin düşüncələrini tərpədirsə, duyğularını titrədirsə onların könlünü ziyarət edibsən. “Jurnalistin vəzifə borclarını dolğunluğuyla yerinə yetirməsi könül ziyarətidi, eləmi?” – soruşmuşdum. Yusif mənə də könül xoşluğu verən bənzərsiz təbəssümüylə, “Bəli, elədi...”, - demişdi. Uğur üstə bunları düşünürəm...

Saatların ləng ötüşməsindən gileyliyəm...

Səhərin alatoranında həlim yel əsir.

Dan yeri söküləndən bəri könlümdə başaçılmaz bir qəribəlik hiss edirəm. Bu yozumsuz qəribəlik kürlük edən istəyimlə qoşalaşıb deyə ruhum gileyli-gileyli çırpınmaqdadı. Səngərlərə yaxınlaşdıqca insafsız çırpınma da azalır, istəyimin kürlüyü də yumuşalır, könlümü bürüyən qəribəlik də sovuşur. Bu, əsgərlərimizin qələbə yolunun başlanğıcı bildiyimiz səngərin qüdrətidi. Səngərlərə bu qüdrəti Ali Baş Komandanın döyüş əmrini qələbə ilə tamamlamağa hazır olan əsgərlər verir.

Hələ ki, yayın istisini-bürküsünü çiyinlərindən atıb dağlara sarı tələsən həlim yel əsir...

Səngərə, səngərdəkilərin əhatəsində olmağa, düşüncələrimi düşüncələriylə qoşalaşdırmağa tələsirəm...  Zabit Seymur Abiyevlə ilkin söhbətimizdən öyrənirəm ki, hərbi hissənin əsgərləri yüksək döyüş əzminə, qələbə ruhuna malikdirlər...

Səngərdəyəm. Əl əli isidib, qanı qan çəkib...

Söz sözün söykəncidi...

2016-cı ilin aprel döyüşlərindən danışırıq, qazanılmış qələbələrdən, qazanılacaq qələbələrdən danışırıq, işğaldan azad ediləcək kəndlərimizin Cocuq Mərcanlı kimi yenidən qurulacağından, quruculuq işlərində tərxis olunmuş əsgərlərin də iştirak edəcəyindən,... danışırıq. Sözarası deyirəm ki,  Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyev əsgərlərlə səngərlərdə görüşməyi könül ziyarəti adlandırdı. Zabit Feruz Abbasov məmnunluqla gülümsünür:

Tam məsuliyyətlə deyirəm ki, yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik olan əsgərlərimiz belə ehtirama layiqdirlər. Belə ehtiram onlara ana südü kimi halaldı. Əsgərlərimiz digər qəhrəmanlarımız kimi Yusif Mirzəyevin də haqqında kifayət qədər əhatəli məlumata malikdirlər. Qəhrəmanların dediklərini onların da düşüncələrinə hopduğuna, hopacağına əminəm. Ona da əminəm ki, belə görüşlər – siz buna könül ziyarəti dediniz -  ordu haqqında informasiya verməklə məhdudlaşmır, həm də ictimaiyyətin orduya inamına, ordunun ictimaiyyətin dəstəyinə güvəncinə əhəmiyyətli təsir göstərir.

 Zabitin dedikləri fikrimizə qüvvət kimi səslənir. Bunu əsgərlər də belə dinləyir, biz də belə dinləyirik. Səngərlərdə Vətəndən, xalqdan, dövlətdən, dövlətçilikdən, qələbələrdən, Böyük Qələbədən danışanda əsgərlərin işıqlı düşüncələriylə düşüncələrimiz arasında həsəd aparılası bir yaxınlıq, hərdən də eynilik görürük. Onda könlümüz açılır. Onda səngərlərə gəlişi arzuladığımız könül ziyarəti bilirik...

Səngərlərə ötən ay səngərdə əsgərlərdən eşitdiyim incə bir gileydən qurtarmaq istəyiylə tələsirdim. Səməndər məndən özünə həsr olunmuş sevgi şeiri istəmişdi. Yazmışdım, göndərmək istəməmişdim. Özüm aparmışdım. O şeiri Səməndərdən, bir də Səməndərin könül sultanından başqa heç kim oxuya bilməyəcək; şeiri oxuyan kimi Səməndərin baxışlarını təbəssüm bürüdüyünü görmüşdüm, gözlərimdən könlümə köçürmüşdüm.

Səməndər oxuduqdan sonra şeiri  sol cibinə qoymuşdu – ürəyinin başına; könül ziyarəti nə gözəl olurmuş, ilahi nə gözəl olurmuş!

1993-cü ilin dekabr ayının sonlarında Tərtərdə ezamiyyətdəydim. İlin son gecəsini ön xətdə, düşmənlə “üz-üzə, göz-gözə” dayanmış əsgərlərimizlə nəfəs-nəfəsə olmaq, əsgərlərimizin əhatəsində ilin son gecəsinin “üzünü astarına çevirmək” istəyirdim. Batalyonun zabitləri Pənahla Fəqan istəyimi gerçəkləşdirmişdi. Gecənin qaranlığını yara-yara səngərə çatmışdıq. Rəsmi hərbi rituallar yerinə yetirilmişdi.

Bizi məhz bu gecə, məhz gecənin bu vaxtı görüncə əsgərlərimizmi çox sevindi, məhz bu gecə, məhz gecənin bu vaxtı əsgərlərimizi görüncə bizmi – yəqin ki o məqamlardan bunu heç cür ayırd etmək mümkün olmazdı. Şirin salam-əleykimin işığı bilindaj kimi uyğunlaşdırılmış balaca tikilinin çırağının işığına qarışmışdı; Ayın-ulduzların işığıyla bəhs eləyən işıq gözlərimizə bəs eləyirdi...

Gecənin bu vaxtı təzə ilə dəqiqələr qalan məqamlarda bu gəlişimiz əsgərlərimizin də, bizim də ürəyimizi dağa döndərdi, sevincinin kükrəyişi sevincimizin kükrəyişinə qarışan zabit belə demişdi:

Bilindajın açıq qapısından göy üzünə baxmışdıq, Vətənə, vətənsevərlərə sevgi, qələbəyə təşnəlik, bir gecənin qaranlığını əridən işığı əbədiyyətə aparası yola yetirmək həvəsi bizi bilindajdan eşiyə çıxarmışdı. Qaranlığın o tərəfinə baxmışdıq. Görməsək də duymuşduq ki, oralarda qara niyyət qımıldanır, hərdən itir, hərdən görünür, hərdən dizin-dizin sürünür, sürünə-sürünə erməniliyə bürünür. Onda Pənah əsgərlərimizin döyüş əzmindən söz açmışdı, qələbə ruhundan danışmışdı. “Vəzir hər birimizə Tərtəri müdafiə etmə simvoluydu, indi də belədi - demişdi. Bu ifadə gecənin gecə vaxtı, üzü dan yerinə əsgərlərin döyüş əzmini, qələbə ruhunu coşdurmuşdu. “Tərtərin sərhədlərində torpağın hər qarışı yaralıdı. Vəzirin, Vəzirin davamçılarının xeyir-duası sağaldacaq torpağın yaralarını. Ruhumuz o xeyir-duanı torpaqlarımız işğaldan azad ediləndə eşidəcək...” – Pənahın səsində bir əlçim qəhər də vardı, inam da, əminlik də. O gecə ən gözəl gecələrdən idi - əsgərlərin əhatəsində açmışdıq səhəri. Səhər mehi üz-gözümüzə əsgərlərin əhatəsində sığal çəkmişdi. O gecə dan yeri söküləndə əsgərlərin əhatəsində xəyalən – bu xəyalın gerçəkləşməsini arzulamaqla Qələbənin rəngini də görmüşdük...

Bunları əsgərlərə Məlik Çovdarova, kamil Süleymanova, Səfər Mürvətova, Orxan Kosayeva təkcə xatirə kimi deyil, həm də ötənlərin Vətənpərvərlik dərsi kimi danışıram. Əsgərlərin baxışlarında çırpınan istəyin bircə yozumu var: döyüş əzmidi bu istək, qələbə ruhudu, bir də Vəzirlərin ruhunun xeyir-duasını eşitməkdi.

Zabit Feruz Abbasov əsgərlərin düşüncələrini bürüyən istəyi duyur və onu  ümumiləşdirir:

Hamısı Ali Baş Komandanın əmriylə döyüşmək Böyük Qələbənin əsgərlərinin sırasında olmaq istəyiylə xidmət edir.

Əsgər Rövşən Kiçikov deyir ki, burda bu səngərlər də müvəqqətidi, biz də müvəqqətiyik. Döyüşəcəyik, torpaqlarımızı işğaldan azad edəcəyik. Bizdən sonra əsgərlərimiz dövlət sərhədlərimizdə xidmət edəcək, Vətəni sərhədlərimizdə qoruyacaq, sərhədlərimizdən bu yana bir də yad nəfəsi dəyməyəcək...

Əsgərin timsalında digər əsgərlərin də düşüncələri ürəyimizi dağa döndərir.

Əsgər Rövşən Kiçikovun dedikləri zabit Feruz Abbasovu duyğulandırır, əsgərə təşəkkürünü bildirir:

Kiçikovun dediklərini kursant olanda zabitlərimizdən, müəllimlərimizdən mən də eşitmişdim. O illər yadıma düşdü. Hərbi təhsil alanda Azərbaycan Ali Hərbi Məktəbinin zabitləri, müəllimləri kursantların hazırlığında bilik və bacarığını əsirgəmədi. Gənc zabitlər də xidmət etdikləri hərbi hissədə biliklərini eyni məsuliyyətlə əsgərlərə aşılayır. 2016-cı ilin aprel döyüşlərini xatırlayaq. Azərbaycan əsgərinin müxtəlif təyinatlı döyüş maşınlarını, qurğularını məharətlə idarə etməsi, onun hərbi biliklərini mükəmməl mənimsədiyini təsdiqlədi. Həmin qələbənin əldə edilməsində döyüşlərdə iştirak etməyən zabitlərə də təşəkkürümü bildirirəm bütün zabitlər adından, bütün zabitlərə təşəkkür edirəm. Böyük Qələbədən sonra bu təşəkkürü xalq deyəcək,  ümumən Azərbaycan ordusuna deyəcək. Bu təşəkkür ordunun sərkərdəsinə, bütün zabitlərinə, bütün əsgərlərinə ünvanlanacaq.... Zabit Mustafa Qurbanov qürurla xatırladılan, qürurla xatırlanan, qürurla yaşanılan anları qürurla yekunlaşdırır:

Biz fəxr edirik ki, Azərbaycan ordusunun zabitiyik, əsgərlərimiz fəxr edir ki, Azərbaycan ordusunun əsgəridi. Ordumuzun şəxsi heyəti qüdrətli bir orduya malik olan Azərbaycanımızla fəxr edir...

... Sizinlə bu görüşü də könül ziyarəti bildim, Azərbaycan əsgəri.

Ağdərə döyüşlərində Yusif Mirzəyev mənə demişdi ki, yazdıqların əsgərlərin düşüncələrini tərpədirsə, düşüncələrini titrədirsə, onların könlünü ziyarət edibsən...

Sənin könlünü ziyarətə gəlmişdim, Azərbaycan əsgəri! Görəsən könlünü ziyarət edə bildimmi? – ürəyim hər kəlmənin üstündə titrəməkdədi...

Rəşid Faxralı