Azərbaycan dövlətçiliyi həmişə mübarizələrlə qorunub, mübarizələrlə bərpa edilib. Xalqın ruhu mübariz ruh kimi tarixin axarını həmişə dəyişə bilib. 1918-ci ilin mayında da dəyişdi, Şərqdə ilk demokratik Cümhuriyyət yarandı, Azərbaycan tarixə “Mən varam!” dedi...
1918-ci ilə kimi “müsəlman korpusu” kimi tanınan ordu birləşməsi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 26 iyun 1918-ci il tarixli qərarı ilə “Əlahiddə Azərbaycan Korpusu” adlandırıldı. Bu addəyişmə həm də mahiyyətin dəyişməsi idi və neçə onillər sonra yeni bir tarixin yaranmasında bu addəyişməyə istinad edildi: Əlahiddə Azərbaycan Korpusunun yaranması amilinə əsaslanıldı. Ulu öndər Heydər Əliyev “Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü haqqında” 22 may 1998-ci il tarixli Fərman imzaladı və 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranması günü kimi tarixləşdi. Ulu Öndər deyirdi: “Biz 26 iyun gününü bayram elan etmişik. Bu, tamam əsaslıdır, məqsədəuyğun, qanunauyğundur. Çünki 80 il bundan öncə məhz bu gün Azərbaycan Xalq Cümhuriyyətinin – ölkəmizin müstəqilliyini elan edən Xalq Cümhuriyyətinin, müstəqil Azərbaycanı qurub-yaradan, hələ Gəncədə fəaliyyət göstərən hökumətin ilk addımlarından biri Azərbaycanın Milli Ordusunun yaranması haqqında verdiyi qərar olmuşdur...”.
Müstəqil Azərbaycan Respublikasının ordusu 1918-ci ildə yaradılmağa başlamışdı.
1920-ci ilin aprelində rus imperiyası Azərbaycan Demokratik Cümhuriyyətini ilhaq etdi. Dövləti ilhaq etdi, lakin xalqın mübarizə əzmini, azadlıq, müstəqillik istəyini ilhaq etməyə qüdrəti çatmadı. 73 il çəkən mübarizə milli-xəlqi ruhun qələbəsi, Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə nəticələndi – Azərbaycan Republikası Azərbaycan Demokratik Respublikasının varisi kimi tarixə “Mən varam!” dedi. “Əbədiyyən var olacam!” dedi...
Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan aylar sonra hakimiyyətin səriştəsizliyi, siyasi ambisiyaların ciddiliyi, separatçılıq meyilləri, vətəndaş müharibəsi təhlükəsi Azərbaycanı dövlətçiliyin itirilməsi təhlükəsi ilə üzləşdirmişdi. Onda xalq böyük tarixi şəxsiyyət Heydər Əliyevi ciddi təkidlə hakimiyyətə dəvət etdi...
Ulu öndər Heydər Əliyevin dönməz siyasəti ilə vətəndaş qarşıdurması aradan qaldırıldı, separatşılıq və separatçılıq meyilləri ləğv edildi, ordu quruculuğuna yeni yanaşma onun nizami ordu kimi formalaşmasına zəmin yaratdı. Müstəqilliyin ilk illərində – 1991 – 1993-cü illərdə ordu quruculuğu elmi əsaslarla aparılmırdı, pərakəndəlik, səriştəsizlik, kadr hazırlığı kimi amillər ordunun nizami ordu kimi formalaşmasına imkan vermirdi. Digər tərəfdən, yaradılmış yerli özünü müdafiə batalyonları dövlətin maraqlarından daha çox fərdi mənafelərin müdafiəçisi idi. Yəni ordu funksiyasını yerinə yetirmək səviyyəsində qurulmamışdı. Ermənistanın Azərbaycana qarşı elan olunmamış ədalətsiz müharibəsinin getdiyi bir vaxtda belə ordu ölkənin ərazi bütövlüyünü, dövlətçiliyi müdafiə etməyə qadir deyildi. Bu vəziyyət isə müstəqilliyə silahlı təhdid idi. Ermənistan Azərbaycanda siyasi vəziyyətdən, siyasi vəziyyətə görə yaranmış hərbi vəziyyətdən istifadə edir, Qarabağın dağlıq hissəsində, eləcə də Ermənistanla sərhəd rayonlarda hərbi üstünlüyə yiyələnirdi ki, bu da torpaq itkisinə şərait yaradırdı.
Ulu Öndərin hakimiyyətə qayıdışı ilə digər sahələrdə olduğu kimi, ordu qurucluğunda da əsaslı islahatlar həyata keçirilməyə başladı. Yerli özünümüdafiə batalyonları buraxıldı, orduda vahid komandanlıq təmin edildi, müstəqil Azərbaycanda ordu quruculuğu hərbi, hərbi-elmi nəzəriyyələr əsasında davam etdirildi, xüsusi tədbirlər həyata keçirildi ki, bunlar da ordunun nizami ordu kimi formalaşdırılmasının başlanğlcı, ordu quruculuğunun yeni (və son dərəcədə gərəkli, zəruri!) mərhələsi oldu.
Görülən tədbirlər şəxsi heyətin döyüş hazırlığını yüksəldirdi. 1994-cü ilin yanvarında keşirilən Horadiz əməliyyatı ordunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığını da yüksəltdi. Bu əməliyyat nəticəsində 20 kənd, o cümlədən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ermənisizləşdirildi. Bu gərəkli qələbə əsgərlərin döyüş əzmini, qələbə ruhunu ordu quruculuğunun tələbləri səviyyəsində nizamladı, istər ordunun, istərsə də ictimaiyyətin torpaqlarımızın işğaldan azad ediləcəyinə inamını nizamına düzənlədi... Həmin dövrdə Azərbaaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əliyevin ön xətdə, səngərlərdə əsgər və zabitlərə məsləhətləri, tövsiyələri də mənəvi-psixoloji hazırlığın səviyyəsini nəzərəçarpacaq dərəcədə yüksəltdi. Tarix elmləri doktoru Mehman Süleymanovun təəbirincə desək, orduya siyasi qüvvələrin nüfuz etməsinin qarşısı birdəfəlik alındı, onun formalaşması, təşkilatlanması və təchizatı qəbul edilmiş qanunlarla normalaşdırıldı. Ulu öndər Heydər Əliyev orduda vahid komandanlığın praktiki əsaslarını yaratdı, idarəetmə strukturlarına məsuliyyəti ciddiləşdirdi, ordu quruculuğunu dövlət quruculuğunun digər sahələri ilə üzvü şəkildə əlaqələndirdi. Ordu dövlətin və şəxsən Heydər Əliyevin dönməz qayğısı ilə əhatə olundu, ordunun ehtiyacları vaxtlı-vaxtında aradan qaldırıldı...
O illərdə ordu-ictimaiyyət münasibətləri də yeni formatda, mənəvi dəyərlər əsasında formalaşmağa başlamışdı. Ulu Öndər deyirdi: “Xalq ordunu daim sevməli, ona kömək etməlidir. Əgər xalq azad, sərbəst yaşamaq istəyirsə, ölkəsini, torpaqlarının toxunulmazlığını arzu edirsə, gərək hər şeydən öncə orduya qayğı göstərsin. Ordunun hörmətini qaldırmaq lazımdır. Hərbi peşə Azərbaycanda ən hörmətli peşələrdən biri olmalıdır. Hər bir vətəndaş Azərbaycan əsgərinə, zabitinə hörmət, ehtiram və qayğı göstərməlidir. Hər bir Azərbaycan vətəndaşı, hər bir gənc orduda xidmət etməyi özünün şərəfli borcu hesab etməlidir". Bu kəlamlar ordu quruculuğu prosesinin ideoloji-xəlqi mahiyyətini tənzimləyirdi.
Silahlı Qüvvələrin Hərbi Akademiyası yardıldı (20 fevral 1999-cu il), ordumuzu zabit kadrları ilə komplektləşdirən ali hərbi məktəblərin statusu artırıldı (20 avqust 2001-ci il), Silahlı Qüvvələrə yardım fondu yaradıldı (17 avqust 2002-ci il), Silahlı Qüvvələrin maddi-texniki təchizatı yaxşılaşdırıldı, ordunun silahlanmasına müasir silah və hərbi texnikalar daxil edildi, hərbçilərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində konkret tədbirlər görüldü. Bunlar da özlüyündə ordu quruculuğunun dövlət üçün prioritet olmasının təzahürü idi. Zamanında imzalanmlış fərmanların həyatiliyinin, tarixiliyinin nəticəsidir ki, hazırda Azərbaycanın hərbi təhsil sistemi kifayət qədər güclü maddi-texniki bazaya malikdir, onların hər biri fəaliyyətlərini yerinə yetirdiyi hərbi vəzifələrə müvafiq olaraq yeni tədris metodları ilə davam etdirirlər...
Azərbaycan Ordusunun nizami ordu kimi formalaşması dünyanın aparıcı dövlətlərinin də, NATO-nun da diqqətini çəkdi. Bununla da Azərbaycan Ordusunun NATO-ya inteqrasiya prosesi başladı. Azərbaycan ordu hissələri koalisiya qüvvələrinin tərkibində sülhməramlı missiyalarını Kosovada, İraqda, Əfqanıstanda uğurla yerinə yetirib, indi də yerinə yetirməkdədir. Bu xidməti NATO komandanlığı da yüksək dəyərləndirib.
Respublikamızda müdafiə sənayesinin təkmilləşdirilməsi və ordumuzun müasir silahlarla təmin olunması zərurəti 2005-ci ildə Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konvensiya Komitəsinin ləğv edilməsi, onun bazasında Müdafiə Sənayesi Nazirliyinin yaradılması ilə nəticələndi. Qısa müddətdə Müdafiə Sənayesi Nazirliyində digər təxirəsalınmaz məsələlərlə bir sırada zəruri sayılan xarici iqtisadi əlaqələr bərpa edildi, yeni əlaqələr üçün müvafiq işlər aparıldı. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatların və xalq təsərrüfatının maşınqayırma, cihazqayırma, elektrotexnika, rabitə sahələrində istifadə olunan avadanlıq və ehtiyat hissələrinin istehsalını təmin etmək üçün nazirliyin müəssisələrində yeni istehsal sahələri yaradıldı.
Son illərdə müxtəlif miqyaslı müxtəlif təyinatlı təlimlər, bu sıradan komanda-qərargah təlimləri ordunun döyüş hazırlığını, müəyyən tədbirlər, yeni hərbi hissələrin inşası, yenidən qurulması, şəxsi heyətin sozial-məişət şəraitinin yaxşılaşdırılması və s. mənəvi-psixoloji hazırlığını yüksəldir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qürurla dediyi “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır” kəlamı hərbçilərin mənəvi-psixoloji hazırlığında əlavə stimul olmuşdur. 2018-ci ildə Azərbaycan Ordusunun yaradılmasının və Bakının azad edilməsinin 100 illiyinə həsr olunmuş paradlar Azərbaycan Ordusunun qadirliyinin paradı kimi izlənildi...
Dünyanın ən güclü 50 ordusu sırasında olan Azərbaycan Ordusu nizami və güclü bir ordu kimi bütün parametrlər üzrə daha dinamik inkişaf mərhələsindədir. Ordunun müdafiə qüdrətinin, döyüş, mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, maddi-texniki təchizatının yaxşılaşdırlması, hərbi qulluqçuların sosial müdafiəsi dövlət üçün prioritetdir...
Azərbaycan Ordusunun şəxsi heyətinin ən güclü silahlarından biri də vətənpərvərlikdir.
Azərbaycan Ordusunun şəxsi heyəti Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin döyüş əmrini qələbə ilə tamamlamağa, torpaqlarımızı işğaldan azad etməyə qadirdir...
Azərbaycan Ordusu tarixin bağrından qopan ordudur...
Rəşid Faxralı