Azərbaycanın Silahlı Qüvvələrinin dünyanın ən güclü 50 ordusu sırasında yer alması, NATO qoşunları tərkibində müxtəlif ölkələrdə sülhyaratma missiyasında, sərlövhədə adları çəkilən hərbi-texniki təlimlərdə iştirakı ölkəmizin müdafiə qüdrətinin beynəlxalq səviyyədə təsdiqidir
Milli Ordumuzun qəhrəmanlıq salnaməsinə şərəf səhifəsi kimi yazılan, 2016-ilin Aprel zəfəri, 2020- ci ilin 12-16 iyul döyüşləri Azərbaycanın hərb tarixinə qələbəyə aparan yol kimi yazıldı. Son günlərdə Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqındakı Sazişə əsasən, illik plana uyğun respublikamızda hər iki ölkənin quru qoşunları və hərbi-hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki uçuş təlimlərinin keçirilməsi də müdafiə qüdrətimizin beynəlxalq standartlara uyğunluğudur. Naxçıvandan başlayaraq Bakı, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində də davam etdirilən hərbi təlimlərdə iştirak edən əsgər və zabitlərimiz göstərdilər ki, Azərbaycan Silahlı Qüvvələri həqiqətən dünyanın ən güclü ordularındandır.
Təlim- məşq günlərində Azərbaycanda səfərdə olan Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edən Prezident İlham Əliyev ənənəvi olaraq keçirilən hərbi təlimləri iki qardaş dövlət arasındakı birliyin, sarsılmaz dostluğun ifadəsi adlandıraraq vurğuladı ki, xalqlar arasındakı qardaşlığın gücləndirilməsində bu cür təlimlərin çox böyük əhəmiyyəti və faydası var: « Bu, bir ənənədir. Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlimlər keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adi haldır. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür.
Bizim bütün sahələrdə olduğu kimi, hərbi və hərbi-texniki sahədə də işbirliyimiz, əməkdaşlığımız sürətlə inkişaf edir.» Bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələrin olmadığını diqqətə çatdıran Prezident, Ali Baş Komandan İlham Əliyevin bildirdiyi kimi, səmimi münasibətlər tarixi və etnik köklərə bağlılıqdan qaynaqlanır
Görüşdə vurğulandı ki, Türkiyə ilə Azərbaycan hərbçiləri arasında ənənəvi olaraq keçirilən «TurAz», «Sarsılmaz Qardaşlıq» adlı hərbi təlimlər gələcəkdə də davam etdiriləcək. Milli Ordumuzun tankçıları hazırda ənənəvi olaraq Moskvada keçirilən “Beynəlxalq Ordu Oyunları” müsabiqəsində iştirak edirlər.
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın «Həqiqətən biz bir millət, iki dövlətik və bunu ən kiçik fərdə qədər hər kəs bilir. Xüsusilə, Türkiyədə 83 milyonluq xalqımızın nəbzi Azərbaycan ilə döyünür.
Tovuzdakı son hücumu ilk gündən etibarən cənab Prezidentimiz başda olmaqla bütün 83 milyonluq xalqımız nifrətlə qınayır. Bu təxribatların böyük hücum və beynəlxalq hüquqa zidd olduğunu, Xocalı qətliamından, Dağlıq Qarabağın işğalından etibarən cinayətkar hərəkətlərin davamı olduğunu görürük. Buna qarşı bizim mövqeyimizi bilirsiniz. Azərbaycan bizim qardaşımızdır, bir ananın iki ayrı övladıyıq. Burada biz özümüzü həqiqətən Vətənimizdə hiss edirik» sözlərində illərdən bəri möhkəmlənən münasibətlərin sarsılmazlığı əksini tapır.
Hər iki qardaş arasında illərdən bəri davam edən hərbi təhsil, müdafiə sənayesi sahəsindəki nailiyyətlər strateji əməkdaşlığın məntiqi nəticəsidir. Davamlı proses olan hərbi təlimlər isə nəzəriyyənin əmələ çevrildiyi laboratoriyadır.
«Buradakı dostlarımıza da dedik, Azərbaycan tək deyil. Bunu hər kəs bilsin. Biz bərabərik, birik, bir millətik. Biz sülhün, sabitliyin tərəfdarıyıq. Təkcə ölkələrimizin təhlükəsizliyi, əmin-amanlığı mənasında deyil, bütün Qafqazın, bütün bölgənin sülh və əmin-amanlıq içərisində olmasının tərəfdarıyıq. Digər tərəfdən, haqqımızın, hüququmuzun, mənafelərimizin də tapdalanmasına imkan verməyəcəyimizi, bunların qorunması üçün lazım olan nə varsa edəcəyimizi hamının bilməsini istəyirik» sözləri ilə Türkiyənin Azərbaycanın ərazi bütövlüyünü bütün səviyyələrdə dəstəklədiyini diqqətə çatdıran Hülüsi Akar Dağlıq Qarabağ münaqişəsinin həllində hər cür dəstək göstərəcəklərini də bildirdi.
Azərbaycanın müdafiə qüdrətini, Milli Ordumuzun gücünü təsdiqləyən amillər təkcə bu sözlərlə məhdudlaşmır.
MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Ermənistanla təmas xəttində üstünlüyü əldə edən və düşmənə sarsıdıcı zərbələr vuran Azərbaycan Ordusunun təminatını daha da gücləndirmək məqsədilə yaradılan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində silah, sursat və hərbi vasitələrin istehsalının artırılması və keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər davam etdirilir.
Hərbi məhsullarımızın ixracı, Azərbaycanın dünyanın aparıcı beynəlxalq hərbi sərgilərində öz məhsullarını nümayiş etdirməsi ölkəmizin hərbi potensialının göstəricisidir. 2014 və 2016-cı illərdə Bakıda «ADEX» Beynəlxalq müdafiə sərgilərinin təşkili Azərbaycanda ordu quruculuğuna yüksək səviyyədə göstərilən maraq və diqqətin ifadəsi idi. Lələtəpədə bayrağımızın dalğalanması, məcburi köçkünlərin Cocuq-Mərcanlıya qayıtması, Günnüt əməliyyatının uğurla başa çatması sayəsində Gorus-Laçın-Xankəndi yoluna Azərbaycan əsgərinin nəzarət etməsi döyüşlərdə xeyli itki verən, silah- sursat itirən işğalçını çökdürdü. «Qarabağ Ermənistandır nöqtə» xəyalı ilə yaşayan Ermənistanın baş naziri Nikol Paşinyanın sərsəmləməsinə Tovuz hadisələri son nöqtə oldu.
«Nəinki Dağlıq Qarabağ bizimdir, hətta bugünkü Ermənistan tarixi Azərbaycan torpaqları üzərində qurulubdur. Biz hamımız bunu yaxşı bilirik. Dünya da bunu artıq bilir. İrəvan xanlığı, Göyçə, Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır və biz azərbaycanlılar o torpaqlara da qayıtmalıyıq və qayıdacağıq» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi «kim güclüdür, o da haqlıdır” prinsipi» ilə idarə olunan dünyamızda güc amili əsas prinsipdir. Azərbaycanın güclü iqtisadiyyatı, sabitliyi, maliyyə baxımından başqa ölkələrdən asılı olmaması da göstərir ki, havadarlarından, Soros dayısından hər cür dəstək alan Ermənistan da daxil, heç bir kənar qüvvə qüdrətli Azərbaycana öz iradəsini diktə edə bilməz.
ABŞ və Avropanın bir neçə dövlətini birləşdirən NATO-nun Lissabon, Brüssel, Çikaqo, Uels Vaşinqton zirvə görüşlərində, nüvə təhlükəsizliyi məsələsinə həsr olunmuş Koreya, Çikaqo sammitlərində, Münxen Təhlükəsizlik Konfransında Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar məsələnin müzakirələrində ölkəmizə göstərilən dəstək, bəyanatların qəbulu, həmin sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün tanınması dünya birliyində etibarlı tərəfdaş kimi maraq göstərilən respublikamıza etimaddan irəli gəlir. NATO PA-nın «Cənubi Qafqaz: Çağırışlar və imkanlar» mövzusunda 86-cı Rouz-Rout seminarının Bakıda keçirilməsi də ölkəmizə önəmli tərəfdaş kimi verilən xüsusi dəyər idi.
Ermənistandan fərqli olaraq Azərbaycan dünya siyasətində nüfuzu, təşəbbüsləri ilə sayılıb- seçilən sabit ölkə olmasına daha bir nümunə. Dünyanın diqqətlə izlədiyi və beynəlxalq aləmdə müzakirə mövzusuna çevrildiyi ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin təmsilçiləri ilə Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun görüşünün Bakıda keçirilməsi ölkəmizə etimaddan qaynaqlanır.
Tovuz təxribatı zamanı döyüşlərdə öz gücünü , qüdrətini, işğalçı üzərində üstünlüyünü qüdrətli, nizami ordusu ilə bildirən Azərbaycana beynəlxalq səviyyədə göstərilən dəstək Ermənistanı təşvişə salır. Qoşulmama Hərəkatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı birmənalı şəkildə ölkəmizlə həmrəyliklərini rəsmi olaraq bildirdilər. Tovuzda törətdiyi təxribatda məğlub olan Ermənistanın dəstək üçün üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına yalvarmağının da nəticəsi olmadı. Təşkilata daxil olan 6 dövlətdən 4-ü açıqlamaları ilə Azərbaycana haqq qazandırdılar.
Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, düşünülmüş diplomatik addımları nəticəsində uğurla başa çatan, ermənilərin nöbəti məğlubiyyəti olan «Tovuz hadisəsi» eyni zamanda diplomatiya və siyasətdən xəbərsiz Ermənistanın baş nazirinin Azərbaycan qarşısında qoyduğu məntiqsiz «7 şərt»in də iflası oldu. «Mən yeddi şərtin qarşısında bir şərt qoyuram, bir şərt- erməni silahlı qüvvələri işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır» söyləyən Prezident İlham Əliyevin « Son dörd il ərzində üç əməliyyat keçirilmişdir, üç toqquşma olmuşdur. Üçündə də qalib gəldik. Üçündə də bayrağımızı istədiymiz yerə sancdıq. Üçündə də düşmənə sarsıdıcı zərbələr endirdik» sözləri qələbə müjdəsi olmaqla, Aprel və Tovuz döyüşlərində canlarından keçmiş şəhidlərimizin şücaətinə verilən qiymət, ruhlarına əbədi hörmətdir.
Xuraman İsmayılqızı, «İki sahil»