«Prezident İlham Əliyevin bütün istiqamətlərdə həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, qayğıları, rifahı dayanır. Məhz buna görə də, hər zaman Azərbaycan dövləti bir çox iqtisadi və maliyyə risklərini gözə alaraq vətəndaşların sağlamlığının qorunmasını önə çəkir. Nazirlər Kabineti yanında Operativ Qərargahın fəaliyyətə başlaması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, karantin rejiminin tətbiqi məhz bu məqsədə xidmət edir.»
Bu fikirləri «İki sahil» qəzetinə açıqlamasında Azərbaycan Respublikası Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Qeyd edib ki, qısa zamanda səhiyyə sisteminin effektiv fəaliyyətini təmin edən addımlar atıldı, modul tipli xəstəxanalar quruldu. Yeni laboratoriyalar formalaşdırıldı. Dünyanın müxtəlif ölkələrində bu istiqamətdə ciddi araşdırlmalar aparılır. Peyvəndin tapılmasına qədər virusun yayılmasının qarşısının alınmasının hələlik ən effektiv yolu insanların kütləvi şəkildə toplaşmasının məhdudlaşdırılması, fiziki məsafənin saxlanılması və tibbi qoruyucu vasitələrdən istifadədir. Karantin rejiminin müddətinin uzadılması da insanların sağlamlığının maksimum dərəcədə qorunmasına hesablanıb. Ölkəmizə gələn xarici mütəxəssislərin əsas qeydlərindən biri ondan ibarət idi ki, Azərbaycandakı xəstəxanalar Ümumdünya Səhiyyə Təşkilatının müalicə protokollarında təsdiq olunmuş qaydalara uyğundur. Xəstəxanalar bütün dərman preparatları ilə təchiz olunub. Təminatın yüksək olması, müalicə protokollarına dəqiqliklə əməl olunması Azərbaycanda COVID-19-dan ölüm sayının az olmasının əsas səbəblərindən biridir. Müvafiq avadanlıqların, süni tənəffüs aparatlarının düzgün tətbiqi də burada mühüm rol oynayıb. Bütün bunlar həm də bizim həkimlərimizin yüksək peşəkarlığından xəbər verir. Pandemiya hələ ki, bitməyib və onun bitəcəyi tarixi də indiki halda dəqiq proqnozlaşdırmaq mümkün deyil. Ona görə də, hər birimiz bu məsələdə maksimum dərəcədə məsuliyyətli olmalıyıq. Əminəm ki, məhz dövlət-xalq birliyi, Azərbaycanda mövcud olan həmrəylik bizim koronavirusa qalib gəlməyimiz üçün kifayət qədər ciddi imkanlar yaradır.
Azərbaycanın diplomatik müstəvidə əldə etdiyi uğurlardan bəhs edən S.Xəlilov diqqətə çatdırıb ki, xaricdə yaşayan həmvətənlərimizin Ermənistanın təcavüzkar siyasətinin ifşa edilməsi ilə bağlı fəallıq nümayiş etdirmələri işğalçı ölkənin siyasi dairələrini və anti-Azərbaycan qüvvələri narahat edir. Azərbaycanın diplomatik müstəvidə həmlələri gücləndikcə, xaricdə yaşayan həmvətənlərimiz öz tarixi Vətənlərinin haqq səsini dünyaya çatdırmaq üçün səfərbər olduqca, ölkəmizə qarşı böhtan və qarayaxma kampaniyaları da daha intensiv, daha aqressiv şəkil alır. Azərbaycanın son vaxtlar əldə etdiyi beynəlxalq uğurlar Ermənistanı getdikcə daha çox narahat edir və onları, eləcə də digər xarici ermənipərəst qüvvələri daha aqressiv vəziyyətə gətirib çıxarır. Ermənistan və ermənipərəst qüvvələr təkcə Azərbaycana qarşı deyil, geniş anlamda bölgə üçün təhlükədir. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, son vaxtlar bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş açıqlamalar, qəbul edilmiş qərarlar, ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi, əlbəttə ki, Ermənistanın münaqişə ilə bağlı mövqelərinə çox ciddi zərbə vurub. Ölkəmizin qazandığı diplomatik uğurları, dövlətimizin başçısının irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi işğalçı Ermənistanı əlbəttə ki, narahat edir. Real vəziyyət ondan ibarətdir ki, bu gün Azərbaycan Silahlı Qüvvələri ən müasir hava hücumundan müdafiə sistemləri ilə təchiz olunmuşdur. Bu hərbi texnikamız Azərbaycanın səması üzərində uçan quşları da müəyyən etmək imkanına malikdir. Son günlər ermənilərin gizli kəşfiyyat məqsədilə torpaqlarımızın üzərində məhv etdiyimiz PUA-lar da buna sübutdur. Həm də Azərbaycan Silahlı Qüvvələri hədəfi dəqiq vura bilən raketlərlə təchiz olunmuşdur və düşmənin bir təxribatına 10 qat cavab vermək imkanına malikdir. Burada bir maraqlı məqam da var ki, münaqişəni danışıqlar yolu ilə həll edilməsi məqsədilə yaradılmış ATƏT-in Minsk Qrupu səsini çıxartmır. Bu qrupun həmsədrləri təmas xəttində toqquşmalar olanda və Azərbaycan ordusu torpaqlarını azad etməyə başlayanda səsini çıxardırlar. Qalan vaxtı arada bir bölgəyə səfər edir, turistlər kimi yeyib-içib çıxıb gedirlər. Amma, işğalçı tərəfə hər hansı konkret bir təzyiq mexanizmindən istifadə etdiyini görməmişik. Bu, ikili standartların göstəricisidir.
C.Xəlilov vurğulayıb ki, ordunun kadr potensialının artırılması, şəxsi heyətin bilik və bacarığının, döyüş ruhunun yüksəldilməsi, hərbçilərin sosial problemlərinin həlli dövlətin qarşıya qoyduğu prioritet məsələlərdəndir. Ümummilli lider Heydər Əliyev deyirdi: «Müharibə etmək, sadəcə, müxtəlif istiqamətlərdən atəş açmaq deyil. Bu, mükəmməl təcrübə, təkmil hazırlıq və yüksək döyüş ruhu tələb edir». Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olaraq, bu məsələnin də öhdəsindən layiqincə gəlib. Artıq Azərbaycan hərbçisinin qarşısında bir hədəf var, o da ərazilərimizin işğaldan azad edilməsidir. Ermənistan və ona havadarlıq edən qüvvələr Azərbaycan Ordusunun gücünü və qüdrətini artıq bilir. Düşmən bilir ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və işğal altındakı torpaqlarımızın bütövlükdə qaytarılacağı və Ermənistanın buna məcbur ediləcəyi gün yaxındadır.
Cəlil Xəlilov xüsusi olaraq qeyd edib ki, Azərbaycan-Türkiyə əlaqələrində hərbi əməkdaşlıq da mühüm yer tutur. Hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan avqustun 10-dək Azərbaycanda hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı təlimləri keçirilib. Bildiyiniz kimi, hər il Azərbaycan və Türkiyə silahlı qüvvələri birgə hərbi təlimlər keçirirlər. Ölkə başçısının da qeyd etdiyi kimi, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün təlimlərin çox böyük əhəmiyyəti və faydası var. İki ölkə arasında hərbi əməkdaşlıq baxımından perspektiv planlar da mövcuddur.
Şəmsiyyə Əliqızı,
Könül Əliyeva, «İki sahil»