Bu gün Azərbaycan dünyada həm müxtəlif sahələrdə nail olduğu uğurlarla, həm də müasir döyüş imkanlarına malik ordusu ilə tanınır. Qarşısında dayanan vəzifələri çevik, operativ və yüksək dəqiqliklə yerinə yetirmək imkanlarına malik olan ordumuzun ən modern standartlara cavab verən hərbi gücə çevrilməsi olduqca qürurvericidir.
Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılmasını uğurla təmin edib. Ümumiyyətlə, bu mərhələdə görülən tədbirlər nəticəsində Silahlı Qüvvələrimizin müasir döyüş standartlarına uyğun modernləşməsi baş verib.
Hərb tariximizə həkk olunan 2016-cı ilin Aprel hadisələri, cəbhə xəttində erməni hərbi birləşmələrinin təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri Silahlı Qüvvələrimizin gücünün praktik təsdiqi oldu. Aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını göstərdi. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verənlər isə aprel hadisələrinin təsadüfi olmadığını təsdiq etdi. Bu dəfə də Ermənistanın hərbi təxribatının qarşısını alan hərbçilərimiz yeni qəhrəmanlıq dastanı yazdılar.
Sentyabr ayının 27-də düşmənin növbəti dəfə qəfil və xain hücumunun qarşısını dərhal alaraq ona sarsıdıcı zərbə vuran, qaçmağa məcbur edən ordumuz Ermənistanı darmadağın etməyə qadir olduğunu Aprel və İyun döyüşlərindən sonra bir daha döyüş meydanında sübut edir.
Ordumuzun hər uğuru mühüm hərbi qələbə olmaqla yanaşı, beynəlxalq arenada bütün diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb edib. Hadisələr Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirir. Bu döyüşlər dövlətimizin və ordumuzun gücünü, xalqın birliyini, həmrəyliyini, vətənpərvərliyini, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun, ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha göstərir.
Bu gün Azərbaycanın tezliklə ərazi bütövlüyünü bərpa edəcəyi, üzləşdiyi təcavüzkarlığa birdəfəlik son qoyacağı gündür. Hər kəs görür ki, təcavüzkarı hər an acı məğlubiyyətə düçar etməyə hazır olan qüdrətli Azərbaycan Ordusu var. İnşallah ki, yaxın günlərdə bütöv qələbə sevincini yaşayacağıq. Yaşasın Azərbaycan ordusu! Yaşasın Azərbaycan dövləti!
Rövlan Heydərov
YAP Naftalan şəhər təşkilatının Aparat rəhbəri