05 oktyabr 2020 13:03
793

Ordumuza güvənirik!

Vətənə olan məhəbbət ölçü, miqyas tanımır. Azərbaycan ordusu dünyanın güclü ordusu sıralarındadır. Azərbaycan ordusu torpaqlarını işğaldan azad etməyə tam hazırdır. Ordu sıralarında olan vətənpərvər gənclərimizin döyüş ruhu, əzmi bizi sevindirir.

Bu gün biz ordu dedikdə cəmiyyətin böyük sevgiylə və fəxarətlə yanaşdığı, dəstək verdiyi güclü, qüdrətli bir qüvvə nəzərdə tuturuq.

Azərbaycan xalqı qəhrəman xalqdır. Bu xalq öz vətənini daima qorumağa hazır olan mətin gənclər yetişdirib.

Erməni təcavüzü  nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində azərbaycanlılara məxsus tarixi, mədəniyyət və arxeoloji abidələr dağıdılmış, təbii sərvətlər talan edilmişdir. Mən 27 il öncə oktyabr ayında Zəngilandan məcburi köçkün düşmüşəm.  Yadımda ancaq müharibənin törətdiyi fəsadlar qalıb. Ermənilərin rayonu atəşə tutduğu zaman necə zirzəmilərdə səhərə qədər gecələməyimiz uşaqlıq xatirələrimin acı səhifəsidir.

Həmin illərdə ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində Zəngilanda ikinci Xocalı faciəsinin qarşısı alındı.

Ordumuz , döyüşən oğullar  bu xalqın qəhrəmanlarıdır.  Azərbaycan ordusunda hərbi güc, peşəkarlıq və iradə vardır. Düşmən bu iradəni və qətiyyəti görür, təlaşa düşür.

2016-cı ildə Aprel döyüşləri böyük zəfərin başlanğıcı idi. Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Aprel döyüşlərinin ən böyük tarixi əhəmiyyəti bu qələbə sayəsində “Böyük Qayıdış” prosesinə başlanğıc verilməsi oldu.

İnanırıq ki, Qarabağımız - Şuşamız, Lazınımız, Zəngilanımız, bizi döyüşə səsləyən torpaqlarımız işğaldan azad olunacaq.

Torpaq dərdi sağalmır. Biz işğal edilmiş torpaqlarımızı azad etməliyik  Vətən eşqi ilə yaşamalıyıq. Vətən üçün döyüşə hazır olmalıyıq.

Bu gün  işğalçı ermənilər Azərbaycan toponimlərinin adını dəyişir. Hər bir toponimin adında biizm tariximiz, dil faktlarımız var. Coğrafi adlar  yerin yaddaşıdır. Məlumdur ki, hər bir toponimi insan yaradır. Coğrafi adlar müqəddəs tutulmalıdır. Bu adların biz yenidən bərpa edəcəyik.

Heydər Əliyevin ordu quruculuğu ilə bağlı siyasi dəst-xətti, ideyaları bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən çox böyük fədakarlıqla həyata keçirilir. Dövlət başçısı ordu quruculuğu və Silahlı Qüvvələrin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi istiqamətində çox gərgin, səmərəli və məqsədyönlü iş aparmaqdadır.

Azərbaycan Ordusu heç vaxt hansısa bir dövlətin ərazi bütövlüyünü pozmaq, ərazisini işğal etmək üçün hansısa bir dövlətə təzyiq etmir. 

Bugünkü  döyüşlər  Azərbaycan əsgərinin doğma torpaqlarını necə müdafiə etdiyini, Vətən uğrunda son damla qanınadək vuruşmağı bacardığını və düşməndən üstün olduğunu bütün dünyaya sübut edir.

İnanırıq ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında doğma torpaqlarımız işğaldan azad olacaq.

Qarabağ bizimdir. Qarabağ Azərbaycandır.

Azərbaycan Ordusunun şəxsi heyətinə cansaglığı, xidmətlərində uğurlar arzulayıram. Qələbə bizimlədir.

Təranə Şükürlü

Filolologiya üzrə fəlsəfə doktoru, dosent

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Mətbuat Xidmətinin rəhbəri