Azərbaycanın Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağ zonasında və ətraf 7 rayonda 1994-cü ildən etibarən atəşkəs rejiminin qüvvədə olmasına baxmayaraq, erməni təcavüzkarları mütəmadi olaraq cəbhə xəttində və sərhəd bölgələrində Azərbaycanın mülkü əhalisini və yaşayış məntəqələrini hədəfə alan təxribatlar törətməkdədir. Ermənistanın baş naziri ölkə əhalisinin diqqətini hökumətin uğursuz daxili və xarici siyasətinin nəticələrindən, dərinləşməkdə olan sosial-iqtisadi və siyasi böhrandan, pandemiya ilə uğursuz mübarizədən və digər problemlərdən yayındırmağa çalışır.
Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan xalqına müraciətində qeyd olunur ki, son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter almışdır. Hələ iyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində yenə də artilleriya atəşi nəticəsində hərbiçilərimiz və bir mülki şəxs həlak olmuşdur. İlk atəşi, o cümlədən artilleriya atəşini Ermənistan açmış və ilk həlak olanlar da məhz Azərbaycan hərbiçiləri olmuşdur. Azərbaycan düşmənə layiqli cavab və dərs verdi. Onu da qeyd edək ki, Azərbaycan tərəfi heç bir təxribata əl atmamışdır. Cənab Prezidentin dediyi kimi, Azərbaycan sadəcə olaraq öz torpaqlarını, maraqlarını müdafiə edir, öz mövqeyini dəstəkləyir və öz siyasətini ədalətlə aparır.
Azərbaycan Prezidentinin ədalətə, həqiqətə söykənərək dediyi kimi, “Biz heç kimin torpağına göz dikməmişik, Ermənistan ərazisində Azərbaycan Silahlı Qüvvələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik”.
İşğalçı Ermənistanın ardıcıl təxribatının əsas səbəblərini, niyyət və hiyləli hədəflərini göstərən Azərbaycan Prezidenti bunun status-kvonu dəyişməz saxlamağa, danışıqları pozmağa və Azərbaycanı ittiham etməyə hesablandığını söyləmişdi. Həmçinin cənab Prezident açıq xəbərdarlıq etmişdi ki, Ermənistan müharibəyə hazırlaşır: Ermənistan təmas xəttinə yeni hərbi qüvvələr, zirehli texnika toplayır. O, öz çirkin planlarından əl çəkməsə, bunun onun üçün çox ağır nəticələri olacaq.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri hücum edərək cəbhə boyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iri çarplı silahlar, artilleriya qurğularından intensiv atəşə tutmaqla növbəti təxribata əl atdılar. Təcavüzkarların Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının bir sıra kəndlərini atəşə tutması nəticəsində mülki Azərbaycan əhalisi arasında itkilər və yaralananlar oldu.
Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən başalayan təxribatlarının qarşısını almaq, 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarımızın azad edilməsi və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusunun bütün cəbhə boyu əks-hücum əməliyyatına başlamasını bütün Azərbaycan xalqı çoxdan gözləyirdi. Qısa müddətdə bütün xalqımızın, soydaşlarımızın, ictimai siyasi qüvvələrin Ali Baş Komandanın, cənab Prezidentin ətrafında sıx birliyi yarandı.
Ölkə Prezidentinin son zamanlar uğurlu diplomatiyası beynəlxalq ictimaiyyəti, beynəlxalq təşkilatları regionda Ermənistanın təxribatlarının artması, onun işğalçı hücuma hazırlaşması və təxribatçı fəaliyyəti barədə məlumatlandırırdı. Bu diplomatiyanın yalançı erməni təbliğatına güclü zərbə vurması nəticəsində dünyadakı erməni mifi dağılmağa başlayır və saxta erməni təbliğatı iflasa uğrayır. Bu baxımdan Azərbaycan Respublikasının Prezidentinin BMT Baş Məclisinin 75-ci Sessiyasındakı çıxışı da olduqca təsirli və əhəmiyyətli idi. Bu çıxış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərə yeni işıq saldı. Xalqımız Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə, Azərbaycan Ordusuna inanır və güvənir. Bu inam və güvən bütün xalqımızın cənab Prezidentin, Ali Baş Komandanın ətrafında sıx birləşməsinə münbit şərait yaradıb.
Hazırda Azərbaycan Ordusu işğal olunmuş ərazimizin azad edilməsini uğurla həyata keçirir. Xalqımızın, bütün siyasi qüvvələrin birliyi və həmərəliyindən ruhlanan Azərbaycan Ordusu düşmənin canlı qüvvəsinə və hərbi texnikasına ağır zərbələr vurmaqdadır. Cənab Prezident qeyd edir ki, “Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan hərbi birləşmələrinin heç bir hədəfi, heç bir məqsədi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və torpaqlarımızı işğaldan azad edəcəyik”. Ona görə də sentyabr 27-də ordumuzun əks-hücumundan sonra Azərbaycanı tez-tez sülhə, danışıqlara dəvət edən xarici dövlətlər, beynəlxalq qurumlar zəhmət çəkib cənab İlham Əliyevin bu fikrinə diqqət yetirsinlər.
Qələbələr münasibətilə Azərbaycan xalqını təbrik edən dövlət başçısı bildirib: “Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır! Otuz ilə yaxın davam edən işğala son qoyacaqdır! Çünki Azərbaycan xalqı öz torpağında yaşamaq istəyir. Azərbaycan vətəndaşı Vətən həsrəti ilə yaşayır. Ermənilər tərəfindən, Ermənistan rəhbərliyi tərəfindən öz dədə-baba torpaqlarından zorla didərgin salınmış insanlar öz doğma ocaqlarına qayıtmaq istəyirlər. Baxmayaraq ki, artıq onların ocaqları vəhşilər tərəfindən dağıdılıb. Baxın Ağdam şəhərinin qalıqlarına. Baxın Füzuli şəhərinin qalıqlarına. Baxın işğal edilmiş ərazilərdə bizim məscidlərimizin, qəbiristanlıqlarımızın dağılmış vəziyyətinə. Bütün bunları erməni cəlladları törədib və biz tam haqlıyıq. Bizim mübarizəmiz haqq mübarizəsidir və bu gün Azərbaycan vətəndaşları dövlətə tam dəstək göstərirlər, bu dəstəyi biz daim hiss edirik. Azərbaycan vətəndaşı Azərbaycan ordusunun yanındadır. Otuz ilə yaxın öz doğma torpaqlarına qayıda bilməyən soydaşlarımıza da üz tutub deyirəm, biz əlimizdən gələni edəcəyik ki, sizi öz doğma torpaqlarınıza qaytaraq”.
Bu baxımdan cənab Ali Baş Komandanımızın Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakıda keçirilən hərbi paradda söylədiyi aşağıdakı fikirləri də çox önəmlidir: “2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib. Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.” Ölkə başçısının dediyi bu fikirlər Azərbaycan əsgərinə sonsuz güvəncin göstəricisi, Böyük Qələbə inamının təzahürüdür.
Əminik ki, şanlı ordumuzun tarixi qələbəsi nəticəsində Azərbaycan bayrağı tezliklə Şuşada, Xankəndidə, işğaldan azad olunmuş digər torpaqlarımızda dalğalanacaq. Biz o günü səbirsizliklə gözləyirik.
İbrahim Zeynalov,
Bakı Dövlət Universitetinin
Tarix fakültəsinin dekanı
vəzifəsini icra edən, professor