06 oktyabr 2020 17:55
2749

Tərtərin  Aslan oğlu...

Oktyabrın 3-də Azərbaycan Prezidenti İlham Əliyev Ağdərə rayonu ərazisindəki Madagiz kəndinin erməni işğalçılarından azad edilməsi münasibətilə döyüşçülərimizi təbrik etdi və bu kəndin tarixi Suqovuşan adının bərpa olunduğunu elan etdi.

Prezidentimizin təbrikindən Azərbaycan Ordusunun giziri Aslan Malik oğlu Hüseynova da pay düşür. Ancaq çox təəssüf ki, bu təbriki onun əvəzinə atası Malikə çatdırdılar. Onun əvəzinə ona görə deyirəm ki...Aslanın barəsində keçmiş zamanda danışmaq nə qədər ağır və üzücü olsa da, danışmalıyıq, çünki qəhrəman oğlumuzun həyat və döyüş yolunu bilməli, gələcək nəsillərə də tanıtmalı, öyrətməliyik.

Tərtər rayonunun Qaradağlı kəndində dünya ilə görüşə gələn Aslan ağıllı, təmkinli, sakit, sözəbaxan, tapşırılan işləri tez yerinə yetirən bir oğlan kimi tanınmışdı. Ancaq heç kəs gələcəkdə onun hərbçi olacağını düşünmürdü. Tale ona ən şərəfli peşəni-Vətəni qorumaq kimi missiyanı nəsib etdi.  Aslan Hüseynov əsgəri hərbi xidmətini bitirdikdən sonra, yeddi il əvvəl yenidən ordu sıralarına qayıtdı. İlk günlərdən əsgər yoldaşlarının və komandirlərinin hörmətini qazandı. Öz nümunəvi xidməti ilə fərqlənən Aslan ard-arda kiçik çavuş, çavuş və baş çavuş rütbələrinə yüksəldi. 2016-cı ilin dörd günlük aprel müharibəsində Aslan dəqiq artilleriya atəşləri ilə düşmənin iki tankını və yük avtomobilini vurub yandırdı. Komandanlıq onun bu şücaətini yüksək qiymətləndirdi, sinəsini medal bəzədi, qiymətli mükafatlarla təltif edildi. O, yarımillik ixtisas kursuna göndərildi, oranı başa vurandan sonra əvvəlcə kiçik gizir, daha sonra gizir rütbələrinə layiq görüldü. Hərbi hissə komandanlığı tərəfindən raket daşıyan zirehli texnikanın ekipaj komandiri təyin edildi.

Keçən ayın 27-də, yəni müharibənin ilk günlərində xidmət etdiyi artilleriya divizionu ilə cəbhənin Tərtər-Goranboy istiqamətində döyüşən Aslan Hüseynov düşmənə göz açmağa imkan vermədi. Batareya Gülüstan kəndi ətrafında manevr edən zirehli texnikanı məhv edir, düşmənin qorunduğu istehkamların necə deyərlər, külünü göyə sovururdu.  Amansız döyüşlərin dördüncü günü onun batareyası artıq düşmənin diqqətini cəlb etmişdi, ona görə də sentyabrın 30-da oraya tankla hücuma keçdi. Aslan bir sərrast atəşlə tankı vurub yandırdı. Bunu görən erməni quldurları batareyanı hədəfə alaraq oranı minaatanlardan atəşə tutdular. Minalardan biri Aslanın lap yaxınlığında yerə düşüb partladı. Aslan ağır yaralandı və onu xilas etmək mümkün olmadı...

...Qaradağlı kəndi ilk şəhidini qarşıladı. Bütün kənd əhalisi, rayon ictimaiyyətinin nümayəndələri Malikin qapısına yığışdı. Azərbaycan bayrağına bükülmüş cənazənin başında Aslanın xidmət etdiyi hərbi hissənin komandirləri, döyüşçü dostları öz ürək sözlərini söylədilər. Onlar Aslanın bir aslan ömrü yaşadığını, Vətənə əsl qəhrəman kimi xidmət etdiyini bildirdilər. Dəfndən sonra hərbi hissənin yüksək rütbəli zabitlərindən biri cənazənin büküldüyü bayrağı Aslanın beş yaşlı oğlu Kənana verib dedi:

-Götür, bu müqəddəs bayrağımızı yadigar saxla, oğlum, atan onu öz igidliyi ilə qazanıb!

 İndi Aslanın müəllimləri,  kənd ağsaqqalları onun sakit təbiətindən, ağıllı hərəkətlərindən, böyüyə-kiçiyə hörmətindən və digər gözəl keyfiyyətlərindən yana-yana söz açırlar. Onlar istər çətin günlərdə, istərsə  də toyda, bayramda hamının yanında olmağa can atmasından, hər işdə köməyə gəlməsindən xatirələr danışırlar. Bəli, məclislərin yaraşığı olan  Aslan kəndin sevimli oğullarından biri idi...Yeri behişt olsun!

Onu da deyim ki, İradə və Malik Hüseynovlar ailəsinin kiçik oğlu İsgəndər də döyüşür. Qardaşının dəfnində iştirak edən İsgəndər ertəsi gün döyüşən yoldaşlarının yanına getmək istədiyini bildirəndə ağsaqqallar bildirdilər ki, tələsməsin, heç olmasa üç mərasimində də iştirak etsin, sonra getsin.

Düzü, İsgəndərin bu sözlərindən sonra Azərbaycan xalqının belə qeyrətli oğullarının dəyanətinə, güclü Vətən, torpaq sevgisinə inamım birə-yüz artdı, fəxr etdim. Düşmən çəpəri olan belə oğullarla Vətən heç vaxt basılmaz!

Vəli İlyasov, “İki sahil”