06 oktyabr 2020 17:59
936

Azərbaycan Ordusu növbəti dəfə tarix yazmaqdadır

«Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda  tutarlı cavabları ilə Ermənistanın təcavüzkar siyasətini,  yalana söykənən əsassız təbliğatını   ifşa etməklə yanaşı, dünyaya bu reallığı da çatdırdı ki, Ermənistan açıq təxribatları ilə yenidən müharibəyə hazırlaşır. Həmçinin  dövlətimizin başçısı İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən fevral ayındakı görüşdən bu günə regionun   təhlükəli  bir məkana çevrildiyini önə çəkərək  diqqəti  Ermənistanın Azərbaycana qarşı davamlı hərbi təxribatlarına yönəltmiş və bildirmişdir ki, onlar Azərbaycana  hücum edə, dövlət sərhədini keçə və yeni əraziləri işğal edə biləcəklərini düşünürlər. Bu, Ermənistanın müdafiə nazirinin bəyanatına müvafiqdir. O, bu bəyanatı Amerika Birləşmiş Ştatlarında olarkən vermişdir və demişdir ki, Ermənistan yeni ərazilər üçün yeni müharibəyə başlayacaq. Bu, Ermənistanın təcavüzkar davranışının davam etməsini aydın nümayiş etdirir.»

Bu fikirləri «İki sahil» qəzetinə açıqlamasında YAP Qadınlar Şurasının sədr müavini Məhəbbət İbrahimova bildirib.

Məhəbbət İbrahimova qeyd edib ki, göründüyü kimi, Azərbaycan dövləti Ermənistanın törətdiyi təxribatların məqsədini ən yüksək səviyyədə bəyan edərək, beynəlxalq təşkilatlardan işğalçı dövlətə bunun qarşısını almaq üçün təsir  göstərilməsini tələb edir. Lakin nədənsə  dünya biganəliyi ilə  cəbhə xəttində  hərbi təxribatların törədilməsinə açıq-aşkar rəvac verir. Dövlətimizin başçısı İlham Əliyevin bəyan etdiyi kimi, Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin  üzərinə düşür. Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən  müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək  yaşayış məntəqələrimizi,  hərbi mövqelərimizi atəşə tutdu. Bunun nəticəsində  mülki əhali və hərbçilərimiz arasında  itkilər və yaralananlar var. Bu, bir daha onu göstərir ki,  Ermənistanın  Azərbaycana qarşı işğalçılıq siyasəti  davam edir və bu siyasət işğalçı dövlətin  faşist mahiyyətini  bütün dünyaya nümayiş etdirir.

M. İbrahimova qeyd edib ki, Azərbaycan Ordusu növbəti dəfə tarix yazmaqdadır. İşğalçı və təcavüzkar Ermənistanın növbəti təxribatı nəticəsində yaranmış gərginliklə bağlı, Silahlı Qüvvələrimiz bütün cəbhə boyu əks-hücum əməliyyatına başlayıb və bir daha-2016-cı ilin aprel döyüşlərində, 2018-ci ilin Cünnüt əməliyyatında və bu ilin iyul-Tovuz hadisələri zamanı olduğu kimi, işğalçıya öz gücünü göstərir. Təqdirəlayiq haldır ki, bu gün xalqımız öz Ali Baş Komandanına və müzəffər ordusuna birmənalı dəstək nümayiş etdirir, torpaqlarımızın işğaldan azad olunacağına dair yüksək inam ifadə edir. Bir mühüm məqamı da böyük fəxr hissi ilə qeyd edirik ki, dövlətimizin başçısı İlham Əliyevin çağırışına uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək məqsədilə könüllü  müraciət edənlərin sayı onminlərlədir. Vətənpərvərlik hissinin göstəricisi kimi qəbul edilən bu statistika, eyni zamanda, dövlətimizin başçısı İlham Əliyevin  Azərbaycanda qismən səfərbərlik elan edilməsi haqqında Sərəncamından irəli gələn tapşırıqların icrasında  vətəndaşlarımızın böyük  ruh yüksəkliyi ilə iştirak edəcəklərinin təsdiqidir. Xalq-dövlət, xalq-ordu birliyi qarşıya qoyulan hər bir hədəfə çatmaq üçün stimulverici amil rolunu oynayır.

M.İbrahimova diqqətə çatdırıb ki, son günlərdə cəbhə xəttindən gələn qələbə xəbərləri hər birimizdə  qürur hissləri doğurur. Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etmək iqtidarında olduğunu bir daha  işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirir. Biz müharibə istəmirik, amma torpaqlarımızı işğaldan azad etmək qeyrəti, niyyəti bir an da bizi tərk etməyib.  30 ildən artıqdır dövlətimizin uğurlu siyasəti, real faktlara, tarixi həqiqətlərə əsaslanan təbliğatı  nəticəsində dünya  ermənilərin əsl simasını, onların  beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozduğunu, beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymadan  öz riyakarlığını davam etdirdiyinin şahididir. Ermənilərin döyüş meydanlarında məğlubiyyətdən sonra mülki şəxslərə, yaşayış məntəqələrinə hücum etmələri  məlum olaylardandır. Azərbaycan Ordusu bu hərbi təxribatların qarşısını qətiyyətlə alır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, biz haqq-ədalət tərəfindəyik: «Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq!.»

Şəmsiyyə Əliqızı, «İki sahil»