06 oktyabr 2020 18:03
6275

Azərbaycan əsgəri: Xalqımızın qürur mənbəyi

30 ildir ki, Ermənistan beynəlxalq normaları kobud formada pozaraq Azərbaycana qarşı təxribatlar törətməkdə idi. Amma bu müddətdə  beynəlxalq ictimaiyyət və bu məsələ ilə məşğul olan qurumlar erməni hökumətinə lazımi səviyyədə təsir etmədilər.

Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev  Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşündə  bu məsələyə bir daha aydınlıq gətirərək demişdi: “Bizə ümidlər verilirdi, bizə siqnallar göndərilirdi ki, bir qədər səbir edin, məsələ həll olunacaq. Amma mən demişdim ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Demişdim ki, əgər məsələ danışıqlar yolu ilə həll olunmazsa, Azərbaycanın tam haqqı var ki, məsələ hərbi yolla öz həllini tapsın.”

Artıq şanlı Azərbaycan əsgər və zabitləri 30 ildir ipə-sapa yatmayan, işğalçılıq siyasətindən əl çəkməyən, mülki əhaliyə divan tutan yağı düşmənə sarsıdıcı zərbələr endirərək, işğal altındakı bəzi əraziləri azad edib, bir neçə əlverişli yüksəkliyi nəzarətə götürüb. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan əsgəri erməniləri işğal etdikləri ərazilərimizdən iti qovan kimi qovur. Bütün bunlar hər kəsə qürur hissi verir, torpaqlarımızın düşmən tapdağından tamamilə azad ediləcəyinə böyük inam yaradır. Buradan belə qənaətə gəlmək mümkündür ki, Azərbaycan xalqının illərdən bəri gözlədiyi Böyük Qələbənin işartısı görünür. Cəbhədəki uğurlarımız Azərbaycan Ordusunun, Prezident, Ali Baş Komandan İlham Əliyevin və xalqımızın böyük nailiyyətidir. Şübhəsiz, ordumuzu məğlubedilməz edən “Öncə Vətəndir!” deyən oğullarımızdır. Bəli, bu gün Azərbaycan əsgəri ilə Ermənistan əsgəri üz-üzədir. Azərbaycan əsgəri öz halal, doğma torpağı uğrunda döyüşür, üstəlik bu torpaq uğrunda həyatından keçməyi  özü üçün şərəf sayır. Ermənistan əsgəri isə özgə torpağında nəyin uğrunda silaha sarıldığını hələ də dərk etmir. Ona görə də nəinki silahını, üstəlik papağını atıb siçan kimi qaçır, gizlənir. Bəziləri isə intihar etməklə çıxış yolu tapırlar. Elə bu günlərdə Dağlıq Qarabağ bölgəsindəki hərbi hissələrdən birində xidmət edən 28 yaşlı Arman Mixitaryanın belə bir addım atması buna sübutdur.  Azərbaycan əsgərinin isə əksinə,  ən güclü silahı onun vətənpərvərliyidir. Bu hiss düşmən üçün uzaqvuran, ən dəqiqvuran raketlərdən də təhlükəlidir, güclüdür. Bir sözlə, igid əsgərlərimiz Prezident İlham Əliyevin sərkərdəsi olduğu, gündən-günə gücləndirdiyi, qayğı göstərdiyi ordumuzun tarixinə yeni şanlı səhifələr yazırlar. Buna görə də hər bir Azərbaycan əsgəri xalqımızın qürur mənbəyidir. Aparılan uğurlu dövlət siyasətinin nəticəsidir ki, bu gün minlərlə gəncimiz Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib, döyüşə getmək, düşmənlə üz-üzə, göz-gözə döyüşmək üçün könüllü olaraq müraciət edirlər.

Aprel döyüşlərinin iştirakçısı, Qarabağ müharibəsi əlili, kapitan Hikmət Məmmədov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, Aprel döyüşlərində olduğu  kimi, “Təki Vətən sağ olsun” deyərək irəliyə doğru hərəkət edən əsgər və zabitlərimiz bu gün həqiqətən şanlı tarix yazırlar: “Mən  Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin  Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşündə dediyi bir fikri  yada salmaq istəyirəm. Dövlətimizin başçısı bildirmişdir ki, əgər beynəlxalq ictimaiyyət və bu məsələ ilə məşğul olan tərəflər işğalçını dayandıra bilmirlərsə, Azərbaycan əsgəri onları dayandıracaqdır: “Azərbaycan əsgəri onları öz torpaqlarından çıxaracaq və haqq-ədaləti bərpa edəcək.” Bu gün döyüş meydanında əldə olunmuş üstünlük, azad edilmiş yaşayış məntəqələrimiz, strateji yüksəkliklər bir daha onu göstərir ki, Azərbaycan əsgəri və zabiti öz borcunu şərəflə yerinə yetirir. Bu, hər şeydən əvvəl, onların Vətənə, torpağa olan sevgilərindən irəli gəlir. Bununla da onlar həm də bir daha ordumuzun gücünü düşmənə göstərirlər. İnanıram ki, elə bu sevgi ilə onlar düşmən tapdağı altında olan digər ərazilərimizi də azad edəcəklər. Bununla da xalqımızın 30 ildən bəri davam edən Qarabağ həsrətinə son qoyulacaq.”

Müsahibimiz söhbətinin sonunda bildirdi ki, təqdirəlayiq haldır ki, bu gün kimliyindən asılı olmayaraq, hər kəs haqq işi uğrunda mübarizə aparan Ali Baş Komandanın - sərkərdəmizin ətrafında sıx birləşib: “Hər kəs Böyük Qələbə anını yaxınlaşdırmaq üçün əlindən gələni əsirgəmir. Hətta mən deyərdim ki, bu gün Vətənimin hər bir övladı, sevimli şairimiz Səməd Vurğun demişkən, müsəlləh əsgərə çevrilib. Bu isə haqq yolunda vuruşan bir ölkə üçün çox vacib amildir.” 

Qvami Məhəbbətoğlu, “İki sahil”