Ermənistanın hərbi-siyasi iflası qaçılmazdır-bunu artıq erməni cəmiyyətində də anlayırlar
Azərbaycan Ordusunun Dağlıq Qarabağda uğurlu əks-hücum əməliyyatları Ermənistan ordusunun ön xətdəki qüvvələrinin darmadağın olması ilə nəticələnib. Məhz 10 gün ərzində bir rayon mərkəzini, 26 kəndi və bir neçə çox mühüm strateji post və yüksəklikləri azad etmək hərb tarixində nadir hadisədir ki, müzəffər ordumuz bunu reallaşdırdı.
İndi Qarabağdakı ermənilər İrəvana, Ermənistandakı ermənilər isə xarici ölkələrə qaçmağa çalışırlar. Hətta Ermənistanın baş naziri Nikol Paşinyan orduya əlavə ehtiyat qüvvə yığmaqda acizdir. Paşinyanın vətənpərvər bəyanatları, guya türklərin növbəti soyqırım törədəcəyi ilə bağlı iftira kampaniyası belə erməniləri orduya könüllü yazılmağa sövq etmir. Ermənistanda cəmiyyət və xüsusilə də gənclər ciddi ruh düşkünlüyü içərisindədirlər. Artıq vətənpərvər şüarlar ermənilər arasında hərbi ruhu yüksəldə bilmir.
Bu, bir reallıqdır ki, Ermənistan əsgər toplanması ilə bağlı kəskin bir problemlə üzləşib. Ermənistanın baş naziri tərəfindən ölkə sərhədlərinin bağlanması bu problemi həll edə bilmir. Erməni gəncləri biabırçı Ermənistan ordusunda gəbərmək istəmirlər. Məhz ötən gün Nikol Paşinyan panika yaradan açıqlama ilə çıxış edərək, son bir ildə tərxis olunmuş hərbi qulluqçular üçün ümumi çağırış elan edib.
Ermənistan qanunlarına əsasən, il ərzində tərxis olunmuş erməni əsgərləri ümumi hərbi xidmətə gedə və zorla cəbhəyə göndərilə bilməzlər. Nikol Paşinyanın pafoslu müraciəti Ermənistan ordusundakı vəziyyətin tamamilə acınacaqlı hala gəldiyinə dəlalət edir və buna görə də Ermənistan hakimiyyəti qanunları pozaraq cəbhəyə son çağırışçıları səfərbər etməyə qərar verib.
İsrailli hərbi ekspert: «Azərbaycan Qarabağı zor gücünə alacaq və heç kim də buna əngəl ola bilməyəcək»
Bu arada beynəlxalq ekspertlər işğalçı Ermənistanın bu müharibədə məğlubiyyətini qaçılmaz hesab edirlər. Məsələn, «Azərbaycan Qarabağı zor gücünə alacaq və heç kim də buna əngəl ola bilməyəcək» fikirləri İsrailin dövlət xadimi, «Nativ» xüsusi xidmət orqanının sabiq rəhbəri Yakov Kedmiyə məxsusdur. O, «Rossiya» telekanalında bildirib ki, Ermənistanda son 15 ildə baş verənlər, yəni ölkənin daxili və xarici siyasətinin oriyentasiyasının dəyişməsi erməni dövlətini zəiflədib. Xüsusən, Nikol Paşinyanın hakimiyyətə gəlişi ilə İrəvanın Moskva ilə münasibətləri dəyişib, daha doğrusu, korlanıb. Halbuki, Ermənistanın əsas gücü birbaşa Rusiyanın onun arxasında durmasına bağlı idi. O deyib: « Rusiya zəif Ermənistanın əvəzinə Qarabağı qoruya bilməz. Əgər erməni ordusunun gücü yoxdursa, o zaman Qarabağı itirəcəklər. Odur ki, qoy arxaları ilə Moskvaya çevrilənlər özlərindən küssünlər».
«Azərbaycan öz ərazisinin siyasi cəhətdən mühüm hissəsini geri qaytaranadək əks-hücumunu davam etdirəcək». Bu fikir isə ABŞ-ın ölkəmizdəki sabiq səfiri Metyu Brayzaya məxsusdur. Keçmiş həmsədrin sözlərinə görə, bundan sonra regionda əsas oyunçular ABŞ yox, Türkiyə və Rusiya olacaq, çünki ABŞ təkcə prezident Tramp dövründə yox, hələ prezident Obamanın dövründə bu regiondan çəkilib.
Ukraynalı hərbi ekspert: «Azərbaycan Ordusu bu gün bizə mümkünsüz olanı həyata keçirməklə bağlı parlaq bir nümunə, dünya tarixi dərsliklərində görkəmli bir səhifə kimi düşəcək nümunə göstərir».
Ukraynalı hərbi ekspert-blogger Aleksey Arestoviç isə hesab edir ki, artıq erməni ordusunun yenilməzliyi haqda əfsanə şam kimi əriyib getməkdədir: «Həmin əfsanənin tərkib hissələri aşağıdakılar idi: Ermənilər aşılıb keçilə bilinməyən, öz evlərini pis «türklər»dən qorumaq ehtiyacından dərin motivasiya almış döyüşçülərdir; azərbaycanlılar necə mübarizə aparmağı bilmirlər; erməni müdafiəsi dağlarda büsbütün mina sahələri və möhkəm beton istehkamlardır. Ancaq azərbaycanlılar bununla razılaşmadılar. İyirmi ildir onlar inadkar və metodik şəkildə öz silahlı qüvvələrini qurdular və təzədən təchiz etdilər. Əsasən Türkiyə və İsrail istehsalı olan hücum PUA-larını almaqla qoşunlarını güclü şəkildə hazırladılar. Və budur, həmin o qisas anı yetişdi.»
Ukraynalı hərbi ekspertin qənaətincə, Azərbaycanın hərbi taktikası, döyüş manevrləri ağıllı və məntiqlidir: «Bir neçə günlük döyüşlər nəticəsində Ermənistanın canlı qüvvəsi və texnikasında ciddi itkilər yaşandı. Ermənistan ordusunda döyüş effektivliyi minumuma endi. Ermənilər də qarşı tərəfin yeni döyüş taktikasından vahimələniblər: «Bəli, Azərbaycan budəfəki əməliyyatlarda çox ağıllı hesablama və konkret şərait üçün unikal bir strategiya tətbiq edir». Hərbi analitik bildirir ki, əgər Bakı bu minvalla, yəni uğurlu və metodik şəkildə davam edərsə, Ermənistan hərbi birləşmələrinin müdafiəsi 10-14 günə yox olub gedəcək.
Ukraynalı ekspert Azərbaycan hərbi kəşfiyyatının döyüş bacarığını yüksək qiymətləndirib: «Bir sözlə, sonrakı nəticələrdən asılı olmayaraq, mən artıq Azərbaycan hərbçiləri və onların türk müttəfiqləri qarşısında papağımı çıxarıram. Onlar ən çətin şərtlərdə ən vacib tarixi tapşırığı hazırlamaq və həyata keçirmək üçün ən optimal strategiyanı - 20 ildə acı məğlubiyyət tarixindən əlamətdar qələbələr tarixinə keçid eləməklə ərazilərinin işğal olunmuş 20 faizini necə azad etməyi hesablamağı və təşkil etməyi bacardılar. Azərbaycan bu gün bizə mümkünsüz olanı həyata keçirməklə bağlı parlaq bir nümunə, dünya tarixi dərsliklərində görkəmli bir səhifə kimi düşəcək nümunə göstərir».
O sonda yazır: «Müttəfiqlərimiz, vurun, biz sizinləyik! Qarabağın sahibi bu dəfə həmişəlik gəlir».
«Vaqner» özəl hərbi şirkətinin yaradıcısı və sahibi, milyarder iş adamı Yevgeni Priqojin: «Mənim mövqeyim konkret və açıqdır. Dağlıq Qarabağ Azərbaycan ərazisidir».
Rusiyanın dünyada məşhur olan «Vaqner» özəl hərbi şirkətinin (ÇVK) yaradıcısı və sahibi, milyarder iş adamı Yevgeni Priqojin isə «vaqnerçilər»in Qarabağ savaşına Ermənistan tərəfindən qatılmaları, yaxud qatıla biləcəkləri ilə bağlı məsələyə aydınlıq gətirib. «Teleqraf» saytında Priqojinin fikirləri yer alıb: «Qarabağda baş verənlərin bilavasitə səbəbkarı Ermənistanın baş naziri, çox anlaşılmaz və çox təhlükəli oyun oynayan Nikol Paşinyandır. Paşinyan xeyli vaxtdır ki, Qərbə meyillənib, Qərbin əmrlərini yerinə yetirir və Rusiyanı aldatmaq istəyir. Mənim mövqeyim konkret və açıqdır. Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Ermənilərin «soyqırım»la bağlı dedikləri də mənimçün o qədər maraqlı deyil».
«Vaqner»in rəhbəri Rusiyanın Qarabağa qoşun yeritmə ehtimalından yazıb: «Rusiyanın Qarabağa hərbçi, yaxud özəl hərbi şirkətin silahlısını yollamaq hüquqi ixtiyarı və əsası yoxdur. Çünki dediyim kimi, Qarabağ Azərbaycan ərazisidir. Gələk Türkiyə məsələsinə... Türkiyə Ermənistan sərhədlərini keçməməklə Qarabağdakı proseslərə müdaxilə edə bilər. Çünki beynəlxalq hüquq buna imkan verir. Rəcəb Tayyib Ərdoğanın öz dövlətinin və xalqının maraqları naminə etdikləri heç bir halda, ermənilərin dedikləri kimi, «işğal» və ya «hərbi əməliyyat» deyil. Məncə, Qarabağdakı müharibənin dayanmasının ən real yolu Rusiyanın siyasi-diplomatik yolla proseslərə müdaxiləsidir».
Türkiyəli təhlükəsizlik və antiterror məsələləri üzrə ekspert Coşkun Başbuğ: «Əməliyyatların gedişi Azərbaycan Silahlı Qüvvələrinin bu işi necə düzgün gördüyünü sübut edir»
Ttürkiyəli təhlükəsizlik və antiterror məsələləri üzrə ekspert Coşkun Başbuğ da «Yeni Şafak» qəzetinə müsahibəsində Azərbaycan Ordusunun Qarabağda döyüş əməliyyatlarını şərh edib. Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri həm əməliyyatın planlaşdırılması, həm icra edilməsi mərhələsini çox uğurlu şəkildə həyata keçirir: «Dağlıq Qarabağ kimi mürəkkəb coğrafi şəraitə malik bölgədə dünyanın azsaylı orduları döyüş əməliyyatları apara bilər. Bu cür mürəkkəb, çətin əməliyyatdan əvvəl qərargah zabitlərinin ərazini çox ciddi təhlil etməsi lazım idi. Əməliyyatların gedişi Azərbaycan Silahlı Qüvvələrinin bu işi necə düzgün gördüyünü sübut edir. Çünki şüursuzcasına hərəkət edilsəydi xaos, qəza və ciddi itkilər olardı. Azərbaycanı həqiqətən təbrik etmək lazımdır. Oradan gələn qardaşlarımıza verdiyimiz təlimlərlə hərbi ruhun yüksəldiyini görürük».
O vurğulayıb ki, Azərbaycan Ordusu 5 istiqamətdən hərəkətə keçib. Cənubda Cəbrayılın azad edilməsi, şimalda irəliləməsi qazanılan ilk ciddi uğurlardır. Başbuğ hərbi əməliyyatların nə qədər davam edəcəyi barədə danışarkən bu cür müharibələrdə vaxt müəyyən etməyin düzgün olmadığını bildirib: «Doktrina baxımından vaxt müəyyən etmək düzgün deyil. Müddətə təsir edən bir çox amillər var. İqlim amili, coğrafi şərtlər, yeni fövqəladə situasiyaların meydana çıxması kimi. Azərbaycan Ordusu çox qısa müddətdə bu cür böyük uğur əldə edə bildi. Bundan sonrakı mərhələdə proses daha sürətlə gedəcək. Ermənistan ordusu ən böyük müqaviməti birinci müdafiə xəttində göstərdi. Bu xətt qırıldıqdan və müəyyən mərhələ keçildikdən sonra arxası corab sökülməsi kimi asan gedəcək».
Bir sözlə, bu gün Ermənistandakı hərbi -siyasi xaos davam edir və bu şəraitdə ordumuz hər gün irəliləyir. Məhz təcrübəli hərbi ekspertlərin cəbhədəki durumu dəyərləndirmələrindən də aydın görünür ki, Azərbaycan Ordusunun Qarabağı işğaldan tamamilə azad etdəcəyi gün heç də uzaqda deyil.
Elçin Zaman, «İki sahil»