Terrorun, soyqırımının tarix boyu siyasətinin əsas xətti olduğunu sübut edən işğalçı Ermənistan ölkəmizə qarşı təxribat əməllərini davam etdirir. Beynəlxalq hüquq müstəvisində Ermənistanın işğalçı dövlət olduğunu tam şəkildə sübuta yetirilməsinə baxmayaraq, havadarlarına güvənən bu bədnam ölkə işğalçılıq siyasətini yürütməklə, özünü necə rəzil duruma saldığını açıq-aydın nümayiş etdirir. Ermənistan işğalçı, təcavüzkar siyasəti ilə bir daha sübut etdi ki, regionda sülh və sabitliyin önündə ən böyük əngəldir.
Ermənilərin sentyabrın 27-də səhər başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqelərinin şiddətli artilleriya atəşinə məruz qalması erməni vəhşiliyinin daha bir nümunəsidir. 30 ilə yaxın davam edən danışıqlar prosesi fonunda Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır” kimi sərsəm bəyanatı bir daha sübut edir ki, bu işğalçı ölkə ilə hər hansı sülh danışıqları aparmaq mənasızdır. Ermənistanın bu ilin iyulunda beynəlxalq hüquqa zidd olaraq Tovuz rayonu istiqamətində cəbhəyanı ərazilərimizi, dinc mülki əhalini və yaşayış məntəqələrini intensiv atəşə tutmaqla təxribat törətməsi işğalçı ölkənin yeni müharibəyə hazırlığından xəbər verirdi. İşğalçı ölkənin bu çirkin təxribatı dəfələrlə təkrarlaması, müharibə hazırlığını daha intensivləşdirməsi artıq yeni müharibənin başlanmasına dəlalət edirdi. Onlar bu təxribata şüurlu şəkildə gedirdilər. Prezident İlham Əliyev beynəlxalq tribunalardan “Ermənistan müharibəyə hazırlaşır, onu dayandırmaq lazımdır” bəyanatı ilə bütün dünya ictimaiyyətini bu barədə məlumatlandırmışdır. Sentyabrın 27-də Ermənistanın başlatdığı təxribata Azərbaycanın adekvat cavabı özünü çox gözlətmədi. Milli Ordumuz əks-hücumla düşmənin bütün mövqelərini darmadağın edərək onu geri çəkilməyə məcbur etdi. Bu, Azərbaycanın öz torpaqlarının və haqlı mövqeyinin müdafiəsi üçün atdığı zəruri addımdır. Azərbaycanın mübarizəsi haqq, ədalət mübarizəsidir. Azərbaycan öz torpaqları uğrunda mübarizə aparır və onun Ermənistan torpaqları ilə bağlı hansısa bir iddiası yoxdur.
Ermənistanın Azərbaycana hücum etməsini dünya ictimaiyyətinin bildiyi ilk saatdan etibarən Türkiyə dövlət başçısı birmənalı olaraq Azərbaycanı və beynəlxalq hüququ dəstəklərini bildirib. Guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır və beynəlxalq ictimai fikri çaşdırmaq məqsədi güdür.
Dövlətimiz hər zaman öz torpaqlarının qorunması və ərazi bütövlüyünün saxlanılması yolunda saysız addımlar atmışdır. Ərazilərimizin erməni qəsbkarları tərəfindən işğal olunduğu gündən bu vaxta qədər torpaqlarımızın işğaldan azad olunması istiqamətində bir çox tədbirlər görülüb. Dövlət başçısı İlham Əliyevin yürütdüyü siyasət, apardığı danışıqlar, gördüyü tədbirlər hər zaman xalqımızın mənafeyinin müdafiə olunmasına xidmət edib. Bu, danılmaz faktdır. Dövlətimizin ərazi bütövlüyünün qorunması və saxlanılması hər zaman xalqımızın və Ali Baş Komandan İlham Əliyevin əsas amalı olmuşdur. Artıq beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Azərbaycan hər bir zaman regionda sülhün bərqərar olunması tərəfdarı olmuşdur. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar və bir çox mənfur düşmənlər Paşinyan rejiminin bütün hərəkətlərinə göz yumur. Amma bu halda belə xalqımızın və dövlətimizin yanında olan və öz dəstəyini bildirən dövlətlər var. Bu dəstəyi dövlətimiz hər zaman hiss etmişdir və müsbət qiymətləndirmişdir. Xalqımızın bu çətin anlarında yanımızda olan dövlətlərin dəstəyi özünü hər sahədə göstərmişdir. Dövlətimizə verilən dəstək xalqımız üçün əhəmiyyətlidir. Bu mühüm məqamda Azərbaycanın yanında kimin durması aydın görünür. Kimin haqlı,kimin haqsız olduğunu zaman göstərəcək. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, biz öz torpağımızda vuruşuruq və qələbə bizimlədir. Tezliklə zəfər zəngi çalınacaq. Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa edəcək. Azərbaycan dövləti bu çətin anda kimin yanında dayandığını, kimin üz çevirdiyini, kimin kim olduğunu heç bir vaxt unutmayacaq.
Röya Rasimqızı, “İki sahil”