Məlum olduğu kimi, son illər Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində sistemli ordu quruculuğu prosesi yeni keyfiyyət mərhələsinə yüksəlib. Məhz görülən bütün bu işlər nəticəsində Azərbaycan Ordusu yüksək döyüş hazırlığına nail olub və qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadirdir. Bütün bunlarla yanaşı, ordumuz bu gün ən müasir texnika və silah-sursatlarla təmin olunub. Paralel olaraq ölkəmizin hərbi sənaye kompleksi inkişaf edir. Belə ki, Müdafiə Sənayesi Nazirliyi xeyli adda hərbi məhsullar istehsal edir ki, bu da beynəlxalq müstəvidə hərbi sənaye kompleksimizə, istehsal olunan silahlara və digər məhsullara marağı xeyli artırır. Beynəlxalq sərgilərdə ölkəmizin hərbi məhsullarına böyük marağın olması da bunun əyani sübutudur.
Bütün bunların sayəsində Azərbaycan Ordusu döyüş meydanında öz gücünü, qüdrətini göstərmək əzmində olduğunu sübuta yetirir. Elə 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Naxçıvan əməliyyatı, 2020-ci ilin Tovuz hadisələri də bunların sübutudur. Özünün təcavüzkar hərəkətləri ilə beynəlxalq hüquqa, BMT Nizamnaməsinə zidd münasibət və beynəlxalq ictimaiyyətə hörmətsizlik nümayiş etdirən işğalçı Ermənistan sentyabrın 27-dən başlayaraq növbəti dəfə təxribatlar törədərək genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Atəşkəs rejimini kobud şəkildə pozan erməni silahlı birləşmələri iriçaplı silahlar, minaatanlar, müxtəlif növ ağır artilleriya qurğularından istifadə etməklə Azərbaycan Ordusunun cəbhəboyu zonada yerləşən mövqelərinə və yaşayış məntəqələrinə qəfildən hücum edib. İşğalçı ölkənin hərbi təxribatına cavab olaraq qəhrəman ordumuzun əks-hücum əməliyyatlarını uğurla həyata keçirərək, düşməni geri çəkilmək məcburiyyətində qoyub. Bununla da Cəbrayıl şəhəri daxil olmaqla bir sıra qəsəbə və kəndlərimiz işğaldan azad edilmiş, böyük strateji əhəmiyyəti olan Murovdağ və digər yüksəkliklər ələ keçirilib. Eyni zamanda, düşmənin çoxlu sayda canlı qüvvəsi və müxtəlif təyinatlı hərbi texnikası məhv edilib.
Göründüyü kimi, Ordumuz əldə etdiyi şanlı qələbə, eləcə də diplomatik müstəvidə qazandığı üstünlüklərlər həm Ermənistana, həm ermənipərəst dairələrə, həm də bütövlükdə beynəlxalq ictimaiyyətə belə bir mesaj verdi ki, tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradıla bilməz! Ermənistan işğalçı siyasətə son qoymalı, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, fundamental hüquqları pozulmuş, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş 1 milyondan artıq soydaşımız öz doğma yurd-yuvalarına qayıtmalıdırlar. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan işğalla heç vaxt barışmayacaq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və bərpa edəcək. Bunun üçün güclü ordu yaratmalı idik. Bu gün tam əminliklə deyə bilərəm ki, buna nail ola bilmişik. Bu gün Azərbaycan Ordusu dünyanın güclü orduları sırasındadır”.
Qüdrətli Azərbaycan Ordusu xalqımızın qürur mənbəyidir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətlə vurğuladığı kimi: “Bu gün hər bir Azərbaycan vətəndaşı haqlı olaraq Azərbaycan Ordusu ilə fəxr edə bilər və biz əsgərlərimizlə, zabitlərimizlə fəxr edirik”.
Mənsumə Babayeva, “İki sahil”