07 oktyabr 2020 18:54
634

Xalq-ordu birliyi Böyük Qələbəmizin təməlidir

İşğalçı Ermənistanın hərbi təxribatlarına cavab olaraq ordumuzun əks-hücum əməliyyatları uğurla davam edir. Cəbrayıl şəhəri də daxil olmaqla artıq bir sıra qəsəbə və kəndlərimiz işğaldan azad edilib, böyük strateji əhəmiyyəti olan Murovdağ və digər yüksəkliklər ələ keçirilib. Düşmənin çoxlu sayda canlı qüvvəsi və müxtəlif təyinatlı hərbi texnikası məhv edilib. Bu gün böyük fəxrlə qeyd edirik ki, Azərbaycanın işğal altında olan torpaqlarını azad etməyə qadir güclü, qüdrətli ordusu var. Milli Ordumuz hər bir azərbaycanlının qürur mənbəyinə çevrilib. Son 17 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində atdığı addımlar müsbət nəticəsini verməkdədir. İşğalçı dövlətin təxribatları, sərsəm bəyanatları ilə danışıqlar prosesini uzatmaq taktikası iflasa uğrayır. Dövlətimizin başçısı ən yüksək tribunalardan bəyan edir ki, işğal altında olan torpaqlarımızı istənilən yolla azad etmək suveren hüququmuzdur. “Tam məsuliyyətlə deyə bilərəm ki, bu gün Azərbaycan Ordusu çox yüksək səviyyədədir. Ordumuzda peşəkarlıq, döyüş qabiliyyəti artır, Silahlı Qüvvələrdə ruh yüksəkliyi vardır. Bütün bu məsələlər bizi çox sevindirir. Azərbaycanda ordu quruculuğu prosesi bundan sonra da uğurla gedəcəkdir. Ordumuz ölkə qarşısında duran vəzifələri icra etmək üçün bütün imkanlara malikdir” əminliyini ifadə edən cənab İlham Əliyevin bu fikirlərinin təsdiqi 2016-cı ilın Aprel döyüşləri, 2018-ci ilin Naxçıvan qələbələri, 2020-ci ilin 12 iyul təxribatının qarşısının qətiyyətlə alınması və 27 sentyabrda Ermənistan silahlı qüvvələrinin təcavüzünün qarşısını almaq üçün Azərbaycan Ordusunun hazırda uğurla davam etdirdiyi əks-hücum əməliyyatlarıdır.

Dövlət başçısının son bir ildə iştirak etdiyi beynəlxalq səviyyəli tədbirlərdəki çıxışlarına, xarici KİV-lərə müsahibələrinə, Ermənistanın baş naziri ilə debatlarına diqqət yetirsək görərik ki, əsas məsələ Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha işğalçı dövlətə və onun havadarlarına çatdırmaq olub. Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” bəyanatına ötən il “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışında Prezident İlham Əliyev “Qarabağ Azərbaycandır və nida işarəsi” cavabını verdi. Bu günlərdə cənab İlham Əliyev BMT tribunasından, “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan verilişdə, “Əl-Cəzirə” televiziya kanalına, Türkiyənin “TRT Haber” televiziyasına  müsahibəsində Ermənistanın işğalçılıq siyasətini faktlar əsasında diqqətə çatdıraraq bir daha bu əminliyi ifadə etmişdir ki, biz öz torpaqlarımıza geri qayıdacağıq. Bu, bizim qanuni hüququmuzdur. Bu, bizim üçün tarixi vəzifədir və əminəm ki, biz buna nail olacağıq.

Bu gün şanlı ordumuzun şücaəti və qəhrəmanlığı, canı və qanı bahasına alınan kəndlərimizdə çoxdan gözlənilən tarixi ədalət bərpa olunmaqdadır. Tarixi adlarla yanaşı, erməni separatçılarının dağıtdıqları şəhərlərimiz və ərazilərimizin infrastrukturları da bərpa ediləcək, məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıdışına, Qarabağ torpağında çoxdan gözlənilən sülhün və əmin amanlığın bərqərar olunmasına nail olacağıq. Bu bir reallıqdır ki, müharibələrdə təkcə dövlət, ordu yox, bütün xalq, bütün iqtisadi infrastruktur iştirak edir. Bugünkü müharibədə də təkcə ordumuz yox, bütün xalqımız iştirak edir. Hər kəs ödədiyi vergilərlə, işlədiyi işlə, verdiyi əməklə, istehsal etdiyi əmtəə ilə ordumuzun arsenalını müasir və güclü silah texnika ilə təmin edir. Azərbaycan Ordusunun cəbhə bölgələrində göstərdiyi şücaət qürurvericidir. Xalqımız cəbhədən gələn qələbə xəbərlərini döyüş ruhlu çağırışlarla qarşılayaraq çox böyük coşqu və fərəh hissi ilə ordumuza dəstəklərini ifadə edir. İşğalçı ölkə nəinki hərb cəbhəsində, eyni zamanda, siyasi-diplomatik müstəvidə də məğlubiyyətə uğramaqdadır. Dövlət başçımızın əməli addımları, xalqa müraciətləri, nüfuzlu telekanallara müsahibələrində qətiyyətli mövqeyi qəlbi Azərbaycanla döyünən hər kəsdə ruh yüksəkliyi yaradıb. İşğaldan azad olunan yaşayış məntəqələrimizdə dalğalanan üçrəngli bayrağımız qələbə əzmimizi bir daha özündə ehtiva edir.

Oktyabrın 4-də Prezident İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi hər bir fikri hər zaman olduğu kimi, bu dəfə də dövlətimizin başçısının diplomatik bacarığının, qətiyyətli mövqeyinin, prinsipiallığının nümayişidir.

Dövlət başçısı müraciətlərində də dönə-dönə bildirir ki, ədaləti bərpa etməklə, ərazi bütövlüyümüz bərpa edilir, Azərbaycan xalqının ümüdlərini doğrulduruq və bundan sonra da doğruldacağıq: “Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır”.

Nigar Orucova, “İki sahil”