“Sədərək” firmasının və “Sabit Mühafizə Xidməti” MMC-nin kollektivləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə müraciət ünvanlayıblar
Təsisçi Y.Qədimbəylinin imzaladığı müraciətdə deyilir:
“Möhtərəm cənab Prezident!
Ölkəmiz və xalqımız, müstəqil dövlətimizin suverenliyi və ərazi bütövlüyü üçün tarixi əhəmiyyət kəsb edən bu günlərdə Sizə müraciət etməkdən böyük şərəf və qürur duyuruq.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, sentyabrın 27-si səhər saatlarında Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Ayrı-ayrı yaşayış məntəqələrində mülki əhali arasında həlak olan və yaralananlar var, evlərə, mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.
Ordumuzun qoşun növləri və bölmələrinin həyata keçirdiyi uğurlu əks həmlə əməliyyatı nəticəsində düşmənin hərbi qüvvəsinə böyük zərbə vurulub, işğal altında olan bir sıra kəndlərimiz, vacib yüksəkliklər və ərazilər azad edilib.
“Sədərək” firması və “Sabit Mühafizə Xidməti” MMC-nin əməkdaşları Sizin həyata keçirdiyiniz siyasəti, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda göstərdiyiniz qətiyyəti yekdilliklə dəstəkləyir və hər zaman Sizin yanınızda olacaq.
Cənab Ali Baş Komandan!
Rəhbərliyiniz altında düşmənə sarsıdıcı zərbələr endirən müzəffər ordumuz və Vətən uğrunda müqəddəs savaşda canını fəda etməkdən çəkinməyən əsgər və zabitlərimizlə fəxr edirik.
Məktuba əlavə olunan siyahıdakı əməkdaşlar hər an Sizin çağırışınızla Azərbaycan Ordusunun sıralarına qoşularaq işğal altında olan torpaqların azad edilməsi uğrunda döyüşməyə hazırdır.”