“Əslində Xocavənddə baş verən son insident təəccüb doğurmamalıdır. Ona görə ki, müharibədən sonra bu cür quldur dəstələrin təxribat törədəcəyi gözlənilən idi”.
Bunu Azvision.az –a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib. O bildirib ki, Azərbaycanın güc strukturları müharibədən sonra postmüharibə dövrünü də nəzərə alırdı:
“Qısa bir xatırlatma edim. Əgər biz yada salsaq ki, müharibə başlayana qədər erməni hərbi-siyasi rəhbərliyi özünü necə aparırdı, indiki situasiyanın da haradan qaynaqlandığını anlayarıq. Yəni xatırlayırsınızsa, işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşmalar aparır, muzdlu döyüşçüləri burada cəmləyirdilər, terrorçular, PKK-çıları belə Qarabağ torpaqlarında yerləşdirilmişdi. Hətta dəfələrlə şahidi olmuşduq ki, onlar partizan hərəkatına hazırlaşdıqlarını gizlətmirdilər, bununla bağlı müəyyən kurslar da keçirdilər. Yəni bütün bu prosesləri ən yüksək səviyyədə reklam edir, gələcək planlarını belə gizlətmirdilər. Onlar guya Bakıya da gələcəkləri, digər şəhərlərimizdə müəyyən işlər çevirəcəkləri barədə xəyallar qururdular, işğalçılıq niyyətlərinin genişləndirəcəklərini aşkar bəyan edirdilər. Qısası, kobud səslənsə də deyim ki, çox həyasızcasına öz niyyət və məqsədlərini əvvəlcədən bəlli etmişdilər”.
Şair Ramaldanov vurğulayıb ki, bu çirkin niyyətlərə baxmayaraq, müharibə Azərbaycanın qələbəsi ilə nəticələndi. Ordumuz 44 gün ərzində qarşısına qoyulan bütün tapşırıqları uğurla yerinə yetirdi. Artıq ərazi bütövlüyümüz tam şəkildə bərpa olunub:
“Qısa müddətdə işğalçı ölkənin silahlı qüvvələri Azərbaycanın ərazisini tərk etməyə məcbur oldular. Ordunun böyük bir hissəsi darmadağın edildi. Yerdə kiçik və gücsüz bir ordu qalmışdı ki, onlar da cənab Prezident İlham Əliyevin qoyduğu şərtlərə uyğun olaraq xüsusi cədvəl əsasında tarixi ərazilərimizdən sözün həqiqi mənasında qovuldular. Nəticə bəllidir, ortada bərpa olunmuş ərazi bütövlüyümüz var və Azərbaycanı Ermənistanla təmas xətti deyil, məhz dövlət sərhədi ayırır. Ancaq bz postmüharibə dövründə belə əlisilahlı quldurlar, terrorçuların qalmasının müəyyən bir şəkildə təhlükə mənbəyi olacağını istisna etmirdik.
Bildiyiniz kimi ərazilər işğaldan azad edilən kimi dərhal bizim burada xüsusi komendantlıqlar yaradıldı, yollarda postlar quraşdırıldı. Hazırda güc strukturlarımız həmin dağınıq halda olan ayrı-ayrı silahlı şəxslər və ya kiçik silahlı birləşmələr şəklində terrorçuluq edən qüvvələrin qarşısını almaq, onları izləyərək məhv etməklə məşğuldur. Bu proseslər erməni silahlı qüvvələri Azərbaycanı tərk edəndən sonra dərhal sonra başladı. Yəni son hadisələr indi başlamayıb. Əməliyyatlarımızın uğurlu nəticələri də oldu. Xeyli sayda təslim olanlardan tutmuş, məhv edilənlərə qədər bəlli nəticələri gördük. Demək olar ki, geniş ərazidə bunları müşahidə edirdik”.
Şair Ramaldanov qeyd edib ki, yalnız Xocavənddə deyil, uzun illər işğalda saxlanmış rayon və kəndlərimizin əksəriyyətində bu kimi silahlı quldurlara rast gəlinib:
“Bu da təbii hal idi. Bizim güc strukturları yetərli qədər professionaldırlar və hazırda öz işlərinin öhdəsindən yaxşı gəlirlər. Onlar indi həmin dağınıq kiçik qrupları axtarıb tapır, izləyib məhv etməklə məşğul olurlar. Əlbəttə bu əməliyyatlar o qədər də asan deyil. Ona görə ki, bu ərazilər 30 il düşmən nəzarətində olub və hər yer minalanıb. Düşmən ərazilərimizi yaxşı tanıyır, bizim əməliyyatçılar isə hər yerə rahat şəkildə daxil ola, əməliyyatlar keçirə bilmirlər. Digər tərəfdən də sərt iqlim şəraiti, ərazilərin böyük qisminin dağlıq relyefə malik olması da öz sözünü deyir.
Bundan başqa, ərazidə yerləşən sülhməramlı qüvvələr də hələlik öz işini tam şəkildə qura bilməyib. Onlar ilkin mərhələdə özləri üçün infrastruktur hazırlayırlar. Bir qədər bu işlərlə də məşğul olsalar, yaxşı olardı. Başqa bir amil isə burada sülhməramlılar yerləşsə də, rus hərbçiləri yeni gəldikləri əraziləri yaxşı tanımırlar. Hələlik sadəcə postlar şəklində fəaliyyət göstərirlər. Onların yerdəyişmələri hansısa məhdud yollara bağlı olur. Başqa bir tərəfdən monitorinq qrupu tam şəkildə fəaliyyətə başlamayıb. Ona görə də, bütün bu müvəqqəti boşluqları nəzərə alsaq, belə amillərdən istifadə edən təxribatçıların əməllərinə təbii hal kimi baxmaq olar”.
Hərbi ekspert onu da vurğulayıb ki, bütün bu məsələlər öz həllini tapandan, güc strukturlarımız daha rahat hərəkət etməyə başladıqdan sonra məlum təxribat əməlləri də tam şəkildə aradan qalxacaq:
“Qısası, bu cür başıpozuq silahlı birləşmələrin hansısa böyük təhlükələr yaradacağına inanmıram. Ola bilər ki, indiki təxribatçılar müəyyən maraqlı dairələr tərəfindən maliyyələşdirilib təlimatlar alırlar. Yəni belə bir məqsəd də ola bilər ki, ordumuzu təxribata çəkib bizimlə yaxınlıqda yerləşən sülhməramlılar arasında problemlər yaşatsınlar. Bütün bunlar yenə də nəticəsiz olacaq, digər istiqamətlərdə olduğu kimi bu məsələlər də bizim uğurlu qələbəmizlə nəticələnəcək. Çünki dövlət qurumları var gücü ilə ərazilərdə infrastrukturu bərpa etməklə məşğuldur. Əsas istiqamətlər hazırda torpaqların minalardan təmizlənməsidir. Yavaş-yavaş dağlıq və meşəlik ərazilərə geniş və rahat nəzarətimizi təmin edəcəyik. Bundan sonra həmin quldurların tam şəkildə axırına çıxacağıq.
Düşünürəm ki, ordumuzun sözügedən ərazilərdə olan birləşmələrində ciddi təhlükəsizlik tədbirləri görülür və bundan sonra da digər lazım olan addımlar atılacaq. Məhz əsgərlərimizin ayıq-sayıqlığının nəticəsi idi ki, 6 erməni qulduru məhv edildi. Bu cür cavablar həmin qüvvələri yerində oturdacaq və onlar görəcəklər ki, anormal fəaliyyətləri tez bir zamanda məhdudlaşdırılır. Tarixdə belə faktlar çox olub. İkinci dünya müharibəsindən sonra illərlə Sovet İttifaqının ərazisində qalmış quldur silahlı dəstələrlə mübarizə aparılıb. Harada ki, müharibə olub, postmüharibə dövründə orada bu cür təxribatçılar, quldurlar, terrorçuların qalıqlarının fəaliyyəti görünüb. Biz əvvəldən də bilirdik ki, hansı düşmənlə döyüşürdük. 30 ildir çox hiyləgər, çirkin əməlləri olan, insaniyyətdən uzaq düşmənlə üz-üzə idik. Amma xalqımız qələbə çaldı və hazırda bu çirkinliklərin tör-töküntülərini aradan qaldırmaqla məşğuluq. Düşünürəm ki, bundan sonra da hər şey silahlı qüvvələrimizin nəzarəti altında olacaq. Amma belə kiçik təxribatların baş verməsi bundan sonra da istisna edilmir. Ta ki, biz onları tam təmizləyib ərazilərimizdə birdəfəlik məhv edənə kimi bu cür insidentləri eşidə bilərik. Zənnimcə, peşəkar ordumuz yaxın gələcəkdə bu işin öhdəsindən layiqincə gələcək”.
Xəbər verdiyimiz kimi, srağagün Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib. Düşmənin təxribatı nəticəsində hərbi qulluqçumuz, əsgər Qənbərov Elmir Rayil oğlu şəhid olub, əsgər Əliyev Emin Süleyman oğlu isə yaralanıb.