Fevralın 28-də Dövlət Sərhəd Xidmətinin (DSX) Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən “N” saylı hərbi hissəsində gənc əsgərlərin aniçmə mərasimi keçirilib.
Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra DSX-nin rəisi, Sərhəd Qoşunlarının komandanı, polkovnik-leytenant Elçin Quluyevin, yaradıcısı müstəqil dövlətimizin banisi, Ulu Öndər Heydər Əliyev olan Dövlət Sərhəd Xidmətinin sıralarına qatılmaları münasibətilə gənc əsgərlərə və onların valideynlərinə təbrik telefonaqramı çatdırılıb.
Tədbirdə çıxış edən DSX rəisinin müavini, general-leytenant Azad Ələkbərov Ulu Öndərin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsində ən müasir tələblər səviyyəsinə qaldırıldığını, dövlət sərhədlərinin toxunulmazlığının təmin olunması istiqamətində davamlı, dinamik inkişafa nail olduğunu bildirib.
A. Ələkbərov Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlərə müvəffəqiyyətlər arzulayıb dövlətimizin diqqət və qayğısı sayəsində yaradılmış ideal şəraitdən bəhrələnərək xidmətdə yüksək nəticələrə nail olacaqlarına və hərbi anda sadiq qalacaqlarına əminliyini ifadə edib.
Mərasimdə çıxış edən gənc əsgərlərin valideynləri yaradılmış şəraitə görə ölkə başçısına minnətdarlıqlarını bildirib, övladlarına Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.
Tədbir gənc əsgərlərin tribuna önündən təntənəli marşla keçidi ilə başa çatıb.