16 iyun 2021 17:57
2895

"Yay məktəbləri" başladı: Öyrənmək və öyrətmək, ödənişsiz və könüllü REPORTAJ

Bildiyimiz kimi, COVID-19-la mübarizə dövrünün tələbinə uyğun olaraq cari tədris ilinin əhəmiyyətli hissəsi distant formada təşkil edilmişdi. Məsafədən təhsil şagirdlərə bilik və bacarıqların mənimsənilməsində müəyyən çətinliklər yaratmış oldu. Pandemiya dövründə "itirilmiş öyrənmə"ni bərpa etmək üçün 16-30 iyun tarixlərində ödənişsiz və könüllü əsaslarla ümumi təhsil müəssisələrində 2 həftəlik yay məktəbləri təşkil edilib.

Xatırladaq ki, Təhsil Nazirliyi tərəfindən ümumtəhsil müəssisələrində “Yay məktəbi”inin təşkil edilməsi ilə bağlı sorğu keçirilib. Sorğuda iştirak edənlərin 44%-i bu təşəbbüsə müsbət rəy bildirib. 30 iyun tarixinədək davam edəcək “Yay məktəbi” ərzində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilib.

Qeyd edək ki, Təhsil Nazirliyi iyunun 16-dan ümumi təhsil müəssisələrində yay məktəbinin təşkili ilə əlaqədar olaraq  “#YayMəktəbi” həştəq kampaniyasına start verib. Şagird və müəllimlər qeyd edilən həştəqlə yay məktəbi ilə bağlı fotoları sosial şəbəkələrdə paylaşa bilərlər. Həştəq kampaniyası iyunun 30-dək davam edəcək.

"Yay məktəbi”ndə şagirdlər ödənişsiz və  könüllü əsaslarla iştirak edirlər

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov “İki sahil”ə açıqlamasında bildirdi ki, paytaxt üzrə 308 məktəbdə “Yay məktəbi”nə start verilib. Ümumtəhsil müəssisələrində təşkil olunan “Yay məktəbləri”ndə iştirak etmək istəyən şagirdlər 16-30 iyun tarixlərində məktəblərdəki mövcud imkanlardan yararlana biləcəklər.  “Yay məktəbi”ndə ümumitəhsil müəssisələrinin I-X sinif şagirdləri ödənişsiz və  könüllü əsaslarla iştirak edirlər. I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik 4 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 3-4 saat olmaqla təşkil olunur. I-IV siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçirilir. V-X siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri və ümumi təhsil müəssisəsinin rəhbərliyinin qərarı ilə digər 3 fənnə verilir.

“Yay məktəbi” tədris zamanı yaranmış boşluğu aradan qaldırmaq üçün alternativ alətdir

Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, fəlsəfə doktoru İlqar Orucov “İki sahil”ə açıqlamasında  vurğuladı ki, “Yay məktəbi” tədris zamanı yaranmış boşluğu aradan qaldırmaq üçün alternativ alətdir: "Bu layihə olduqca uğurlu və faydalı layihədir. Ümid edirəm ki, növbəti illərdə bu platforma daha geniş  tətbiq olunacaq. “Yay məktəbləri"nin təşkili xüsusilə, orta məktəblərdə ilk olsa da, əslində dünyanın müxtəlif ölkələrində bu kimi layihələr həyata keçirilməkdədir. Hesab edirəm ki, bu istiqamətdə Təhsil Nazirliyinin təklif etdiyi "Yay məktəbləri" bizim şagirdlərimiz üçün kifayət qədər əhəmiyyətli rol oynayacaq. Onlar tədris ili müddətində qarşılaşdıqları çətinlikləri, proqram mövzularının yerinə yetirilməsi ilə bağlı ortaya çıxmış  problemləri aradan qaldıra biləcəklər. Burada vacib məqamlardan biri də ondan ibarətdir ki, "Yay məktəbi" bütün ölkə məktəblərini əhatə edir. Baxmayaraq ki, burada şagirdlərin iştirakında könüllülük prinsipi əsas götürülür və məcburiyyət yoxdur. Ümid edirəm ki, həm şagirdlər, həm də onların valideynləri "Yay məktəbi"nin əhəmiyyətini dəyərləndirib  bu kampaniyaya aktiv qoşulacaqlar.”

İ.Orucov qeyd edib ki, "Yay məktəbləri"nin xüsusi proqramları var.  Hər sinif üzrə "Yay məktəbləri"nin proqramı tanınmış təhsil mütəxəssisləri tərəfindən peşəkarcasına hazırlanıb. Ona görə də ümid edirəm ki, şagirdlərimiz "Yay məktəbləri"ndə iştirak etməklə əlavə bilik qazanma şansını qaçırmayacaqlar və bunu faydalı şəkildə dəyərləndirəcəklər. Öyrənmək və öyrətmək üçün əlavə mühit formalaşıb. Bu cür mühit nə qədər çox formalaşsa, alternativlər təqdim olunsa bu, təhsilin çatıdırılması üçün bir o qədər əlavə resursların yaranması deməkdir.

Həmsöhbətimiz bildirib ki, "Yay məktəbləri" açıq platformadır: "Burada istənilən şagird iştirak etmək imkanına malikdirlər.  Təhsil Nazirliyi tərəfindən əlavə resurs kimi "Yay məktəbləri"nin təhsil ictimaiyyətinə  təqdim olunmasını çox müsbət dəyərləndirirəm. Əminəm ki, bunun faydalarından təhsilin bütün subyektləri  maksimum  yararlanacaqlar. Fürsətdən istifadə edib şagirdlərə müraciət etmək istərdim ki, dövlətin yaratdığı bu imkanı dəyərləndirsinlər".

Düşünmürəm ki, bunu hər il tətbiq etmək lazımdır

Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi  “İki sahil”ə açıqlamasında bildirdi ki, əgər, belə bir plan var idisə, sentyabrın əvvəlindən  araşdırma aparılardı ki, şagirdlər daha çox hansı fənlərdən çətinlik çəkirlər, hansı mövzuları yaxşı mənimsəməyiblər. Bundan sonra da sırf həmin fənn və mövzular üzrə şagirdlərə "Yay məktəbi"  və yaxud da artırılmış dərs saatları  təşkil etmək mümkün idi. İndiki durumda  İndiki halda əlavə artırılmış 2 həftə müddətində şagirdlərin ünsiyyət qurma bacarığının yaxşılaşması və əyləncə  baxımından müsbət nəticə mümkündür.

Müsahibimiz bildirdi ki, "Yay məktəbləri"ni hər il təşkil etməyi o zaman zəruri hesab etmək olar ki, ölkədə hansısa bir fövqaladə vəziyyət elan olunsun. Yaxud pandemiya ilə əlaqədar olaraq müəyyən ləngimələr olsun. Düşünmürəm ki, bunu hər il tətbiq etmək olar. Yalnız qeyd etidyim şərtlər daxilində və yaxud  il ərzində aparılan qeydlər əsasında bu, mümkündür.

“İki sahil” paytaxtın Nəsimi rayonunda yerləşən 247 saylı tam orta məktəbdə  təşkil olunan "Yay məktəb"inin ilk günü ilə tanış olub.

Məktəbin direktoru Nihal Hacıyeva “İki sahil”ə açıqlamasında bildirdi ki, "Yay məktəbi"ndə  iştirak edən şagirdlər çox həvəslidir: "Onlardan daha çox sevincli isə müəllim və valideynlərdir. Bu ilk dəfə təşkil olunan yeni layihədir. Fikrimcə, gələcək illərdə daha geniş vüsət alacaq və daha maraqlı təşkil olunacaq. 200-ə yaxın şagirdimiz ərizə ilə müraciət edib. Gedişat göstərir ki, "Yay məktəbi"nin davam etdiyi növbəti günlərdə müraciətlərin sayı daha da artacaq.”

Müsahibimiz əlavə edib ki, pandemiyanın yaratdığı müəyyən boşluqlar var ki, 2 həftə müddətində həmin boşluqları doldurmağa çalışacağıq. Məqsəd şagirdləri təkcə elmi biliklərlə yormaq deyil, onlara müxtəlif master-klasslar, öyrədici tapşırıqlar, ekskursiyalar təşkil etməkdir. Şagirdlərdə emosional gərginliyi aradan qaldırmaq üçün müxtəlif art-terapiya, korreksiya işləri aparılır. N.Hacıyeva qeyd edib ki, şagird sayı az olan siniflər yaxın siniflərlər komplektləşdirilmişdir.

Məktəbin ibtidai sinif müəllimi İlahə Hacızadə bildirdi ki, "Yay məktəbi"inin ilk günüdür: “Üçüncü və dördüncü siniflərdə 2 həftəlik proqramımızın birinci mövzusu isə sağlam qidaya həsr olunub. Uşaqlara sağlam qida haqqında maarifləndirici məlumatlar verdik, açıq havada zəruri ləvazimatlar vasitəsilə əyani olaraq da göstərdik. Məqsədimiz odur ki, bu dərslər vasitəsilə onları sağlam qidalanmaya cəlb edək. Bu mövzu şagirdlərimizin çox xoşuna gəldi. Hətta dərsin bitməyini belə, istəmirdilər. Bundan sonrakı mövzularımızı belə maraqlı şəkildə təşkil etməyə çalışacağıq.

Nahidə İbrahimova isə  bildirdi ki, sinifimizdən 12 uşaq könüllü şəkildə "Yay məktəbi"nə qoşulub: “Biz valideynləri "Yay məktəbi" ilə bağlı məlumatlandırdıqda bu yeni layihə onların böyük marağına səbəb oldu. Bir sıra suallar ünvanladılar və biz  də həmin suallara aydınlıq gətirməyə çalışdıq, tədris prosesinin fərqli  səviyyə təşkil olunacağını elan etdik. Uşaqlarımız "Yay məktəbi"nin ilk günündə çox həvəslidirlər. Azərbaycan  dili və riyaziyyat fənnlərini mən, ingilis dilini isə fənn müəllimi tədris edəcək. Proqrama daxil olan mövzuların planı tərtib olunub. Müəyyən mövzular var ki, onların möhkəmləndirilməsinə ehtiyac var ki, tədris zamanı onlara xüsusi önəm veriləcək. Bundan başqa,  proqrama ekskursiyalar, tədbirlər, hətta intellektual oyunlar və yarışlar da daxil edilib.”

"Yay məktəbi"nə övladını gətirən valideyn Bənövşə Hüseynova bildirdi ki, "Yay məktəbləri" haqqında  onları ilk məlumatlandıran müəllimələri olub. Bizim üçün də bu yenilik çox maraq kəsb etdi: “Bilirik ki, koronavirus dövründə təhsil əsasən distant təşkil olunduğu üçün, müəyyən geriləmələr olmasın deyə, bu, çox gözəl  təşəbbüsdür.  Müsbət əhəmiyyət kəsb etdiyini düşündüyüm üçün bir valideyn kimi mən bu layihəni dəstəkləyirəm və əziyyət çəkən hər kəsə öz təşəkkürümü bildirirəm.

Valideyn Könül Əsgərova "Yay məktəbi"nə könüllü müraciət etdiyini bildirdi: “İlk günün uşaqlarımızda yaratdığı təəssürat çox xoş oldu. Elə hiss etdik ki, sanki sentyabrın 15-dir və ilk gündür dərsə gəlirik. Ümidvarıq ki, 2 həftə ərzində də belədavam edəcək.

Məktəbin 7 B sinif şagirdi Zəhra  isə "Yay məktəbi"ndən çox böyük zövq aldığını bildirdi : “Yay məktəbi" zamanı dərslər, ekskursiyalar, stend layihəsi təşkil olunub və  biz bunların hər birində iştirak edəcəyik. Bu, bizim üçün çox maraqlıdır. İnşallah bu 2 həftədə çox gözəl günlər keçirəcəyik və zövqlü işlər görəcəyik.”

Ümumi qənaətə gəlsək deyə bilərik ki, pandemiyanın həyatımızda yaratdığı çətinliklər onsuz da kifayət qədər. Bura pandemiya səbəbindən təhsil sahəsində yaranan çətinliklər də aiddir.  Nə yaxşı ki, vaxt itirmədən  bu maneələri, problemləri aradan qaldırmaq üçün zəruri işlər görülür.  Bu baxımdan, "Yay məktəbləri" ilə bağlı irəli sürülən təşəbbüs də təqdirəlayiqdir. Yetər ki,  sonunda qarşıya qoyulan hədəfə tam və düzgün şəkildə çatmaq nəsib olsun.

Yaqut Ağaşahqızı, “İki sahil”