20.06.2021-ci il tarixində Ermənistanda növbədənkənar parlament seçkiləri keçirildi. Keçirildi deyəndə ki, total saxtakarlıq, qanun pozuntuları, hətta cinayətlərlə müşahidə olunan bir seçki prosesini müşahidə etdik. Seçki günü səsvermə üçün rüşvətin təklifindən, müxalifət namizədinin güllələnməsinə, müşahidəçilərin bir-birinin başına stul vurmasına, polisin namizədləri zorla həbs etməsinə, jurnalistlərin döyülməsinə qədər faktlarla yadda qaldı. Amma vəziyyətdən asılı olmayaraq, seçkilər artıq başa çatıb və Paşinyan qalib elan olunub. Məhz, elan olunub...
Lakin bir sual hələ də konkret cavab tələb etməkdədir: necə olur ki, 44 günlük müharibə zamanı 10 minədək hərbçisi məhv edilmiş, 15 mindən çox yaralısı olmuş Ermənistanın baş naziri Paşinyan yenidən qalib elan edilir? Necə olur ki, ermənilər övladlarını qırğına vermiş, ölkəni rəzil duruma salmış Paşinyanın qalib olmasına susurlar? Bax, Azərbaycanda bu suala maraqlarına uyğun olaraq siyasi qrupların özünəməxsus yorumları var...
Belə ki, şəxsi maraqları prizmasından yanaşma ortaya qoyan Azərbaycanın radikal müxalifəti bu məsələni demokratiya ilə əlaqələndirir. Çünki bu hadisəni Azərbaycan xalqına psixoloji təzyiq vasitəsi olaraq sırımaq niyyətindədirlər. Lakin seçkilərin total pozuntular şəraitində keçməsi, səslərin sayımı zamanı Ermənistanın 50 faiz ərazisində işıqların sönməsi, seçki qutularında müəmmalı çatların, sınıqların olması, hətta elektron səsverməyə və sayıma müdaxilələrin olması onu deməyə əsas verir ki, bu seçkilərin demokratiya ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Belə bir biabırçı seçkinin nəticəsində Paşinyanın qalib elan olunmasının xalqın iradəsi ilə hansı uzlaşması ola bilərdi? Demək ki, həm Paşinyandan, həm də Köçaryan-Sarkisyan cütlüyündən nifrət edən sadə ermənilərin Paşinyanın saxta variantlarla qələbə qazanmasına səsini çıxarmamasının əsas səbəbi demokratiya deyilmiş. Bəs, o zaman erməni xalqı niyə susur? Axı, onlar saxta seçki ilə hakimiyyəti əlində saxlamağa çalışan Sarkisyanı taxtdan salmışdılar. İndi niyə küçələrə çıxmırlar?
Məhz bu məqamda birbaşa və çəkinmədən deyilməlidir ki, səbəb Azərbaycanın “dəmir yumruğu”nun qorxusudur. Təsəvvür edin ki, 44 günlük müharibənin başa çatmasından 8 ay keçməsinə baxmayaraq, hələ də erməni leşləri meşələrdən toplanır, xəstəxanalarda, xüsusi dondurma maşınlarında yüzlərlə leşlər isə gizlədilməkdədir. Bu gün Azərbaycan bayrağının Ermənistanla sərhəddə dalğalanmasından, Azərbaycan hərbçisinin məğrur duruşundan qorxuya düşən sadə erməni bir daha Azərbaycanla müharibə istəyərmi? Xeyr, heç zaman. Buna görə də, pis də olsa, Paşinyanın qalib gəlməsinə etiraz etmədi, səsini çıxarmadı. Hətta, seçkilərdən bir gün sonra İrəvanda keçirilmiş sorğuda ermənilərin böyük əksəriyyətinin seçkilərin saxta keçməsi ilə bağlı fikirlərini deməsi, bir çoxlarının ümumiyyətlə səsvermədə iştirak etməməsi dediklərimizi bir daha sübut edir.

Demək ki, Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələri Azərbaycanın və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin qələbəsi idi. Parlament seçkilərində Köçaryan-Sarkisyan cütlüyünün məğlubiyyəti göstərdi ki, erməni xalqı məğlubiyyətdən sonra demoralizə olunub və artıq müharibədən bezib. Erməni xalqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi mənzərəni, müharibənin nəticələrini qəbul edir, revanşistlərə yenidən meydan vermək niyyətində deyil. Erməni xalqı eyni zamanda Soros Fondunun diqtəsi ilə hərəkət edən Paşinyana da səsini çıxarmadı, çünki Paşinyan da xalqını yeni müharibənin başlanması ilə şantaj edirdi. Elə ABŞ-dakı seçkilərə belə irad bildirən ATƏT-in müşahidəçilərinin səslərini çıxarmaması da Sorosun məharəti idi. Beləliklə də, erməni xalqı yuxarıda bığı, aşağıda saqqalı görürdü. Çıxılmaz vəziyyətdə olan xalqın seçimi də səmimi ola bilməzdi. Daha doğrusu, demokratik ola bilməzdi...

Bir sözlə, Ermənistanla bağlı vəziyyət ortadadır, demokratiya nağılları kiməsə həqiqi gəlmədi. Amma bir sual da Azərbaycan ictimaiyyətini narahat etməkdir. Hansı səbəbdən AXCP, Müsavat, Milli Şura kimi partiyalar Paşinyanın qələbəsinə sevinirlər? Niyə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbəyə, Zəfərə ləkə atan, kölgə salan, sevinməyən, Qarabağda aparılan bərpa işlərini vandallıq, barbarlıq adlandıranlar Ermənistandakı xaotik vəziyyətə demokratiya deyib, “yallı” gedirlər? AXCP, Müsavat, Milli Şura rəhbərliyində olanların Ermənistandakı seçkilərin Azərbaycana nümunə ola biləcəyi ilə bağlı fikirləri nə qədər səmimidir? Yəni, radikal müxalifət istəyir ki, Azərbaycanda da seçkilər zamanı müxalifət namizədlər güllələnsin, seçki günü həbs olunsun, müşahidəçilərin başına stul vurulsun, jurnalistlər döyülsün, səslərin sayımı zamanı işıqlar, kameralar söndürülsün? Əli Kərimli, Arif Hacılı, Əli Əliyev kimilər buna demokratiyamı deyir? Onlar Azərbaycanda belə seçkimi arzulayırlar?

Düşünürəm ki, belə seçkiləri heç bir siyasi qüvvə, dövlət və xalq istəməz, arzulamaz. Bəs, o zaman niyə Əli Kərimli, Arif Hacılı kimilər belə bir mövqe tutublar? Bu sualın cavabını isə Paşinyana seçkilərin saxtalaşdırılmasına, ATƏT-in müşahidəçilərinin susmasına şərait yaradan Sorosun maliyyəsində, tapşırıqlarından axtarmaq lazımdır. Əslində, Əli Kərimli, Arif Hacılı üçün fərqi yoxdur, seçki demokratikdir, ya yox. Onlar üçün əsas ianələr, qrantlar və hakimiyyətdir. Adları çəkilən marionetkalar 2003-cü ildə sinələrində qızılgül, 2004-cü ildə boyunlarında narıncı şərf, 2005-ci ildə əllərində zambaq, 2011-2012-ci illərdə başlarında əmmamə, 2018-ci ildə üzərilərində sarı jilet və Paşinyanın şəkli ilə gəzirdilər. Onlar bu cür hadisələrin fonunda gözlərini yumur, həzin Soros musiqisi fonunda transa düşür, özlərinin hakimiyyətdə olduqlarını xəyal edirlər. Olsun, öyrəşdiyimiz mənzərədir. İmkan verək, yenə də xəyallara dalsınlar, transa düşsünlər...
Ramil Vəlibəyov
XİN: Dünyadakı milyonlarla qaçqın və məcburi köçkünlə həmrəyliyimizi ifadə edirik
İordaniya Haşimilər Krallığı Xalq Məclisinin Nümayəndələr Palatasının sədri ölkəmizə səfərə gəlib