02 iyul 2021 17:24
1286

Həm gözəlləşək, həm də özümüzü COVID-19-dan qoruyaq FOTO

Pandemiya dövrünün tələb və şərtlərinə uyğun olaraq fəaliyyət göstərməli olan məkanlarından biri də gözəllik salonlarıdır. Gözəllik salonları koronavirusa yoluxma riskinin yüksək olduğu yerlər sırasındadır. Bu məkanlarda bütün kosmetoloji xidmətlər göstərildiyi üçün kiçik bir səhlənkarlıq virusun yayılmasına gətirib çıxara bilər. Elə kosmetik vasitələr var ki, onu nə yumaq olur, nə də spirtlə dezinfeksiya etmək olur. Belə olan halda, tək koronavirus deyil, istənilən virus rahat şəkildə yayıla bilər.

İyul ayının 1-dən etibarən toyların keçirilməsinə icazə verilməsi ilə bərabər gözəllik salonlarında yarana biləcək sıxlığın qarşısını almaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən pandemiya dövründə bərbər və gözəllik salonlarının fəaliyyətinə dair qaydalar müəyyənləşib.

Qaydalarda bildirilir ki, onlayn növbə qəbul sisteminin tətbiq olunmalı, iş proseslərindən əvvəl və sonra əllər mütləq yuyulmalı, bərbərlər və onlarla birgə çalışan şəxslər müvafiq formalar geyinməlidir, xidmət zamanı hər müştəri üçün ayrı önlük istifadə olunmalıdır, əməkdaşların və müştərilərin tibbi maskadan istifadəsi məcburidir. Kosmetoloji xidmətlər zamanı xidmət göstərənin sipərlik, tibbi maska və əlcəkdən istifadəsi məcburidir, hər bir müştəri üçün ayrı dəsmallar istifadə olunmalıdır, qayçı, ülgüc, təraş maşınlarının başlıqları və istifadə edilən digər alətlər mütləq dezinfeksiya edilməlidir, ülgüc, epilyasiya iynə ucları kimi deşici və kəsici alətlər tibbi tullantı qutusuna atılmalı və tibbi tullantı kimi ləğv edilməlidir, qayçılar və ülgüc başlıqları yuyulduqdan sonra spirtlə təmizlənməlidir.

Vəziyyəti yeridə araşdırmaq üçün paytaxtdakı gözəllik salonlarından birinə baş çəkdik.

Kosmetik vasitələr üçün istifadə edilən fırçalar imkan daxilində ya birdəfəlik olur, ya da tez-tez yuyulur, dezinfeksiya edilir

Suallarımızı cavablandıran salonun sahibəsi Anaxanım Dadaşova bildirdi ki, salonun fəaliyyəti zamanı pandemiya ilə əlaqədar Operativ Qərargahın müəyyən etdiyi bütün qaydalara əməl edilir: “Müştəriləri öncədən onlayn növbə ilə qəbula yazılmaqla qəbul edirik. Çalışırıq ki, sıxlıq olmasın, ara məsafə gözlənilsin. Bu, ilk növbədə öz əməkdaşlarımızın, daha sonra xidmət üçün müraciət edən insanların sağlamlığı baxımından vacibdir. Salon hər gün gigiyenik vasitələrlə təmizlənir və dezinfeksiya olunur. Əməkdaşlarımızın gündəlik istifadə etdikləri avadanlıqlar mütləq şəkildə hər müştəridən sonra dezinfeksiya edilir. Müştəri üçün istifadə edilən kosmetik vasitələrin birdəfəlik olması mümkün deyil. Ona görə də kosmetik vasitələr üçün istifadə edilən fırçalar imkan daxilində ya birdəfəlik olur, ya da tez-tez yuyulur və dezinfeksiya edilir. Bir müştəri üçün istifadə edilən fırça və digər avadanlıqlar digər müştəri üçün istifadə edilmir. Belə məqamlara mütləq əməl olunur ki, salonumuza müraciət edən müştərilər arasında virusa yoluxma təhlükəsi olmasın. Salonumuza gələn müştərilərimizi gözəlləşdirməkdən əlavə sağlamlıqlarını da qorumalarına yardımçı oluruq.”

Biz xanımlar gözəlləşmək üçün salonlara müracət edirik, amma...

Salona xidmətlərdən yararlanmaq üçün müraciət edən xanım müştəri Nərgiz Rəhimovanın sözlərinə görə, o, artıq salona gedərkən mütləq şəkildə onlayn növbə götürür: “Virusdan qorunmaq üçün sıxlıqdan uzaq durmalıyıq. Ara məsafəni gözləməli, maskadan və əlcəkdən istifadə etməliyik, çünki salonlar virusun daha çox yayıla biləcəyi məkanlardan biridir.

Biz xanımlar gözəlləşmək üçün salonlara müracət edirik, amma,  həm özümüzün həm də ətrafımızdakıların da sağlamlığını düşünməliyik. Hamımız çalışaq müəyyən edilən qaydalara və şərtlərə əməl edək. Əməl edək ki, tezliklə bu bəladan qurtulaq. Həm gözəlləşək, həm də özümüzü koronavirusdan qoruyaq”

Röya Rasimqızı, “İki sahil”