03 iyul 2021 12:39
834

Osmanqızı etiraf etdi: Mənim də qrant yerim vardır

Sevinc Osmanqızının bəzi hallarda canlı yayımları zamanı dili sürüşür və həqiqəti söyləyir. Belə hallarla bəzən qarşılaşsaq da, bu, əsasən etiraf olur. Elə bu dəfə də Osmanqızının dili sürüşüb və həqiqəti deyib: “Mənim də qrant yerim vardır”.

Əslində, Osmanqızının bu etirafına heç də təəccüblənmədik. Çünki hər kəs yaxşı bilir ki, Sevinc Osmanqızının maliyyələşdiyi mənbələr var. Bu, məhz həmin mənbələrdir ki, Sevinc Osmanqızına Azərbaycana “çaqqalxana”, azərbaycanlılara “xuliqan, dələduz”, Hərbi Qənimət Parkına “vandalizm, barbarlıq aktı” deməyə məcbur edir. Bu, eyni mənbələrdir ki, Sevinc Osmanqızına 2018-ci ildə "doğum günü hədiyyəsi" kimi ABŞ-ın Florida ştatının varlılar məkanı kimi tanınan Mayami şəhərinin prestijli məhəlləsində - "Biscayne" küçəsində yerləşən 261 min dollarlıq mənzil verib. Bu elə o mənbələrdir ki, Sevinc Osmanqızını ABŞ-da maşınla təmin edib, onun bahalı butiklərdə alış-veriş, prestijli restoranlarda nahar, övladlarına bahalı həyat təmin etməyinə şərait yaradıb. Onun Virciniya ştatının “Tyson Coner” ərazisində yerləşən bahalı ticarət obyektlərindən bazarlıq etməsi də dediklərimizin isbatıdır. Bir sözlə, Sevinc Osmanqızının qrant mənbəyinin olduğunu çox yaxşı bilirdik, amma özünün bunu etiraf edəcəyini gözləmirdik.

Lakin çox maraqlıdır ki, hər gün canlı efirdə Azərbaycan jurnalistlərini təhqir edən, onlara “alçaq”, “şərəfsiz”, “yaltaq” deyən Sevinc Osmanqızı bu qədər qrant vəsaitlərinin qarşısında özü də yaltaqlıq, satqınlıq etmirmi? Daha doğrusu, yaltaqlığı, satqınlığı o mənbəyə edir ki, həmin qrant “koşelyoku” Azərbaycan dövlətinin və xalqının milli maraqlarına zərbə vurmağa çalışır. Yəni, Sevinc Osmanqızı anti-Azərbaycan mövqeyində olan mənbələrdən qrant almaqla bir növ dövlətimizin və xalqımızın milli maraqlarını satmış olmurmu? O zaman azərbaycanlılar üçün Sevinc Osmanqızının 10 noyabr bəyanatından sonra təxribat törətməyə çalışmış erməni diversantlarından fərqi nə olur?

O zaman sual olunur ki, Azərbaycan jurnalistlərinə “alçaq” deyib təhqir edən Sevinc Osmanqızı həyat yoldaşını aldadaraq, uşaqlarını Türkiyəyə, oradan isə ABŞ-a qaçırmaqla görəsən hansı hərəkəti edib? Görəsən, Azərbaycan jurnalistlərinə “satqın” deyib bir daha təhqir edən Sevinc Osmanqızının ABŞ-da fəaliyyət göstərən xarici kəşfiyyat zabiti ilə münasibətlər quranda hansı addımı atıb? Azərbaycan jurnalistlərini hökumətdən mənzil almaqla satıldıqlarını iddia edən Sevinc Osmanqızı, bəs, ABŞ-da 261 min dollarlıq mənzili hədiyyə olaraq qəbul edərkən hansı vəziyyətə düşüb?

Belə olan halda Sevinc Osmanqızının Azərbaycan jurnalistlərinə atdığı şər və böhtan, etdiyi təhqirlər nə üçündür, kimin üçündür? Azərbaycan jurnalistlərindən obyektivlik, dürüstlük tələb edən Osmanqızı, bəs, özü nə üçün 261 min dollarlıq evi necə alması barədə hesabat vermir?

Ümumiyyətlə, Sevinc Osmanqızı jurnalistika və jurnalist dedikdə nəyi nəzərdə tutur? O və onun qrant mənbələri nə üçün yeni “KİV haqqında” qanun layihəsinə qarşısıdır? Əlbəttə ki, bu sualların cavabları ayrı bir mövzunun müzakirə predmetidir. Lakin Osmanqızının təhqirlərindən görünən odur ki, o, hər əlinə telefon alıb, şəkil, video çəkəni, yaxud bir “youtube” kanalı, informasiya saytı, sosial şəbəkə hesabı qondarıb dövlət məmurlarını, iş adamlarını şantaj edib, reketçiliklə məşğul olanları jurnalist hesab edir. Elə canlı efirinə çıxardığı “jurnalist” qonaqlarından da bunu müşahidə edirik. Bariz nümunəsi Əfqan Sadıqlı barədə olan canlı yayımlardır. Bu, həmin Əfqan Sadıqlıdır ki, şantaj yolu ilə dövlət məmurundan 10 min manat alarkən həbs edilib. Bu adama necə jurnalist deyəsən? Demək ki, Osmanqızının və onun qrant mənbələrinin nəzərində Azərbaycanda jurnalistika Əfqan Sadıqlı kimilərin əlində olmalıdır, media sahəsində cəngəllik qanunları işləməlidir, Azərbaycan cəmiyyətinin informasiya sektoru "təhqir maşınları"nın, reketlərin əlində olmalıdır...

Əlqərəz, düşünürəm ki, Sevinc Osmanqızının qrant mənbələrinin ideya platformasına görə baxışları hər kəsə aydındır. Amma indiki məqamda bu aydınlıq kifayət etmir. Artıq Osmanqızının “alçaq”, “şərəfsiz”, “yaltaq” deyib təhqir etdiyi jurnalistlər sözünü deməli, onu ifşa etməli, jurnalistika, söz azadlığı, demokratiya adına ləkə olduğunu sübuta yetirməlidirlər...

Ramil Vəlibəyov