06 iyul 2021 19:17
1198

Təyyarənin qəzaya uğradığı yerdən görüntülər yayıldı VİDEO

Bu gün Rusiyanın Kamçatka bölgəsində qəzaya uğrayan An-26 sərnişin təyyarəsinin qalıqlarının videogörüntüləri yayılıb.

“İki sahil” xəbər verir ki, hazırda İstintaq Komitəsi qəzanın bir neçə versiyasını nəzərdən keçirir. Bunlar əlverişsiz hava şəraiti, texniki nasazlıq və ya pilotun səhvidir.

Kamçatka səlahiyyətliləri təyyarənin eniş edərkən məsafənin düzgün hesablanmamasından şübhələnirlər. Kamçatka Aviasiya Müəssisəsinin direktor müavini Sergey Qorb həmin vaxt əsən güclü küləyin təyyarənin qəzasına səbəb ola biləcəyini söyləyib. Onun sözlərinə görə, təyyarə eniş trayektoriyasında olmayan sahil qayasına çırpılıb.

Qeyd edək ki, bu gün Kamçatkada yoxa çıxan sərnişin təyyarəsinin qəzaya uğraması bəlli olub. Petropavlovskdan Kamçatkanın Palan kəndinə uçan təyyarə təyinat nöqtəsindən doqquz kilometr aralıda radarlardan itib.Təyyarənin göyərtəsində 6 ekipaj üzvü, iki uşaq və qəsəbə başçısı Olqa Moxireva da daxil olmaqla ümumilikdə 28 nəfər olub. Qəza ilə bağlı xüsusi komissiya yaradılıb. İlkin məlumata görə, qəzadan sağ qalan yoxdur.