08 iyul 2021 16:52
1229

“İki sahil” ölkənin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynamaqdadır - VİDEO

Ötən əsrin sonlarında Azərbaycanda milli azadlıq hərəkatı vüsət aldıqca buna paralel olaraq ölkədə bir sıra müstəqil media qurumları da formalaşmağa başladı. Bu qurumlardan biri olan “İki sahil” qəzeti yarandı. Digər media qurumları ilə yanaşı, “İki sahil” müstəqilliyimizin əldə olunmasında, müasir müstəqil Azərbaycanın formalaşmasında media qurumu olaraq əhəmiyyətli rol oynadılar. Azərbaycan bu illər ərzində müstəqilliyini qazandı və bu gün artıq regionun aparıcı, güclü dövlətlərindən birinə çevrilib. Təbii ki, dövlətin formalaşmasında media orqanlarının da çox ciddi, əhəmiyyətli rolu var.

“İki sahil” qəzeti yarandığı gündən elə adı ilə çox ciddi mesaj vermiş oldu. O taylı, bu taylı bütöv Azərbaycanın birliyi uğrunda mübarizə apardığını özünün devizi elan etdi. Bu illər ərzində daim inkişaf etdi. Bu gün “İki sahil” ölkənin ictimai-siyasi həyatında kifayət qədər əhəmiyyətli rol oynamaqdadır.

“İki sahil” bu illər ərzində qəzet formatında çıxırdı. İndi isə bu media qurumunun internet saytı və televiziyası formalaşıbdır. Bütövlükdə bu uğurların əldə olunmasında başda Vüqar Rəhimzadə olmaqla “İki sahil” kollektivinin çox böyük rolu var.

Mən bu 30 ilin tamam olması münasibətilə başda Vüqar Rəhimzadə olmaqla qəzetin bütün kollektivini təbrik edirəm. “İki sahil” qəzetinə, saytına və internet televiziyasına bundan sonrakı fəaliyyətində də uğurlar arzu edirəm. Müstəqil Azərbaycanın uğurlarında bundan sonra da əhəmiyyətli rolu olmasını diləyirəm.

Arzuxan Əlizadə,

Azərbaycan Milli İstiqlal Partiyasının sədri