«İki sahil» hər zaman jurnalistikanın təməl prinsiplərinə sədaqətlə yanaşır, Azərbaycan reallıqlarının təbliğini yüksək səviyyədə həyata keçirir, cəmiyyətin informasiya tələbatını ödəməklə, insanlara doğru, dəqiq və operativ xəbər çatdırmaqla özünün tarixi missiyasını uğurla yerinə yetirir. Bir sözlə, xalqa, dövlətə və dövlətçiliyə xidmət «İki sahil”» qəzetinin əsas amalıdır. «İki sahil» qəzeti fəaliyyətə başladığı ilk gündən bu günə kimi hər zaman dövlətçilik mövqeyini nümayiş etdirdi. Hadisələrə obyektiv və qərəzsiz yanaşmağı bacardı. Xüsusi olaraq xatırladığım odur ki, Azərbaycanın ərazi bütövlüyü, onun suverenliyi yolundakı mübarizəyə ən çox önəm verən qəzet olub. Azərbaycanlıları vətənpərvərliyə səsləyən, bu ruhda vətəndaşları tərbiyə edən bir qəzet kimi tanınıb.
Bu qəzet Azərbaycanın müstəqilliyi ilə demək olar ki, yaşıddır. Müstəqil mətbuat tariximizdə özünəməxsus yeri, dəst-xətti, eləcə də şərəfli tarixçəsi olan «İki sahil» qəzeti hər zaman qərəzdən, böhtandan uzaq olması, milli-mənəvi dəyərlərə hörmətlə yanaşması, ümummilli məsələlərdə vətəndaşlıq mövqeyi sərgiləməsi ilə bağlı məqalələrini çap etdirməklə ənənəsinə sadiqliyini nümayiş etdirib. Mətbuatımızın ən çətin vaxtlarında, demək olar ki, gündəlik mətbuatın olmadığı bir zamanda Azərbaycanın geniş oxucu kütləsinin çox maraqla, həvəslə mütaliə etdiyi, maarifləndiyi qəzetlərdən biri də məhz «İki sahil» qəzeti olub. «İki sahil» qəzeti, bu gün də tarixi prinsiplərinə və mövqeyinə sadiq olaraq modern şəkildə fəaliyyətini davam etdirir. Arzu edirəm ki, 30 illik yubileyini qeyd edən «İki sahil» qəzeti bundan sonrakı illərdə də Azərbaycanın ictimai-siyasi həyatında öz layiqli yerini qoruyub saxlasın. 30 rəqəminin arxasındakı sıfırların sayı da axarınca artsın.