02 mart 2016 17:02
172

Elçin Quliyev generalla görüşüb

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Rəşad Mahmudun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, görüşdə Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri məmnunluq hissi ilə qeyd olunub, hərbi-texniki, təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Dövlət Sərhəd Xidmətinin rəisi Azərbaycan Respublikasının dövlət sərhədlərindəki mövcud əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, bu ərazilərin qeyri-qanuni məqsədlərlə istifadə hallarının davam etdirilməsi qeyd olunub. Həmçinin qonaqlara transsərhəd cinayətkarlığına qarşı mübarizədə həyata keçirilən tədbirlər, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi üzrə görülən işlər və əldə olunan nailiyyətlər barədə məlumat verilib.

Müzakirələr zamanı regionda cərəyan edən hadisələr, sərhəd təhlükəsizliyinə olan çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə ikitərəfli əməkdaşlığın uğurla inkişaf etdirilməsi  istiqamətində birgə fəaliyyətlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.