Sosial şəbəkələrə, youtube platformasına, jurnalistikaya, nəhayət siyasətə təhqiri, söyüşü elə Sevinc Osmanqızı gətirir?
03.07.2021-ci il tarixində “Osmanqızı etiraf etdi: “Mənim də qrant yerim vardır” başlıqlı status paylaşmışdım. Həmin yazıda Osmanqızının etiraf videosunu yerləşdirmişdim və ABŞ-a köçəndən sonra malik olduğu mülkün, maşının, pulların haradan qaynaqlandığını sormuşdum. Lakin çox təəssüflər olsun ki, dözümsüzlük nümayiş etdirən Sevinc Osmanqızı ona ünvanlanmış fikirlərə cavab vermək əvəzinə Azərbaycan xalqını təhqir etmək yolunu seçdi. O, 10.07.2021-ci il tarixində youtube kanalında çıxış edərək dedi ki, “mən Florida ştatında 200 minlik ev almışam. Lap olmasın 200 minlik, olsun 2 milyonluq”. Bunun ardınca isə Yeni Azərbaycan Partiyasının ünvanına təhqirlər yağdırır və sonra xalqa xitabən “qoyun” deyir: “Düz edib sizi qoyun yerinə qoyurlar. Çünki siz qoyunsuz ki, qoyun”...
Görürsünüzmü, Sevinc Osmanqızın siyasi və efir əxlaqını? Hər gün canlı efirdə çıxış edib, özünü xalq üçün fədakarlıq edən birisi kimi təqdim edən Osmanqızı niyə çətinə düşəndə Azərbaycan xalqını təhqir edir? Axı, hər bir azərbaycanlının haqqıdır bilsin ki, Sevinc Osmanqızı ABŞ-a köçən kimi hansı mənbələrin hesabına 261 min dollarlıq mənzil alıb, avtomobilə sahib olub, bahalı həyat tərzi sürür? Necə olur ki, hər gün Azərbaycan hakimiyyətini müxtəlif uydurulmuş, qondarma məsələlərdə ittiham edən Sevinc Osmanqızı indi ictimaiyyətin hesabat tələbinə təhqirlə cavab verir? Bəs, demokratiya, söz azadlığı harada qaldı? Məgər, Azərbaycan xalqının haqqı yoxdurmu ki, hər gün xalq adına danışan Osmanqızı kimilərin hansı mənbələrdən qidalandığını öyrənsin? Niyə xalq Osmanqızının 261 minlik mənzili, Əli Kərimlinin mühafizəçiləri, maşınları, övladlarının xaricdəki oliqarx həyat tərzi barədə xəbərdar olmasın? Bəlkə Osmanqızı, Kərimli kimilər elə düşünürlər ki, xalqın onların Azərbaycan hakimiyyətini şantajetmə pərdəsi arxasında yüzminlik qrant, ianə əldə etməsini bilmir? Əlbəttə ki, bilir, həm də çox yaxşı...
Bəs, yaxşı Sevinc Osmanqızı bir xanım olaraq niyə təhqir yolunu seçir? Yalnız bu fakt kifayət etmirmi ki, deyək, sosial şəbəkələrə, youtube platformasına, jurnalistikaya, nəhayət siyasətə təhqiri, söyüşü elə Sevinc Osmanqızı gətirir? Axı, hələ də Sevinc Osmanqızının Azərbaycana “çaqqalxana”, azərbaycanlılara “xuliqan, dələduz”, Hərbi Qənimət Parkına “vandalizm, barbarlıq aktı” deməsi xalqmızın qulaqlarında cingildəyir. Xalq necə unutsun Osmanqızının bu təhqirlərini və ermənilərə xidmət aktlarını? Yaxşısı budur ki, Osmanqızı kimi xalq üçün çalışdığını iddia edənlər elə xalq qarşısında da hesabat verməlidirlər. Bu gün onların maliyyə mənbəyinin şəffaflığı, gizli olmaması xalq üçün daha vacibdir. Çünki xalq Sevinc Osmanqızını hər gün danışdıranın ermənilər olmadığına əmin olmaq istəyir...
Son olaraq onu da qeyd edim ki, Sevinc Osmanqızı YAP-ın və partiya üzvlərinin də ünvanına təhqirlər söyləyib. Osmanqızı unutmasın ki, bu gün YAP-ın 760 580 nəfər üzvü var. Onların sırasında cəmiyyətimizin bütün stratifikasiyasından nümayəndələr yer alıb. 760 580 nəfərin ailəsini də 4 nəfərdən hesablasaq, 3 042 320 nəfər edir. Yəni, faktiki olaraq Sevinc Osmanqızı Azərbaycan əhalisinin 30 faizinin ünvanına təhqirlər yağdırıb. İndi siz deyin, bütün bunları nəzərə alaraq, Sevinc Osmanqızının xalqın ünvanına söylənilmiş təhqirləri ağır cinayət deyilmi?
P.S. Bir də təsəvvür edin ki, Osmanqızı kimilər hakimiyyətə gəlir. Bax, tragikomediya o zaman başlayar. Osmanqızı kimilər ondan sonra xalqı təhqirlə deyil, süngü ilə qarşılayar...
Ramil Vəlibəyov