13 iyul 2021 03:36
1237

Şuşa şəhəri necə alındı? - VİDEO

Azad edilməsindən 9 aya yaxın vaxt keçən Şuşada vandallıq izləri silinməklə yeni səhifə açılır. Zaman Şuşanı sürətlə müsbətə doğru dəyişir. Ancaq hələ də şəhərdə müharibənin izləri qalmaqdadır. Şəhərin hər daşında, hər bucağında bunu görmək mümkündür. Şuşada birinci dəfə olan şəxs belə güllə izlərinin iziylə döyüşün getdiyi yerləri asanlıqla müəyyən edə bilər. Əməkdaşlarımız Şuşada müharibənin izləri ilə bir sıra maraqlı faktların şahidi olublar.

"Biz onları vururduq, onlar isə sıldırım qayanı qanları axa-axa dırmaşırdılar."... 2020-ci il noyabr ayında erməni və dünya mediasında sürətlə tirajlanan bu fikirlər aylar keçsə də, öz sübutunu qoruyub saxlayır. Sıldırım qayaları qalxaraq Şuşanı azadlığa qovuşduran igidlərimizin döyüş yolunun izləri bu daşlara olduğu kimi həkk olunub.

Şəhəri gəzdikcə ordumuzun Şuşaya hücum istiqamətlərini təyin etmək elə də çətin deyil. Cıdır düzü istiqaməti ilə gəldikdə artıq güllə izləri bizi bir istiqamətdə Şuşa türməsinə, digər istiqamətdə isə şiddətli küçə döyüşlərinin getdiyi 4 nömrəli məktəb tərəfə aparır. 

Döyüşlər vaxtı ordumuz Şuşa-Xankəndi yolunu nəzarətdə saxladığından ermənilərin şəhərə əlavə ağır döyüş texnikalarını gətirmələri mümkün olmayıb. Şuşanı belə sürətlə itərəcəklərini düşünmədiklərindən adi erməni xislətinə çevrilən "dağıdıb-məhv etmə instinkti"nə sadəcə imkanları olmayıb.

Müharibənin izləri xatirələrdə də qalmaqdadır. Şuşa fatehlərinin bəziləri bizimlə olmasalar da, şəhərdəki küçələrinin divarlarında adları yaşayır.

Zamanla bu adlar elə bu küçələrdə əbədiləşdiriləcək. Natavan küçəsindən gələn yol bizi qanları ilə tarix yazan Şuşa fatehlərinin adlarını daşıyan küçələrə aparacaq.

Xezerxeber.az