Yaponiyanın paytaxtı Tokiodakı Kinokuniya Şinjuku kitab mağazasının akademik salonunda bu ölkədə yaşayan həmvətənimiz Əlibəy Məmmədovun yapon dilində nəşr olunan “Azərbaycan adlı strategiya” kitabının təqdimatı olub.
“İki sahil” xəbər verir ki, təqdimatın keçirilməsinə kitabın mağazada yüksək satış göstəricilərinə nail olması, Azərbaycan mövzusuna marağın artması səbəb olub. Qeyd edilib ki, kitab mağazanın həftəlik satış reytinqində ön sıralarda yer alıb. Bu, son dövrlər Yaponiyada Azərbaycana marağın artdığını göstərir. Vurğulanıb ki, mayın 11-də Azərbaycan nefti ilk dəfə olaraq Yaponiyaya çatdırılıb. Bu hadisə regional geosiyasi gərginliklər fonunda Yaponiyanın enerji təhlükəsizliyinə mühüm töhfə kimi qiymətləndirilib. Çıxış edənlər Azərbaycan ilə Yaponiya arasında əməkdaşlığın inkişafından məmnunluqlarını ifadə edib, Azərbaycana təşəkkürlərini bildiriblər.
Təqdimat çərçivəsində iştirakçılar Azərbaycan mətbəxinin nümunələrini dadıblar.
Bildirilib ki, “Azərbaycan adlı strategiya” kitabı oxuculara Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı, biznes mühiti və Yaponiya ilə münasibətləri barədə geniş məlumat verir. Kitabın yapon oxucularının Azərbaycan haqqında daha dolğun təsəvvür formalaşdırmasına və ölkəmizə turist marağının artmasına töhfə verdiyi qeyd olunub.
Sonda tədbir iştirakçılarına müəllifin imzası ilə kitabın nüsxələri hədiyyə olunub.
“Azərbaycan adlı strategiya” kitabında geosiyasət, enerji təhlükəsizliyi, müharibələr, diplomatiya və dövlət idarəçiliyi kimi mövzular araşdırılır. Əsərdə Azərbaycanın regional və beynəlxalq münasibətlərdə həyata keçirdiyi balanslaşdırılmış siyasətin nəticələri və əldə olunan uğurlar təhlil edilir.
Qeyd edək ki, Əlibəy Məmmədov 2012-ci ildən Yaponiyada yaşayır. Hokkaydo Universitetində siyasi elmlər üzrə təhsil alıb. Onun 2018-ci ildə “Azərbaycanın indi maraqlı olmasının səbəbləri” adlı kitabı yapon dilində çap olunub.