14 iyul 1969-cu ildə Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gələn ümummilli lider Heydər Əliyevin həmin dövrdən başlayaraq gələcək müstəqil Azərbaycan naminə sosial-iqtisadi, hərbi, siyasi-hüquqi və ideoloji işlər görməsi aksiomadır. Bu gün kimsə mübahisələndirə bilməz ki, məhz, ümummilli lider Heydər Əliyevin fəaliyyəti nəticəsində 1969-cu ildən başlayaraq Azərbaycan sənaye ölkəsinə çevrildi, bütün sahələrin “qızıl dövrü” başlandı. Təsadüfi deyil ki, milliliyi rədd edən totalitar, repressiv sistem çərçivəsində Azərbaycanın gələcəyini düşünən ümummilli lider Heydər Əliyev hələ o dönəmdə bu gün şahidi olduğumuz tarixi proseslərin vəsiyyətini də etmişdi...
Bu vəsiyyətlərdən biri Zəngəzur dəhlizi ideyası idi. Zəngəzur dəhlizi ideyası Azərbaycan tərəfinin hələ 1970-ci illərdən xüsusi diqqətində olub. Azərbaycan xalqının mənfur düşməni Zori Balayan özünün bədnam “Ocaq” əsərində bu yolun bağlanmasını zəruri sayır, onu Turan yolu adlandırırdı. 1970-1980-ci illərdə ulu öndər Heydər Əliyev Siyasi Büronun üzvü olan zaman inşasına başlanılan Mehridən keçən Naxçıvan-Bakı avtomobil yolu türklərin Böyük Turan layihəsinin icrasına zəmin hazırlamaq məqsədi daşıyırdı. Lakin Ermənistan KP MK katibi Dəmirçiyanın etirazlarından sonra layihə dayanmışdı.
İkinci vəsiyyət isə Şuşa şəhəri ilə bağlı idi. Ümummilli lider Heydər Əliyev Şuşaya adi bir şəhər deyil, zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı. Hətta, 1970-ci illərin ikinci yarısında ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə bir neçə xüsusi qərar da qəbul edilmişdi...
Bu gün isə Azərbaycan gələcəyinə hesablanmış bu vəsiyyətləri Prezident İlham Əliyev reallaşdırmaqdadır. 44 günlük Vətən müharibəsi zamanı xüsusi əməliyyatla Şuşa şəhərinin azad olunması, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi, 270 illik tarixi olan Şuşa şəhərinin yenidən bərpa edilməsi, dirçəldilməsi, əvvəlki şöhrətinin qaytarılması Ümummilli Liderimizin Şuşa ilə bağlı vəsiyyətinin tam həyata keçirildiyini isbatlayır. Eləcə də 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndi və 2021-ci il 11 yanvar tarixində Moskvada imzalanmış 4 bəndlik bəyanat Zəngəzur dəhlizinin reallaşması üçün hüquqi zəmin yaradır. Beləliklə, Prezident İlham Əliyev Şuşanın azad olunmasında olduğu kimi Azərbaycanın gələcək inkişafına və daha da güclənməsinə hesablanmış Zəngəzur dəhlizini bərpa etməklə də ata vəsiyyətini yerinə yetirir...
Yalnız bu iki fakt onu sübut edir ki, müstəqil və müasir Azərbaycan ümummilli liderimiz Heydər Əliyevin ideyaları, vəsiyyətləri əsasında inkişaf edir. Bu prizmadan çıxış edərək əminliklə demək olar ki, müstəqil Azərbaycanımızın gələcəyi də Ümummilli Liderimizin ideya və siyasi kursuna bağlıdır. Bu ideyaları və siyasi kursu isə ancaq Prezident İlham Əliyev reallaşdıra bilər.
Ramil Vəlibəyov
İordaniya Haşimilər Krallığı Xalq Məclisinin Nümayəndələr Palatasının sədri ölkəmizə səfərə gəlib
BMT-də Azərbaycanın humanitar yardım alan ölkədən donor ölkə statusuna keçdiyi qeyd olunub