Şuşada Molla Pənah Vaqifin məqbərəsinin önündə 39 illik tarixi olan Vaqif Poeziya Günlərinin yenidən, həm də Zəfər ovqatlı ilə təntənəli təşkili xalqımıza əvəzsiz sevinc hissi yaşatdı. Bu möhtəşəm tədbir sabahımız üçün verilən maraqlı mesajları ilə də tariximizin yaddaşına həkk olundu.
Tarixə çevrilən dünən
Ötən əsrə aid mənbələrdə bildirilir ki, 1967-ci ildə Heydər Əliyev Şuşada olarkən Molla Pənah Vaqifin məzarını ziyarət etmək istəyib, lakin görkəmli şairin məzarını tapa bilməyiblər. Ulu Öndərin göstərişi ilə məzar tezliklə tapılıb. 70-ci illərin əvvəllərində bərbad halda olan, dağılmış məzarı ziyarət edən Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev çıxışlarının birində Şuşada gördüyü məzarın Molla Pənah Vaqifə layiq olmadığını söyləyib. Beləliklə, rəhbərin göstərişi ilə 1980-1981-ci illərdə Vaqifin məzarı üstündə abidə və türbə ucaldılıb.
Molla Pənah Vaqifin muzey - məqbərə kompleksinin inşasına Azərbaycanın tanınmış memarları Əbdülvahab Rahim oğlu Salamzadə və Eldar İbrahim oğlu Kanukovun layihəsi əsasında 1977-ci ildə başlanılıb. Kompleks Şuşa şəhərinin Cıdır düzünə yaxın ərazidə şairin 1797 -ci ildə edam olunduğu ərazidə cəhrayı rəngli yerli mərmərdən inşa edilib. O zaman muzeydə Molla Pənah Vaqifin Şuşa həyatını əks etdirən dövrə aid olan 80-ə yaxın eksponat da sərgilənirdi.
1982-ci ilin yanvarın 14 -də Azərbaycanın o zamankı rəhbəri Heydər Əliyevin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsinin və Şuşada Poeziya Evinin təntənəli açılışı olub. Həmin qarlı qış günündə keçirilən açılış mərasiminə Şuşaya ölkəmizin istedadlı sənət adamları toplaşıb. Həmin tarixdən etibarən hər il avqust ayında Vaqif Poeziya Günləri təşkil olunub. Ənənəyə çevrilən və Azərbaycan ədəbiyyatı tarixində öz bənzərsizliyi ilə seçilən Vaqif Poeziya Günləri 1991-ci ilədək hər il avqust ayında şairin vətəni Qazaxdan başlayıb, Şuşanın əsrarəngiz Cıdır düzündə yekunlaşardı. Ədəbiyyatsevərlər arasında böyük maraqla qarşılanan bu günlər çərçivəsində şeir gecələri ilə yanaşı, konsert proqramları da təqdim edilirdi.
1992-ci ildə erməni qəsbkarları Şuşadakı milli-mənəvi, dini və tarixi-memarlıq abidələrimizi talayaraq məhv edib, həmçinin Molla Pənah Vaqifin məqbərəsini dağıdıblar. Bu gün artıq 39 illik tarixi olan Vaqif Poeziya Günləri 29 il idi ki, işğal nəticəsində Şuşada keçirilmirdi. Lakin Azərbaycan xalqı öz sevimli şairini bir an da olsun unutmadı. Molla Pənah Vaqifin adının UNESCO-nun “2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilməsi Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş bu qüdrətli söz ustasının yaradıcılığındakı humanist dəyərlərə verilən yüksək qiymətin təzahürü idi. 2017-ci il, həmçinin Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY tərəfindən “Molla Pənah Vaqif İli” elan edilərək, bu çərçivədə tədbirlər keçirilmişdi. Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 12 yanvar tarixli Sərəncamına əsasən, ölkəmizdə şairin xatirəsinə həsr edilmiş elmi-praktik konfranslar, rəsm sərgiləri və digər bu qəbildən olan silsilə tədbirlər təşkil olunmuşdu.
Hamımızın gözlədiyi tarixi gün
"Əziz dostlar, təxminən, 40 il bundan əvvəl, bax, bu yerdə atam durmuşdu, mən isə o tərəfdə durmuşdum. Şaxtalı-qarlı havada Vaqifin məqbərəsinin açılışı idi. Ondan sonra ikinci dəfə 1982-ci il iyulun 29-da atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim. O vaxt Vaqif Poeziya Günləri keçirilirdi. Bu gün isə ikinci dəfə Vaqifin məqbərəsinin açılışını biz qeyd edirik. Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri ki, hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və yenidən biz nəfəs almağa başlamışıq”
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev avqustun 30-da Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olunan Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimindəki çıxışı zamanı deyib.
Aşılış mərasimində "Bir də Şuşanı görəcəyimə inanmırdım" deyən və Şuşada olduğuna görə Azərbaycan Prezdentinə, müzəffər ordumuza minnətdarlığını bildirən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev çıxışına bu sözlərlə yekun vurub: “Biz buraya Zəfər yolu ilə gəldik. Bu yolun əvvəli var, amma sonu yoxdur. Bu yol uzandıqca uzanacaq. Bu Zəfər yolu Azərbaycanın hərbi gücünün yoludur, siyasi gücünün yoludur, iqtisadi gücünün yoludur və möhtəşəm Azərbaycan mədəniyyətinin, Azərbaycan ədəbiyyatının Zəfər yoludur!"
Rəsmi açılış mərasimindən sonra tədbir iştirakçıları Molla Pənah Vaqifin bərpa edilmiş və yenidən qurulmuş muzey-məqbərə kompleksini ziyarət ediblər. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində avqustun 31-də isə xalq şairlərinin, həmçinin orta nəsil və gənc şairlərin çıxışları, muğam sənətkarlarının ifaları dinlənilib, “Nizamidən Vaqifə” adlı poetik kompozisiya tədbirə xüsusi rəng qatıb. Xalq artistləri Mehriban Zəkinin, Pərviz Məmmədrzayevin, Əməkdar artistlər Gülzar Qurbanovanın və Elşən Rüstəmovun çıxışları alqışlarla qarşılanıb. Azərbaycan təbiətinin, tarixinin və sənətinin nadir incisi olan Şuşa şəhərində keçirilən Vaqif Poeziya Günlərinə “Qarabağ, ana yurdum” mahnısı ilə yekun vurulub. Molla Pənah Vaqifin ölməz ruhu da sanki ziyarətinə gələn iştirakçılara uğurlu yol diləyirdi.
Sabahımıza işıq salan mesajlar
Prezident İlham Əliyevin Şuşa şəhərini ölkənin mədəniyyət paytaxtı elan etməsi, burada “Xarıbülbül” musiqi festivalının və Vaqif Poeziya Günlərinin bərpa edilməsi təkcə Şuşa şəhərində deyil, bütövlükdə torpaqlarını işğaldan azad etmiş və ərazi bütövlüyünə qovuşmuş müstəqil Azərbaycanda mədəni həyatının böyük təntənəsidir.
Vaqif Poeziya Günlərinə ürək dolu sözlə gələnlər sırasında Xalq şairi Sabir Rüstəmxanlı Şuşada yenidən bərpa olunan şeir bayramının dünyaya bir mesaj olduğunu qeyd edib: “İlk növbədə Şuşanın işğaldan azad olunması, Azərbaycanın qədim mədəniyyət mərkəzinin ruhunun özünə qayıtması, ədəbiyyat adamlarının bura gəlişi, Vaqif məqbərəsinin və Poeziya Günlərinin bərpası son dərəcədə böyük bir tarixi hadisədir. Bu, bizim tariximizin parlaq səhifəsidir.”
Azərbaycan Prezidenti Şuşada Vaqif Poeziya Günlərinin iştirakçıları ilə səmimi söhbəti zamanı gələn il Poeziya Günlərini beynəlxalq tədbir kimi keçirməyi bildirib. Xalq yazıçısı Anar da dövlət başçısına oktyabr ayında Azərbaycan yazıçılarının növbəti qurultayının Şuşada keçirilməsini və xaricdən də qonaqların iştirak edəcəyini söyləyəndə Prezident: “Keçirin, yaxşı olar. Yer də var burada keçirmək üçün” deyə razılığını bildirib.
Dövlət başçısının Vaqif Poeziya Günlərinin aşılış mərasimində qeyd etdiyi kimi, festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər artıq keçirilir və keçiriləcək: “Demişdim ki, Şuşanı biz dirçəldəcəyik. Bu da baş verir, biz Şuşanı dirçəldirik. Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!”
Nurəddin Muğanlı, “İki sahil”