Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Respublikanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, Prezident mükafatçısı, Bakı Musiqi Akademiyasının dosenti Əyyub Quliyev Almaniyanın nüfuzlu musiqi bayramlarından biri olan İmmlinq Opera Sənəti Festivalında iştirak etmişdir.
"İki sahil" xəbər verir ki, Almaniyanın ən füsunkar bölgələrindən biri olan Bavariyada – Qut İmmlinq şəhərində keçirilən festival hər il Avropa, ABŞ, Latın Amerikası, Çin və Yaponiyadan dəvət olunmuş tanınmış opera müğənniləri, dirijor və rejissorları bir yerə toplayır. 25-ci dəfə keçirilən yubiley festivalı 25 iyundan başlayaraq müxtəlif uğurlu və yeni lahiyələri ilə diqqəti cəlb etmişdir – C.Rossininin “Cenerentola” və C.Puççinin “Madam Batterflay” operalarının yeni quruluşu, V.A.Mosartın musiqisinə həsr olunmuş “Mozarts Eskapaden” gecəsi, “Tanqo və trio”, “Çelissimo” instrumental konsertləri ilə bərabər festival çərçivəsində vokal ifaçılarının beynəlxalq müsabiqəsi baş tutmuşdur. Avqust ayının sonuna qədər davam edən festivalın son 3 günü – 27-28-29 avqust tarixlərində azərbaycanlı dirijor Əyyub Quliyev və Bavariya Festival Orkestrinin çıxışları ilə yadda qalmışdır. Konsertlərdə Bavariya orkestri ilə bərabər beynəlxalq ifaçılardan ibarət xor və ABŞ, Litva, Danimarka, Rusiya, Çin və Qırğızıstandan dəvət olunmuş istedadlı opera müğənnilərin yer aldığı konsertlərdə C.Puççinin “Turandot”, “Bohema”, Q.Donisettinin “Sevgi şərbəti”, C.Verdinin “Maqbet”, “Traviata” və “Luiza Miller”, A.Dvorjakın “Rusalka” və A.Tomanın “Hamlet” operalarından nümunələr səsləndirilmişdir. Ancaq konsertlərin əsas yaddaqalan hadisələrdən biri Bavariya Festivalı orkestr tərəfindən ifa olunan və alqışlara səbəb olan dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Üverturanın ifası olmuşdur. Müxtəlif ölkələrdən – Almaniya, Avstriya, İtaliya, Rumıniya və Gürcüstandan dəvət olunmuş tanınmış musiqiçilərdən ibarət Bavariya Festivalın orkestrinin bu ifası ayaqüstə alqışlarla qarşılanmışdır. Azərbaycanlı dirijorla bərabər festivalın bədii rəhbəri Korneliya fon Kersenbrok və Gürcüstanın tanınmış xormeysterləri – Arçil Uşveridze və Mixail Edişeraşvilinin konsertlərdə iştirakı isə gecənin dostluq və birlik simvoluna çevrilməsinə səbəb olmuşdur. 3 saata qədər davam edən konsertin sonunda dinləyicilərin xüsusi marağını nəzərə alaraq Əyyub Quliyev və konsertin digər iştirakçıları proqrama əlavə olaraq opera nümunələrini ifa etmişlər.