Martın 7-də Dövlət Sərhəd Xidmətinin (DSX) Lənkəran Sərhəd Dəstəsinin qarnizonunda inşa olunmuş yeni yaşayış kompleksi istifadəyə verilib.
Kompleksin açılış mərasimində çıxış edən DSX-nin rəisi, Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev dövlət sərhədlərimizin toxunulmazlığının təminatı sahəsində dinamik inkişafın uğurla davam etdirildiyini diqqətə çatdırıb. Sərhədçilərin xidmət şəraitinin yaxşılaşdırılması, mənzil təminatı məsələlərinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin daim diqqət mərkəzində olduğunu vurğulayan DSX rəisi bu sahədə qazanılan nailiyyətlərdən danışıb. Qeyd olunub ki, bu diqqət və qayğısı sayəsində sərhəd mühafizəsi təkmilləşdirilir, maddi-texniki baza möhkəmləndirilir, sərhədçilərin sosial-məişət problemləri həllini tapır.
E.Quliyev hərbi qulluqçulara xidməti mənzillərin orderlərini təqdim etdikdən sonra yaşayış kompleksində yaradılmış şəraitlə tanış olub, sərhədçi ailələri ilə çay süfrəsi arxasında söhbət edib.
Sərhəd Dəstəsindəki mövcud 150 mənzilli yaşayış binalarının sırasına yeni əlavə edilən bina iki, üç və dördotaqlı 38 mənzildən ibarətdir. Bütün mənzillər mebel, məişət və texniki avadanlıqla təmin edilib, birinci mərtəbədə idman zalı inşa olunub.
Səhərcikdə mərkəzləşdirilmiş müşahidə, istilik və işıqlandırma sistemi quraşdırılıb, 3500 kvadratmetr ərazidə abadlıq və yaşıllaşdırma işləri görülüb. Müxtəlif ağac və gül kolları əkilib, istirahət guşələri yaradılıb, 4000 kvadratmetr asfalt örtük döşənib.
Yaşayış kompleksinin ərazisində, həmçinin mini-futbol və voleybol meydançası, uşaqlar üçün əyləncə və istirahət guşəsi yaradılıb.