06 dekabr 2021 19:32
912

Daşkəsəndə Vətən müharibəsi şəhidlərinin anım günü qeyd olunub

Şəhidin xatirəsinə tikilmiş bulaq kompleksinin açılış mərasimi olub

Dekabrın 6-da daşkəsənli Vətən müharibəsi şəhidləri əsgər Elnur Sahib oğlu Bağırovun və əsgər Məhəmməd Vaqif oğlu Abdullayevin anım mərasimi keçirilib. Daşkəsən rayonundakı Şəhidlər xiyabanında keçirilən mərasimdə Daşkəsən Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, şəhid anaları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhidlərin xatirəsi yad edilib, məzarlarına gül-çiçək düzülüb, dualar oxunub.

Anım mərasimində çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Namiq Süleymanov şəhidlərin ailələrinə rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin adından bir daha başsağlığı verərək onlara Allahdan səbir diləyib. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qüdrətindən, həmçinin şəhidlərin həyat və döyüş yolundan söz açıb.

Daha sonra Daşkəsən rayonunun Xoşbulaq kəndində Vətən müharibəsi şəhidi Məhəmməd Abdullayevin xatirəsinə tikilmiş bulaq kompleksinin açılış mərasimi olub. Açılış lentini RİHB-nin müavini Namiq Süleymanovla şəhidin valideynləri kəsiblər.

Şəhid Elnur Bağırovun anası Çiçək Bağırova, şəhid Məhəmməd Abdullayevin atası Vaqif Abdullayev, anası Aybəniz Abdullayeva göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Vətən müharibəsi şəhidi əsgər Elnur Sahib oğlu Bağırov 1993-cü il aprelin 16-da Daşkəsən şəhərində anadan olub. O, ixtisasca hərbçi, peşəkar snayperçi olub. Elnur Bağırov Vətən müharibəsində şəxsi igidlik və şücaət göstərib. Elnur Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. O, 2020-ci il dekabrın 6-da Daşkəsən rayonundakı Şəhidlər xiyabanında dəfn olunub. Prezident İlham Əliyevin sərəncamları ilə şəhid Elnur Bağırov “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Vətən müharibəsi şəhidi əsgər Məhəmməd Vaqif oğlu Abdullayev 1999-cu il aprelin 19-da Daşkəsən rayonunun Xoşbulaq kəndində anadan olub. Məhəmməd Vətən müharibəsində şəxsi igidlik və şücaət göstərib. O, Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Şəhid 2020-ci il dekabrın 6-da Daşkəsən rayonundakı Şəhidlər xiyabanında dəfn olunub. Prezident İlham Əliyevin sərəncamları ilə şəhid Məhəmməd Abdullayev hərbi hissə qarşısında vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, “Döyüşlərdə fərqlənməyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah Şəhidlərimizə rəhmət eləsin!

Elmar Əliyev – Vüqarlı,
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini