06 sentyabr 2026 12:37
110

Şuşanın qayalarına yazılan adlar: Vətənpərvərlik tarixə iz salmaq deyil, tarixi qorumaqdır

Şuşada tarixi və təbii ərazilərdə qayaların üzərinə müxtəlif yazıların həkk olunması cəmiyyət üçün ciddi düşünüləsi məsələdir. İlk baxışdan bunu adi bir davranış, gənclərin emosional hərəkəti və ya “xatirə qoymaq” cəhdi kimi qiymətləndirmək mümkün görünə bilər. Lakin söhbət Şuşadan gedirsə, məsələnin mahiyyəti tamamilə dəyişir.

Şuşa Azərbaycan xalqının tarixini, mədəniyyətini və milli yaddaşını özündə yaşadan şəhərdir. Buradakı qayalar, daşlar, qalalar, məscidlər, küçələr və digər tarixi məkanlar yalnız fiziki obyekt deyil, keçmişdən gələcəyə ötürülən ən dəyərli mirasdır. Bu mirasa vurulan hər bir zərər, əslində, gələcək nəsillərin öz tarixini olduğu kimi görmək və tanımaq imkanına vurulan zərərdir.

Bəzən “adımı yazım, xatirəm qalsın” düşüncəsi ilə edilən hərəkət vətənpərvərlik kimi təqdim olunur. Halbuki vətənpərvərlik öz adını tarixin üzərinə yazmaq deyil. Vətənpərvərlik tarixə öz adını yazdırmaq yox, tarixi qorumaqdır.

Xüsusilə Şuşa kimi azadlığı uğrunda böyük mübarizə aparılmış bir məkanda bu məsələ daha həssas yanaşma tələb edir. Şəhidlərimizin əziz xatirəsini yaşatmağın ən doğru yolu onların uğrunda can verdiyi torpağın, mədəni irsin və milli dəyərlərin qorunmasıdır. Əgər bir insan şəhidlərin adını hörmətlə çəkir, amma onların bizə əmanət etdiyi tarixi abidənin divarına və ya qayasına öz adını yazırsa, burada ciddi bir ziddiyyət yaranır.

Şəhidlərimizin uğrunda can verdiyi dəyərlər yalnız ərazi bütövlüyü ilə məhdudlaşmır. Bu torpağın tarixi, mədəniyyəti, memarlığı və milli kimliyi də həmin dəyərlərin ayrılmaz hissəsidir. Ona görə də tarixi abidəyə sahib çıxmaq, onu dağıntıdan, laqeydlikdən və insan müdaxiləsindən qorumaq da Vətənə xidmətin bir formasıdır.

Şuşaya gedən hər kəs özündən bir sual soruşmalıdır: Mən buraya iz qoymağa gəlmişəmyoxsa mövcud olan tarixi izi qorumağa?

Çünki Şuşanın qayalarında adların qalmasına ehtiyac yoxdur. Orada əsrlərin yaratdığı tarix artıq var. Bizim borcumuz həmin tarixi dəyişdirmək deyil, onu qoruyaraq gələcək nəsillərə çatdırmaqdır.

Şəhidlərin xatirəsinə ən böyük ehtiram onların qoruduğu torpağa və həmin torpağın tarixinə sahib çıxmaqdır. Şuşanı sevmək onun qayalarına ad yazmaq deyil — onun hər daşını qorumaqdır!

Anar Tağıyev

NUHÇIXAN