29 oktyabr 2026 09:45
107

Ağdaşda ideoloji işin prioritetləri müzakirə olunub

Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayının yekunlarının və qarşıdakı dövr üçün müəyyən edilmiş strateji hədəflərin müzakirəsi məqsədilə YAP Ağdaş rayon təşkilatının Kotavan və Abad kənd ərazi partiya təşkilatlarında görüşlər keçirilib. Görüşlərdə Xınaxlı, Kotavan, Ağzıbir, Pirəzə və Abad kəndlərini təmsil edən partiya fəalları iştirak ediblər.

“İki sahil” xəbər verir ki, görüşlərin əvvəlində müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Görüşlərdə YAP Ağdaş rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi Anar Şahmuradov çıxış edərək partiyanın sədri, Prezident İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi fikirlər və qarşıya qoyduğu strateji məqsədlər barədə məlumat verib. O, dövlət başçısının çıxışında diqqətə çatdırılan əsas məqamlardan danışaraq partiyanın fəaliyyətinin müasir dövrün tələblərinə uyğun şəkildə təşkil edilməsinin vacibliyini qeyd edib.

Anar Şahmuradov bildirib ki, ideoloji işin köhnəlmiş metodlardan kənar, müasir çağırışlar nəzərə alınmaqla qurulması yerli partiya təşkilatlarının üzərinə mühüm vəzifələr qoyur. O, Azərbaycanın Zəfər qazanaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyi şəraitdə milli həmrəyliyin gücləndirilməsinin, sağlam ideoloji mühitin yaradılmasının və dövlətçilik prinsiplərinin təbliğinin əsas istiqamətlərdən olduğunu vurğulayıb.

Görüşlərdə çıxış edən ərazi partiya təşkilat sədrləri və partiya fəallarından Məhəmmədiyə İsayev, Fəqan Məhərrəmov, İlhamə Abduləzizova, Teymur Səfərli, Şəfa Musayeva və Lətif Mustafayev qurultayın nəticələri ilə bağlı düşüncələrini bölüşüblər. Onlar Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursunu dəstəklədiklərini bildirərək, YAP-ın müasir ideoloji xəttinin rayonda həyata keçirilməsi, milli-mənəvi dəyərlərin qorunması və dövlətçilik ənənələrinin təbliği istiqamətində fəaliyyətlərini bundan sonra da davam etdirəcəklərini qeyd ediblər.