Media nümayəndələri üçün “Əlilliyin düzgün dərk edilməsi” mövzusunda təlim keçirilib
Dekabrın 7-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi tərəfindən “Əlilliyi olan şəxslərə diqqət və qayğının artırılması məqsədi ilə maarifləndirici nəşrlərin hazırlanması” layihəsi çərçivəsində “Əlilliyin düzgün dərk edilməsi” mövzusunda media nümayəndələri üçün təlim keçirilib.

Təlimdə əlillik və mediada etik standartlar mövzularında çıxış edən ekspertlər- “Müstəqil Həyat Tərzi Əlillərə Dəstək” İctimai Birliyinin sədri, Dünya Əngəllər Birliyinin İdarə Heyətinin üzvü, əlillik məsələləri üzrə ekspert Aydın Xəlilov və Bakı Dövlət Universitenin dosenti Vəfa İsgəndərova jurnalistləri məlumatlandırıblar.

“İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədri, QHT.az saytının rəhbəri, layihə meneceri Cəsarət Hüseynzadə açılış nitqində məlumat verib ki, layihənin məqsədi cəmiyyətin diqqətini əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə, sosial problemlərinin həllinə cəlb edilməsinə, onların fiziki, əqli və intellektual potensiallarının üzə çıxarılmasına nail olmaq məqsədilə məlumat və maarifləndirici xarakterli nəşrlərin hazırlanaraq əhali arasında geniş yayılması işinin təşkil edilməsidir.
Onun dediyinə görə, layihə çərçivəsində əlilliyi olan şəxslərin hüquqlarının təşviq edilməsi və bununla bağlı informasiya mühitinin yaradılması məqsədilə 3 mövzuda buklet hazırlanıb və 4 maarifləndirici videorolikin hazırlanması nəzərdə tutulub, eyni zamanda əlilliyi olan istedadlı şəxslərin potensiallarının üzə çıxarılması və təbliğ olunması üçün 3 məqalə - reportaj və 2 videorolik hazırlanıb.
C.Hüseynzadə əlavə edib ki, layihə dövründə jurnalistlər və jurnalistika fakültəsinin tələbələri üçün əlilliyin düzgün dərk edilməsi mövzusunda 3 təlim keçiriləcək. Media nümayəndələri üçün keçirən təlim isə adından göründüyü kimi əlilliyin düzgün dərk edilməsi ilə medianın əlilliyi olan şəxslərin sosial adaptasiyasında rolunun gücləndirilməsinə xidmət edir.
Bəzi KİV əməkdaşları əlilliyi olan insanlar barəsində elə ehtiyatsız ifadələr işlədirlər ki...
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin mütəxəssisi Sevinc Cəfərova vurğulayıb ki, həssas sosial qruplar ilə bağlı həyata keçirilən proseslərdə cəmiyyətin bütün sektorunun birgə fəaliyyəti vacibdir.
Təlimdə əlilliyin dərki, əlilliyin etiketi və davranış qaydaları, müyəssərlik və ağlabatan uyğunlaşma, inklüziya və müstəqil həyat tərzi mövzularında çıxış edən “Müstəqil Həyat Tərzi” Əlillərə Dəstək İctimai Birliyinin sədri, əlillik məsələləri üzrə ekspert Aydın Xəlilov daha çox cəmiyyətdə əlilliyin dərki ilə bağlı problemin mövcud olduğunu bildirib.
Ekspert qeyd edib ki, əlilliyi olanları çox vaxt normal olmayan, yararlı olmayan şəxs kimi təqdim edirlər. Bəzi kütləvi informasiya vasitələrinin əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar və əlilliyi olan insanlar barəsində elə yanlış və ehtiyatsız ifadələr işlədirlər ki, onlara dəstək vermək əvəzinə əksinə, inciklik və narazılıq yaradırlar. Bu, təəssüf doğuran yanlışların aradan qaldırılması üçün media nümayəndələri daha həssas davranmalı, bu tip sosial mövzuları işıqlandırarkən məlumatlı və diqqətli olmalıdırlar.

Daha sonra isə Bakı Dövlət Universitetinin dosenti Vəfa İsgəndərova "Mediada etik standartlar (ənənəvi və sosial media fonunda)" mövzusunda təqdimatla çıxış edib.
V.İsgəndərova mövzu ilə bağlı yerli və xarici mətbuat üzərində apardığı monitorinqlərin nəticələrini təlim iştirakçıları ilə bölüşüb.
Təlim maraqlı müzakirələrlə davam edib. Sonda təlimdə iştirak edən jurnalistlərə sertifikatlar təqdim edilib.
Onu da qeyd edək ki, əlilliyi olan şəxslərin sağlam həyata qaytarılması yalnız ailənin, hər hansı dövlət və ya qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə məhdudlaşmamalıdır. Əlilliyi olan şəxslərə xüsusilə də uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər bir üzvünün mənəvi borcuna çevrilməlidir.
Yaqut Ağaşahqızı, “İki sahil”
Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilib
Şuşanın qayalarına yazılan adlar: Vətənpərvərlik tarixə iz salmaq deyil, tarixi qorumaqdır
BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə diqqətli olmağı tövsiyə edib