08 dekabr 2021 11:03
1087

Masallıda şəhid Sübhan Həsənovun il mərasimi keçirilib - FOTO

Masallı şəhərində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Sübhan Rauf oğlu Həsənovun anım mərasimi keçirilib.

Mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və Milli Məclisin deputatı Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX Masallı rayon şöbəsinin əməkdaşları, YAP Masallı rayon təşkilatının fəalları, şəhid ailələri, ağsaqqallar, qazilər, şəhər sakinləri, Bakı, Gəncə, Mingəçevir şəhərindən, Kürdəmir, Ağcabədi, Lerik, Yardımlı rayonlarından gələn qonaqlar və başqaları iştirak ediblər.

Ş.Məmmədov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsindəki xalqımızın göstərdiyi birlik və həmrəylikdən bəhs edib: “Dahi rəhbərin möhkəm təməl üzərində qurduğu dövləti, onun siyasi varisi, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev qüdrətli bir ölkəyə çevirdi. Sübhanlar bizə Zəfər Bayramını yaşatdılar. Masallıda bütün şəhid ailələri bir məğrurluq nümayiş etdirdilər. Sübhanlar bizə vüqarımızı və qürurumuzu qaytardılar. Sübhan kimi gənclərimizlə hər zaman qürur duyacağıq! Sübhan və adını çəkmədiyim cəbhə yoldaşlarının vətənpərvərliyi sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub. Azərbaycanın 44 günlük Vətən müharibəsi dünya tarixinə yazılıb.”

Şəhid əsgər Sübhan Həsənovun ailəsi, şəxsən atası Rauf Həsənov, şəhər camaatı, qazilər hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Masallı rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Sübhan Rauf oğlu Həsənov 26 iyul 2001-ci il tarixində Masallı şəhərində anadan olub. O, 2007-2018-ci illərdə şəhid İsfəndiyar Zülalov adına Masallı şəhər 5 nömrəli tam orta məktəbində təhsil alıb. Masallı Rayon Gənclər və İdman İdarəsinin nəzdindəki Uşaq Gənclər İdman məktəbinin cüdo bölməsinin yetirməsi kimi dəfələrlə rayon və zona yarışlarının mükafatçısı olub. 2019-cu ilin 30 iyul tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılıb. İgid döyüşçü Goranboy rayonunda yerləşən hərbi hissədə snayperçi əsgər kimi xidmətə başlayıb. Sonra Tovuz döyüşlərində iştirak edib. Azərbaycan Ordusunun əsgəri Sübhan Həsənov 27 sentyabr 2020-ci il tarixdə Silahlı Qüvvələrimiz tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı Füzuli, Ağdərə və Suqovuşan istiqamətində gedən döyüşlərdə düşmənə qarşı böyük mərdliklə döyüşüb. Cəsur döyüşçü oktyabrın 2-də Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. İki aydan sonra nəşi tapılıb. Dekabrın 7-də doğulub boya-başa çatdığı Masallı şəhər qəbiristanlığında böyük izdihamla dəfn edilib.

Döyüşlər zamanı göstərdiyi igidliyə və vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Sübhan Rauf oğlu Həsənov ölümündən sonra “Vətən uğrunda”, "Cəsur döyüşçü", “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Ağa Rəşid Talıbov, QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Məftun Hüseynov və başqaları “Qurani-Kərim”dən ayələr oxuyub, ölkə başçımıza, ölkəmizə, millətimizə dualar ediblər.

Sonra mərasim iştirakçıları Masallı şəhər qəbiristanında şəhid əsgər Sübhan Həsənovun məzarını ziyarət edib, şəhidin xatirəsi ehtiramla anıb, məzarı önünə təzə güllər düzüblər.

Əlihüseyn Şükürov,

Masallı rayon sakini