08 dekabr 2021 21:38
829

Xarkovda "Xarıbülbül" Mədəniyyət və Təhsil Mərkəzində "Ümummilli lider Heydər Əliyev dərsləri” keçiriləcək FOTO

Azərbaycan Respublikasının Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov Xarkov şəhərinin "Aynur Xatun" Azərbaycan Qadınları Cəmiyyətinin "Xarıbülbül" Mədəniyyət və Təhsil Mərkəzinin tədris proqramına "Ümummilli lider Heydər Əliyev dərsləri" kursunu daxil etməyi təklif edib.

"Xarıbülbül" Mədəniyyət və Təhsil Mərkəzi Azərbaycan Respublikasının Xarkov şəhərindəki Fəxri Konsulluğunun himayəsi altında fəaliyyət göstərir. Belə ki, Fəxri Konsulluq Azərbaycan Bazar günü məktəbi, Şahmat klubu, müxtəlif yaş qrupuna aid azərbaycanlı uşaqların öz xalqının tarixini, ana dilini, milli rəqslərini, adət-ənənələrini öyrəndikləri Rəqs studiyasını özündə birləşdirən Mərkəzin tədris prosesini daimi maliyyələşdirir.

"Ümummilli lider Heydər Əliyev dərsləri”nin keçirilməsi ilə bağlı təklifi Əfqan Salmanov "XaraBulbül" Mədəniyyət-Təhsil Mərkəzinin təşkil etdiyi, şagirdlərin və onların valideynlərinin iştirak  etdiyi toplantıda səsləndirib. Fəxri konsul, siyasi elmlər namizədi Əfqan Salmanov tədbirdə çıxışı zamanı tədris proqramına XX yüzilliyin ən müdrik siyasətçilərindən biri olan ulu öndər Heydər Əliyevin tərcümeyi-halı, siyasi fəaliyyəti və ümumilikdə həyatını öyrənən "Ümummilli lider Heydər Əliyev dərsləri" adlı icbari tədris kursunun daxil edilməsini təklif edib: “Azərbaycanlıların bir xalqı kimi bəxti gətirib ki, onun Heydər Əliyev kimi Lideri olub. Yalnız Heydər Əliyev kimi görkəmli dövlət xadimi  xalqımızı parçalanmaqdan, vətəndaş müharibəsindən xilas edə bilərdi. Ulu Öndər müstəqil və azad Azərbaycan dövlətinin memarı oldu. Məhz Ulu Öndərin dahiyanə uzaqgörənliyi və qətiyyəti nəticəsində bu gün Azərbaycan Respublikası Heydər Əliyevin siyasi kursunun uğurlu davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir, dünya ölkələri arasında ən nüfuzlu yerlərdən birini tutur. Vətənimizin ərazi bütövlüyünün bərpası naminə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin başçılığı altında rəşadətli Azərbaycan Ordusunun qazandığı parlaq qələbə də ulu öndər Heydər Əliyevin uzaqgörənliyinin təzahürüdür.  Bizim azərbaycanlı balalarımız, dünyanın hansı ölkəsində yaşamalarından asılı olmayaraq, bu tarixi bilməli, öyrənməlidirlər.”

Çıxışının sonunda Fəxri konsul ümummilli lider Heydər Əliyevdən sitat gətirib: "Hər bir insan üçün milli mənsubiyyət onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam"!

Daha sonra tədbir iştirakçıları bildiriblər ki, belə bir kursun yalnız uşaqlar üçün deyil, böyüklər, xüsusilə gənclər üçün də təşkil edilməsi vacibdir.

Tanınmış ictimai xadim, Xarkov şəhərinin "Aynur Xatun" Azərbaycanlı Qadınlar Cəmiyyətinin rəhbəri Kifayət Cəfərova bu təklifi dəstəkləyib və Fəxri konsul Əfqan Salmanova “Ümummilli lider Heydər Əliyev dərsləri” kursunu aparmağı təklif edib.

 Yaşar Alxasov