“Bizim həyət”lə abadlaşan küçələr, sevinən sakinlər
Təmirsiz həyətlərin abadlaşdırılmasına, sözün əsl mənasında ağ günə çıxarılmasına yönəlmiş “Bizim həyət” layihəsinin sehrindən abadlaşan həyətlərin sayı artır

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ildən Bakının abadlaşdırılmağa, yenilənməyə ehtiyacı olan həyətlərinin, parklarının, meydançalarının bərpasını nəzərdə tutan “Bizim həyət” layihəsi uğurla həyata keçirilir. Layihənin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının əsasını təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.
“Bizim həyət” layihəsi əsasında aparılan abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Həyata keçirilən silsilə tədbirlər çərçivəsində Bakının Nəsimi rayonu 20 Yanvar küçəsi 7a, 9 və Hüseyn Seyidzadə küçəsi 11 saylı binaların əhatə etdiyi ərazidə abadlıq, quruculuq və yenidənqurma işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə verilib. Hazırlanmış layihəyə uyğun olaraq 20 Yanvar küçəsi 7a saylı binanın fasadı, dam örtüyü əsaslı təmir edilib, 4 ədəd giriş qapısı, pilləkən qəfəslərinin 16 ədəd pəncərəsi, yağış suları axıdan borular və navalçalar dəyişdirilib,

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün binanın həyətinə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə müxtəlif idman qurğuları quraşdırılıb.
Görülmüş işlər çərçivəsində binaların əhatə etdiyi həyətə 2000 kv.m asfalt örtüyü, 1000 kv.m-ə yaxın qazon, 200 kv.m-dən artıq tamet daşı vurulub, 300 p.m. yeni bardürlər və kiçik tullantıların atılması üçün zibil qutuları qoyulub.

Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 50 ədəd müxtəlif növ həmişəyaşıl ağac əkilib və yaşıllıqların suvarılması üçün su xətti çəkilib. Həyətdə yeni işıqlandırma sistemləri qurulub. Rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır, görülən işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.
Hazırda rayonun daha bir neçə ünvanındakı həyətlərdə də abadlıq-quruculuq və yenidənqurma işləri aparılır.
Bir vaxtlar baxımsız və təmirsiz vəziyyətdə olan həyətlər indi müasir, təmiz və abad görkəm alıb. Maraqlıdır, bu yenilik, gözoxşayan dəyişiklik haqqında həyətin sakinləri nə düşünür?
“İki sahil” sakinlərin təəssüratlarını təqdim edir:
Yaşlı insanlar əyləşmək üçün oturacaq tapmırdı

Məhəmməd Nəsirov həyətlərinin abadlaşmasında əziyyət çəkən hər kəsə təşəkkür edib. Rayon sakini bildirdi ki, həyətin indiki və əvvəlki görünüşü arasında yerlə göy qədər fərq var: "Əvvəllər bir çox problemlər var idi. Ağaclar bərbad vəziyyətdə idi. Su, yaşıllıq yox idi. İndi artıq bunların hər biri var. Bununla yanaşı, balacalarımız üçün rəngarənq və maraqlı əyləncə zonası yaradılıb. Orada uşaqlarımız oynayıb və əylənirlər. Yaşlı insanlar əyləşmək üçün oturacaq tapmırdı. İndi isə çoxlu ağaclar əkilib, ətrafında da rahat oturacaqlar quraşdırılıb. Sakinlər də təmizkar olmalı, bu gözəlliyi qoruyub saxlamağı bacarmalıdırlar. Rahatlıq, səliqə, gözəlliyi ancaq İcra Hakimiyyətindən gözləmək doğru deyil. İnsanlar da diqqətli olmalıdır. Bu qədər əziyyət çəkilib, bunu qiymətləndirmək lazımdır. İDEA İctimai Birliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə və Nəsimi Rayon İcra Hakimiyyətinə.”
IDEA İctimai Birliyi bizim həyətimizi diqqətdən kənar qoymadı

Şərqiyyə Həsənova: “Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində xeyli sayda həyətin təmir olunduğunu və sakinlərin istifadəsinə verildiyini eşitmişdik. Çox sevinirik ki, layihə çərçivəsində abadlaşdırılan həyətlərdən biri də bizim həyət oldu. Sağ olsun İDEA İctimai Birliyi, bizim həyətimizi diqqətdən kənar qoymadı. Uşaqların əylənməsi üçün başqa yerə getməyə ehtiyac yoxdur. Nəvələrim burada oynayırlar, əylənirlər. Onlar xoşbəxt olduqca, mən də sevinirəm. Bizə bu sevinci bəxş edən hər kəsə təşəkkür edirəm. Əziyyət çəkən hər bir kəsə öz dərin minnətdarlığımı bildirirəm. Yaradılan şəraitdən çox razıyıq.”
Yaradılan şəraitə görə IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevaya təşəkkür edirəm

Nərminə İsmayılova həyətdə görülən işlərdən ürəkdolusu bəhs etdi: “Mən yeni təmir olunmuş binada yaşayıram. Binanın sakini olan 60 ailə adından təşəkkür edirəm. Əvvəllər binamız da, həyətəmiz də bərbad halda idi. IDEA İctimai Birliyinin təşəbbüsü ilə dərhal müvafiq tədbir görüldü. Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri dərhal buranı təmir etməyə başladılar. Təmirdən sonra yaranan real vəziyyət isə çox gözəl və səliqəlidir. Baxdıqca insanın ürəyi açılır. Həyətimiz abadlaşdırılarkən yeni ağaclar da əkilib. Bu, həm həyəti gözəlləşdirib, həm də məhəllə sakinlərinin sağlamlığına xidmət edir. Yaradılan şəraitə görə IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevaya təşəkkür edirəm. Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbərliyinə, eləcə də əziyyət çəkən bütün əməkdaşlara həyətimizin gözəlləşməsində və yeniləşməsində göstərdikləri diqqətə və əməyə görə minnətdarıq.”
Düşünürdüm ki, görəsən bizim həyət nə vaxtsa abadlaşacaqmı?

Rasim Təhmurazov: “Neçə illərdir ki, həyətimiz pis vəziyyətdə idi. Biz də çox əziyyət çəkirdik. Uşaqlarımızın oynamağı, sakinlərimizin istirahəti üçün heç bir şərait yox idi. Başqa ünvanlarda salınan abad həyətləri gördükcə düşünürdüm ki, görəsən bizim həyət nə vaxtsa abadlaşacaqmı? Şükürlər olsun ki, artıq arzum reallaşdı. İndi mən də abad həyətin sakiniyəm. Binamızın təmiri, yenilənməsi üçün əziyyət çəkən hər kəsə təşəkkür edirəm. Onlara cansağlığı arzulayıram. Sağ olsunlar ki, biz sakinləri, eləcə də övladlarımızın qəlbini sevindirib, üzlərini güldürdülər.”
Abadlaşan həyətləri hər kəsdən çox körpələrin balaca qəlbində xoş təəssürat yaradıb
Elə bil həyət yox, parkdır

Aytac Hüseynzadə də həmin uşaqlardan biridir: “Həyətdə yaradılan şəraitdən razıyam. Mənim üçün ən maraqlı sürüşkənlər və yelləncəklərdir. Dostlarımla həyətdə oynamaq çox maraqlıdır. Nə yaxşı ki, mənim belə gözəl həyətim var. Yeni həyətimizdə dostlarımla oynayacağam, yelləncəkdə yellənəcəyəm. Çünki əvvəl oyun oynayanda yıxılırdıq, rahat oynaya bilmirdik, həyətimiz gözəl deyildi. İndi isə rahat rolik, velosiped sürə bilərik. Çünki hər yer düz və səliqəlidir. Artıq həyətdə oynamaq, vaxt keçirmək çox rahat və maraqlı olacaq. Elə bil həyət yox, parkdır.”

Apardığımız müşahidələr əsasında bu qənaətə gəldik ki, Nəsimi rayonu ərazisində abadlaşan, yenilənən və müasir görkəm alan həyətin sakinləri hazırkı vəziyyətdən çox razıdırlar. Əvvəl bərbad, indi isə abad həyətinin gözəl görkəmini, təmizliyini qoruyub saxlamaq isə bundan sonra sakinlərin üzərinə düşür.
Sağlam mühit, sağlam həyat deməkdir. 4 ildir ki, icra olunan “Bizim həyət” layihəsinin Bakının digər rayonlarında da həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar paytaxtımızın abadlaşdırmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin İDEA İctimai Birliyinə təqdim olunması xahiş olunur.
Yaqut Ağaşahqızı, “İki sahil”
Şuşanın qayalarına yazılan adlar: Vətənpərvərlik tarixə iz salmaq deyil, tarixi qorumaqdır
BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə diqqətli olmağı tövsiyə edib
FHN əhalini əlverişsiz hava şəraiti ilə bağlı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb