10 dekabr 2021 14:58
3532

Qanları ilə Zəfər nəğməsi yazan şəhidlər FOTO

Onlardan biri də Təbriz Bəkirovdur

Bakıdan yola çıxıb Ucara istiqamət alanda Günəş buludların arxasından çıxıb yenicə parıldamağa başlamışdı. Göyün üzü qıpqırmızı idi. Havada lal bir sakitlik hökm sürüdü. Sanki göy üzündə sakitlik pozulmasın deyə lap yuxarıda, ənginliklərdə uçbucaq şəklində Bakıya doğru hərəkət edən quşlar da arın-arxayın uçuşurdular. Onlar da səmanın gözəlliyindən zövq alırmış kimi, sakitliyin dadını çıxarırmışlar kimi gedəcəkləri ünvana heç tələsmirdilər. Bir anlığa mənə elə gəldi ki, göydəki quşlar hərəkət etmirlər. Göyün üzündə asılıb qalıblar. Göz işlədikcə uzanan göy üzü daha çox məşhur bir rəssamın çəkdiyi ecazkar sənət əsərinə bənzəyirdi. Bu əsərdə nələr yoxdur? Əl qabarına bənzər qara buludlar, qaqqıldaşan durna qatarı, günəşin göy üzünə sərdiyi qızılı telləri, topa-topa ağ və mavi rəngli bulud topaları… Buludlardan aşağıda göy üzünə səpələnmiş qara noqtədən azacıq yekə görünən quşlar…

Səhərin sübh çağı, payızın ilıq havası da adamın canına yağ kimi yayılırdı. Yollarda ara-sıra maşınlar görünsə də, sakitlik idi. İrəliyə doğru hərəkət etdikcə yol kənarında tikilmiş Şəhid bulaqları,Türkiyə və Azərbaycan bayraqları, eləcə də Zəfər müharibəsi qəhrəmanlarının portretləri asılmış lovhələr, bu şəkillərdə donub qalmış nur üzlü şəhidlərin Günəş kimi gülümsər gözləri yolumuza işıq saçır, nurlu, xoş baxışları ilə yoldan ötən yolçuları uğurlayırlar.

Ucara çatanda hava bambaşqa idi. Bir yağış yağırdı ki, tut ucundan çıx göyə. Hətta maşının şüşətəmizləyəni yağışı silib çatdıra bilmirdi. Nə vaxtsa Ucara belə yağış yağdığını yadıma sala bilmirəm. Bakı-Tbilisi magistral yolununun sol tərəfində ucalan bayraqların yanından sağa burulub Bağırbəyli kəndinə doğru istiqamət alırıq. Əsas yoldan az aralanmışdıq ki, əlində bel, kürək tütmuş bir dəstə kənd sakini ilə qarşılaşırıq. Adamlar leysan yağışın altında yola tökülmüş çınqıl daşını yayıb, yolu abadlaşdırmağa çalışırdılar. Maşınımızı saxlayıb bu insanlarla görüşmək qərarına gəlirik. Yolda çalışanlar jurnalist olduğumuzu bilib, salam-əleykdən sonra şəhid Təbriz Bəkirovun sabahkı anım günü ilə bağlı hazırlaşdıqlarını bildirirlər.

Nurüzlü bir qoca bizə yaxınlaşıb:

- Sabah igid oğlumuzun şəhadətinin ildönümüdür.Təbrizin iş yoldaşları, döyüşçü və uşaqlıq dostları, respublikanın müxtəli rayonlarından insanlar axışıb gələcəklər. Atalar deyiblər ki, abad kənd yolundan bəlli olar. Bizim də yollarımız çox bərbad gündədir. İllərdir bir maşın çınqıl belə verilməyib bu yollara. Gələn qonaqlardan ayıbdır. Yığışıb qərara gəldik ki, mal, davar satıb, heç olmasa bir-iki maşın çınqıl alıb yola səpək ki, gələn qonaqların yanında üzümüz qara olmasın. Qoca əli ilə qarşı tərəfi göstərib, oradır bax, şəhidimizin evi. İkicə addım qalıb. Çatmısınız…

Təbrizin valdeynlərinin yaşadığı evin qarşısında bayraqlar asılıb. Şəhid atası oğlunun xatirəsini əbədiləşdirmək üçün bulaq da tikdirib. Biz mənzil başına çatanda Təbrizin ata mülkünün həyətində də qələbəlik idi. Kənd adamları hazırlıq görür, məclisi yola vermək üçün çadır qururdular. Ağ yağış göz yaşı kimi göydən süzülürdü. Yaşlı bir qadın üzünü göyə tutub deyir:

- Ağ yağış çox yağan olur. Kəsən deyil. Belə yağışlar adətən 2-3 gün yağır. Elə bil göylər də şəhidlərimizə yas saxlayıb, göz yaşı tökür.

Başqa biri qadın isə ona cavab olaraq:

- Allahın möcüzəsi çoxdur. Bir də gördün ilahi öz hökmünü verdi. Yağış kəsib əvəzində al qırmızı gün çıxdı. Doğrudan da dünya sirli-sehirlidir. Hər şeyin hökmü uca Yaradanın əlindədir. Elə bil göylər də bir himə bəndiymiş…

Aradan bir qədər keçməmiş yağış yavaş-yavaş səngiyib, bir neçə dəqiqədən sonra görünməz oldu. Göy üzünü qıpqırmızı Günəşin al şəfəqləri bürüdü. Hamının diqqəti göylərdə idi. Göy üzünə göy qurşağı öz al-əlvan naxışını vururdu. Göyqurşağını, onun gözəl rənglərini görəndə ilk ağlıma gələn bu oldu ki, Tanrı şəhidimizin ildönümündə qalib Azərbaycan bayrağını öz əlləri ilə səmamıza çəkir. İlahiyə qədər yüksələn bayrağımızı o yüksəkliyə qaldıranlardan biri də şəhid Bəkirov Təbriz Etibar oğludur. Təbriz Etibar oğlu Bəkirov 1993-cü il yanvarın 26-da Ucar rayonunun Bağırbəyli kəndində anadan olub. İbtidai təhsilini 1999-2003-cü illərdə Bağırbəyli kənd tam orta məktəbində oxuyub. 2004-2010-cu illərdə orta təhsilini Ucar şəhərindəki 1 nömrəli tam orta məktəbdə davam etdirib. 2010-2014-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetində mühasibatlıq ixtisası üzrə ali təhsil alıb. O, 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Sülməramlı taborunda müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra Bakı şəhərində əmək fəaliyyətinə başlayıb. 21 sentyabr 2020-ci ildə Vətənini erməni qəsbkarlarının təcavüzündən qorumağa gedən igidlərimizin sırasında Təbriz Bəkirov da var idi. Qəhrəman döyüşçü Vətənin işğalçılardan azad edilməsi uğrunda oktyabrın 4-də Ağdərə, Suqovuşan istiqamətində gedən döyüşlər zamanı qəhrəmanlıq göstərərək şəhid olub.

Atası Etibar Bəkirov:

- Təbriz gözümüzün ilki, arzularımızın, xəyallarımızın nübarı idi. Ümidimiz, gözümüzün dikənəcəyi idi. Ağıllı, fərasətli, çalışqan, hər şeyi yüz ölçüb bir biçən, böyüyə kiçiyə hörmət qoyan, bir gənc idi. Bu gün burada anım tədbiri keçirmək üçün çadır qururuq. Hansı ata bunu özünə, övladına arzulayar? Hansı övladı olan atan bunü ürəyinə gətirər ki, oğlum böyüyüb şəhid olacaq. Taleyi beləymiş. Təbrizi evləndirmək istəyirdik. Evləniləsi yaşındaydı. Hər dəfə biz evlənməyini təkid edəndə, deyirdi: - Darıxmayın, evlənmək, ailə qurmaq hər zaman olar. Qoyun iş-gücümü qaydasına salım, inşAllah, siz deyəni də edəcəyəm. Bakıda mühasib işləyirdi. İşindən də çox razı idi. Elə bil şəhid olacağını əvvəlcədən duyubmuş ki, evlənmədi, hər dəfə bir şeyi bəhanə gətirirdi…

Bəzən atalar, valideynlər şəhid övladları haqqında danışarkən belə bir ifadə işlədirlər: Heyf mənim zəhmətimdən. Mən hesab edirəm ki, övlad dünyaya gətirən ata, ana onu lazımi qaydada böyütməli, qayğısına qalmalı, zəhmətini çəkməlidir. Ovladı yolunda əziyyətə qatlaşmaq hər bir valideynin borcudur. Burada təəssüf olunası bir şey yoxdur. Ovladı üçün buna çalışan ata niyə zəhmətinə heyf deməlidir, bax, onu anlamıram…

Təbriz çox çalışqan idi. Orta məktəbdə də, ali məktəbdə də gecəsini gündüzünə qatar, gələcəyini qurmaq üçün min əzaba qatlaşardı. Ali təhsil alandan sonra da kifayətlənməzdi, öz üzərində çalışar, oxuyar, mütaliə edər, biliyini artırmağa çalışardı. İngilis, rus dili kurslarına gedərdi. Öz planı var idi. Həyatını qurmağa çalışardı. Onun çəkdiyi zəhmətə heyf deyirəm. Məni onun çəkdiyi zəhmət yandırır. Şəhid olmaq üçün çalışmırdı. Yarımçıq bir ömür yaşamaq istəmirdi Təbrizim. İşindən, gücündən söz düşəndə deyirdi ki, ata, narahat olma, tezliklə hər şey yaxşı olacaq. Təəssüf… balamın arzuları gözündə qaldı. Olmadı yaxşı…

İnana bilmirəm Təbrizin şəhid olmasına. Elə bilirəm yenə gülə-gülə qapını açıb girəcək evə. Xoş danışığı, zarafatı, isti nəfəsi ilə yenə ocağımızı qızdıracaq…

Bizim faciəmiz böyük oldu. Bizim dərdimiz deyiləsi dərd olmadı. Bacımın oğlu Rəcəb Məmmədov da Füzuli, Cəbrayıl istiqamətində gedən döyüşlərdə oktyabrın 5-də şəhid olub. Təbrizlə Rəcəbin şəhid xəbərini bir gündə aldıq. Bu dərdin təsəllisi yoxur. Bu, dözüləsi dərd deyil. Bu yaranın yerini nə isə sağaltmır. İnsan özünü inandırmağa, ovundurmağa, özünə təsəlli verməyə çalışır. Təsəli tapmaq, özümü sakitləşdirmək üçün, Rəcəblə Təbrimizin xatirəsini əbədiləşdirmək məqsədilə xatirə bulağı tikdirmişəm. Düşünürəm, susuz qalan, yoldan ötən, ehtiyacı olanlar balalarıma rəhmət oxuyar, onların da ruhları sevinər. Həyatda çox yaşaya bilmədilər, heç olmasa insanların yaddaşlarında yaşasınlar. Hərdən də düşünürəm ki, nə faydası…Bir də Təbrizimə sarıla bilməyəcəmsə, bir də onun gözəl gözünü, mənalı baxışlarını görməyəcəmsə, həyat dolu arzularını eşitməyəcəmsə, o xoş gülüşünə tamarzı qaldığım kimi qalacamsa, nə mənası?.. Atanın gözləri məchul bir nöqtəyə zillənir. Gözləri yaşla dolur. Əlləri əsir. Əlləri ilə dizlərini ovur…

Əlini yanına çırpıb, oturduğu yerdən cəld ayağa qalxıb, pəncərəyə doğru gedir…

Göylərə baxıb nə görürsə, geriyə bizə sarı çevrilib mənə müraciət edərək:

- Sən Allah, dur bir bura gəl. Göy üzünə bir bax, gör nə gözəldir…

Elə bil Allah göyə nəqş vurub. Düşünürəm ki, oğlum - Təbrizim, ürəyi gözəlliklə dolu balam bir də bu gözəlliyi görməyəcək. Buna ata necə dözsün? Bu otağın qapısını açıb içəri girə bilmirəm. Təzə təmir etmişdik. Bəy otağı olacaqdı. Bəzəmişdik… Arzularım da, oğlum da quş kimi uçub getdi… Bilirəm ki, bu anda nə desəm, yerinə düşməyəcək. Dərdi tüstüyə dönüb başından çıxan ataya heç bir söz təsəlli verməyəcək. Sakit-sakit ikimiz də göyqurşağına baxırıq. Yeddi rənglə cilalanmış, Allahın yaratdığı qövsvari gözəlliyə tamaşa edirik…

Etibar üzünü mənə çevirir. Vallah, bu yeri, göyü yaradan Allah var. Bax o gözəlliyi heç bir rəssam çəkə bilməz. Tanrının məsləhətinə şükür! İndi şəhid balam cənnətdədir. Tanrının yanındadır. Oğlum Vətən yolunda şəhid olub. Təbrizim hamının gedə bilmədyi müqəddəs bir yolu gedib. Təbrizimi bu yola heç kim məcbur çıxartmayıb. Ağlamayacağam! Səbir edəcəyəm. Təbrizimə qovuşacağım, Allahımın haqqımda hökm verəcəyi günü səbirsizliklə gözləyəcəyəm. Təbrizin atası olduğum üçün həm millət, həm Vətən yanında, həm də Allah yanında üzüm ağdır. Təbriz kimi oğulun atasının fəxr etməyə haqqı var. Vətəni yaşadan oğlumla fəxr edirəm…

Anası Aliyə xanımın xatirələri:

- Təbriz uşaqlarımın heç birinə bənzəmirdi. Fərqli idi. Qayğıkeş idi. Valideyn istəyən idi. Atadan, anadan, qohumdan, qardaşdan ötrü canını qurban verərdi. Heç qəlb qırmağı, kiminsə xətrinə dəyməyi bacarmazdı. Heç elə bil acı söz nədir, kin, kudurət nədir bilməzdi. Deyib gülən, zarafat etməyi bacaran oğul idi Təbrizim. O qədər böyük arzusu var idi ki... Həmişə deyirdi ki, mənim adım nisgilli bir şəhərin adıdır. Amma zaman gələcək, Azərbaycan birləşəcək, paytaxtı da Təbriz olacaq. Adı ilə, gördüyü işlərlə, biliyi, bacarıığı ilə fəxr edərdi. Hələ uşaqkən deyərdi ki, mənimlə həmişə qürurlanacaqsınız. Fəxr edirdim Təbrizimlə. Dərslərini əla oxuyurdu. Müəllimləri ondan çox razı idilər. Hara gedirdim yaxşı sözünü, tərifini eşidirdim.Təbrizin anası olduğum üçün həmişə qürur duymuşam. Hər sözümü, sirrimi rahatca Təbrizə deyə bilirdim. Özünün otağı vardı, Bakıdan gələndə girərdik ora, qapını örtüb saatlarla baş-başa verib söhbət edərdik. Ananın nə arzusu olar? Oğlunu evli, ailəli, xoşbəxt görmək… Evləndirmək istəyirdim. Hər bazarlığını etmişdim. Deyirdim, ay Təbriz, sənin tayların evlənib, ailə, uşaq sahibi olublar, sən nəyi, kimi gözləyirsən? Deyirdi ki, ay mama, hara tələsirik, evlənəcəyəm. Darıxma. Barı evlənəydi, bir yadigarı qalaydı…

Sentyabrın 21-də Hərbi Səfərbərlik İdarəsindən Təbrizə çağırış vərəqi gəlmişdi. Dərhal da Bakıdan evə qayıtdı, bizimlə görüşüb yola düşdü. Dedi ki, məndən narahat olmayın. Gedək düşməni torpaqlarımızdan süpürüb ataq. Torpağa, Vətənə sahib çıxaq. Sonra gələrəm, bir el qızını da alaram, toy edərik. Torpağına, Vətəninə sahib çıxa bilməyəndən kişi olmaz. Açıq deyəcəm, qoy eşidən olsa lap incisin.Təbriz həmişə deyirdi ki, mən bu torpağını, atasının qəbrini qoyub qaçan insanları heç cür başa düşə bilmirəm. Onlar bu utancla necə yaşayırlar? 30 ildir dövlətin hesabına yaşayanlar görəsən dövlətin borcunu necə verəcəklər? Tanıdığımız cöngə kimi qaçqın övladları var. Saxta yolla hərbi bilet alıblar. Alverlə, fırıldaqla baş girləyirlər. Bahalı maşınları ilə toz qaldırıb əda verirlər. Qaçqınlar üçün tikilmiş binalardan ev alıb, imkansız, kasıb, fərasəti olmayan qaçqınlara kirayəyə verirlər. Görəsən onlar bu torpağın üstündə necə gəzirlər? Təbrizim vicdanlı, Vətənin təəssübünü çəkən, torpaqların işğalını özünə dərd edən oğul idi. Odur ki, çağırış xəbərini alan kimi yola düşdü. Müharibənin ilk günündən döyüşə qatıldı. Ən ağır döyüş gedən yerdə düşmənlə savaşdı balam. Oktyabrın 1-də zəng etmişdi. Çox gözəl danışdı.

Dedi ki, məndən narahat olmayın. Oğul ilk növbədə Vətənin övladı olmalıdır. Döyüşürük. Düşmənin canına od salmışıq. Yolumuz zəfər yoludur. Dedim, Təbriz özünü qoru. Arzularım var. Dedi ki, mama, bura Vətəni qorumağa gəlmişəm. Məndən nigaran olma. Bir də oktyabrın 3-də zəng etdi. Dedi ki, özünüzdən muğayat olun. Haqqını halal et. Dedim Təbriz bu nə deməkdir? Nə halallaşmaqdır? Zəhmətim də, südüm də halalın olsun.

- Ana, şəhid olaramsa, ağlama. Bir övladını Vətənə qurban de. Analar təki Vətən sağ olsun deməyə bacarmayana kimi Vətən sağ olmayacaq! Bütöv olmayacaq. Biz bu vətəni yaşatmalı, qorumalı, gələcək nəsillərə ötürməliyik. Şəhid olsam, başını dik tut. Indi Bəkirov Təbrizin anasısan, şəhid olsam qəhrəman şəhidin anası olacaqsan. Özünüzü qoruyun. Bu bizim Təbrizlə son danışığımız oldu. Yerini soruşdum, harada döyüşdüyünü soruşdum, demədi. Dedi ki, yerimizi demək, telefonla danışmaq qadağan olunub. İndi düşməndən can almağa gedirəm. Ondan sonra Təbrizdən xəbər gəlmədi. Oktyabrın 9-da şəhid olma xəbəri gəldi. Təbrizim məndən onu ağlamamağı xahiş edib. Mən oğlumu ağlamıram. Ayrılığı ağlayıram…

Həsrəti ağlayıram… Boş qalmış otağı, bükülüb gəldiyi bayrağı ağlayıram. Oğlüm hünər göstərib, qəhrəmanlıq edib. Yurdu yaşatmaqdan ötrü canını fəda edib. İşğaldan azad olunmuş torpaqlarda bayrağımız ucalanda sanıram ki, Təbriz də göylərə ucalır. Orda tikilən binalar şəhidlərə qoyulan abidələrdir. Qarabağda aparılan genişmiqyaslı abadlıq, quruculuq işləri mütləq şəhid ruhlarını sevindirir. Düşünürəm ki, Vətənin bütövləşməsində bizim də gözəl gözlü, nurüzlü Təbrizimizin payı var. Sinəmdə oğul dərdi gəzdirsəm də, Təbrizimlə fərəhlənirəm. Həmişə, hər işdə üzümüzü ağardan balam Vətənin üzünü ağardanlardan oldu…

Bacısı Təranə Məmmədzadə: 

- Təbrizlə mən evin böyük uşaqları olmuşuq. Aramızda iki yaş fərq var idi. Çox mehriban bacı-qardaş idik. Heç yadıma gəlmir ki, onunla bir dəfə də olsun mübahisə etmiş olam. Mehriban, qayğıkeş idi. Təbriz heç kimə bənzəmirdi. Çox istiürəkli idi. Həm də uşaqlıqdan çox dəqiq, düz idi. İbtidai sinifdə oxuyarkən məktəbə birlikdə gedərdik. Həmişə tezdən yerindən qalxar, məni də oyadardı. Tələsdirərdi ki, dərsə gecikirik. Hətta bir dəfə hiss etdim ki, Təbriz saatın əqrəbini 20 dəqiqə irəli çəkib saatı mənə göstərir: “Təranə bax, gecikirik. Tez ol. Tez gedək ki, müəllimlər gecikdiyimiz üçün bizə söz deməsinlər”. Qaçhaqaçla dərsə hamıdan tez gedib dərsin başlamağını gözləyirdik. Onda başa düşürdüm ki, Təbriz yenə öz oyununu oynayıb. Məni aldatdığını hiss etdiyimi biləndə üzümə baxıb bic-bic gülümsəyərdi. Onun bircə gülüşünə mən də hər şeyi qurban verməyə hazır idim. Belə məqamlarda tələsdiyimdən bəzən məktəb çantamı evdə unutduğum hallar da olurdu. İndi o günləri xatırlayanda məni gülmək tutur. Təbrizli günlərimin hamısı gözəl olub. Uşaqlıqdan çox gözəl rəssamlıq qabiliyyəti var idi. Gözəl rəsm əsərləri çəkərdi. Bir dəfə məktəbdə müəllim mənə yolka ağacı çəkməyi tapşırmışdı. Evə gəlib Təbrizdən xahiş etdim ki, mənim əvəzimə rəsmi o çəksin, mən də aparıb müəllimə göstərim ki, özüm çəkmişəm. Təbriz etiraz etdi… çəkmədi. Dedi sən müəllimi yox, özünü aldadırsan. Bu rəsmə görə neçə alacaqsansa, o sənin qiymətin olmayacaq. Pis çək, aşağı qiymət al, amma özününkü olsun. Bu sənin dərsindir…

İbtidai təhsilini bitirdikdən sonra qardaşım Ucar şəhər 1 saylı orta məktəbdə oxudu. Onun üçün çox darıxırdım. Təbrizsiz heç məktəbə getmək istəmirdim. Hətta darıxdığımdan gedib onun oturduğu partada oturub ağladığım vaxtlar da olub. Tətillərin olmasını çox istəyirdim. Bilirdim ki, tətildə Təbriz gələcək, onu doyunca görəcəyəm. Mən ondan heç doymadım ki…

Orta məktəbi qurtarıb, ali məktəbə girdi… Yenə qovhaqov, qaçhaqaç… Gəncədə oxuyanda arabir imkan düşən kimi evimizə gəlirdi. Kəndi çox sevirdi. Evə gələndə adəti ürə birinci həyət-bacanı gəzərdi. Bağa gedib meyvə yeyərdi. Sonra yuxarı, evimizə qalxardı. Çoxlu ağac, mer-meyvə əkib. Gülləri çox sevərdi. Həyətimizi gül-çiçəklə doldurmuşdu. Təbriz qardaşım olmaqdan əlavə həm də mənim ən yaxın dostum idi. Bir otağa girər, hər sözümü, sirrimi ona deyər, dərdimi onunla bölüşər, ondan məsləhət alardım. Çox şirniyyat sevən idi. Evə gələcəyini biləndə ona dadlı şirniyyatlar bişirərdim. Özüm yeməyə qıymazdım. Heç kimə də əlini vurmağa qoymazdım. Gərək birinci Təbriz yeyib, doyaydı, sonra o biri ailə üzvləri. Hər dəfə söhbət edib dərdləşəndən sonra məni qucaqlayıb sinəsinə sıxar, deyərdi: “Bacı nə yaxşı ki varsan. Yoxsa mən nə edərdim?”.

İndi mən varam, Təbriz yoxdur. Təbrizsiz yaşamaq çox çətindir. Elə bilirəm ki, boşluqda, havasızlıqdayam. Bir yüngül külək əsib məni dağa-daşa çırpıb parçalayacaq. Təbriz ali məktəbi bitirib əsgər getdi, mən isə ailə həyatı qurdum. Yenə birbirimizdən doymadıq. İndi o günləri yadıma salanda düşünürəm ki, bizim uşaqlıqdan ayrı düşməyimizin də öz səbəbi var. Allah Təbrizi bizdən alacağını bildiyi üçün bizi Təbrizsizliyə öyrədirmiş. Sentyabrın 21-də Bakıdan birbaşa Hərbi Səfərbərlik İdarəsinə gəlmişdi. Müharibəyə gedəndə gəlib mənimlə xüdahafizləşmədi. Mənimlə görüşməyib getdi cəbhəyə. Müharibə vaxtı iki dəfə zəng edib anamgillə danışıb. Mənimlə danışmayıb. Son dəfə görüşə bilmədiyimizi özümə dərd edirdim. Amma düşünürəm ki, Təbriz mənimlə ayrılarkən ağladığımı görmək istəmədiyi üçün belə edib. Mən ağlamayım, dərd çəkməyim, - deyə Təbriz dünyanı yaxardı…

Oktyabrın 11-də qaynımla ikisinin eyni anda şəhid xəbərini aldıq. Dəhşətli bir gün idi. İki əziz, iki gözəl, qayğıkeş insanın eyni vaxtda bizi tərk etməyin acısını yaşamaq dəhşətdir. İki can arasında qalmaq buna deyərlər…

Nə edəcəyimi bilmirdim. Bu yaxınlarda Təbriz yuxuma girmişdi. Elə həmin gülər üzlü, xoş sifət Təbriz idi. Məni qucaqlayıb bağrına basdı. Dedi ki, bacı məni bağışla, müharibəyə gedəndə imkan tapıb səninlə görüşə bilmədim. Məndən nigaran olma. İndi mənim yerim çox rahatdır! Ayılanda elə bildim bu, heç yuxu deyil. Yenə Təbrizimin, qayğıkeş qardaşımın cənnət kimi sinəsinə sıxılmışam. Təbriz mənim uşaqlığım, gəncliyim, həyatım, arzularımın ən şirini idi. Bilirəm ki, Təbriz cənnətdədir. Yanımızda olmasa da, bizi görür, eşidir. Deyirəm ki, qardaşım, nə yaxşı ki sən varsan. Sən həmişə bizimləsən. Nə qədər ki ürəyim döyünür, ürəyim olub sinəmdə döyünəcəksən. Allah o rahat yerini daha da rahat etsin. Şəhidlər ölməz, Vətən bölünməz! Sən bizim də Vətəndə üzümüzü ağ edən qəhrəmanlardansan.

Dostu Orxan Ağayev:

- Biz Təbrizlə uşaqlıq dostuyuq. İlk tanışlığımız 2004-cü ildə onun Ucar şəhər 1 saylı orta məktəbin 5-ci sinfinə gəlməsi ilə başlayıb. İndiki kimi xatırlayıram. Kənddən gəlmişdi, çox gözəl, yaraşıqlı, səliqəli uşaq idi. Bizimlə paralel sinifdə oxuyurdu. Məktəbə gələn ilk gündən hamının diqqətini çəkmişdi. Nədənsə hamı Təbrizlə dostluq etməkdə maraqlı idi. Çox sakit, ağıllı, həm də bilikli idi. Hamıdan fərqlənirdi. Hamıya nədəsə kömək etməyə çalışırdı. Heç elə bil uşaq deyil, uşaq görkəmində olsa da, böyük bir kişi kimi davranırdı. Dalaşmağı, küsülü qalmağı heç sevməzdi. Kimsə mübahisə edər, dalaşardısa, dərhal araya girib barışdırar, mübahisəni aradan qaldırmağa çalışardı. Tale elə gətirdi ki, 2008-ci ildə səkkizinci sinifdə oxuyarkən 5 fənn üzrə əlavə hazırlıq üçün birlikdə müəllim yanına gedəsi olduq. Bu zaman günümüz demək olar ki, bir yerdə keçərdi. 4 fənn üzrə eyni müəllim hazırlaşdırdı bizi. Bu zaman dostluğumuz daha da möhkəmləndi. Xoşbəxtlikdən ikimiz də universitetə qəbul ola bildik. Mən Bakını, Təbriz isə Gəncəni seçdi. Təhsil aldığım illərdə həm maddi, həm mənəvi çətinliklərim çox olub. Həmişə də köməyimə Təbriz çatıb. O, mənim talismanım, xilaskar mələyim idi. Elə bil hər çətinliyə düşəndə yuxusuna girirdim. Vallah, o,məni axtarırdı. Bəzən təəccüblənirdim ki, çətinlikdə olduğumu, problemimi görəsən Təbriz haradan bilib? Demək ki, Allah insanlara, yaxşı, xeyirxahlığı bacaran bəndələrinə bunu da bildirirmiş…

Ali təhsil aldıqdan sonra əsgərlik xidmətini bitirib birlikdə işləməyə başladıq. Təbriz çox ailəcanlı idi. Ailəsi üçün hər şey edərdi. Bir dəfə ikimizin də Yeni ili ailəsi ilə birlikdə keçirmək imkanımız var idi. Təbriz üç gün fasiləsiz işlədi ki, mən Yeni ili valideynlərimlə keçirmək istəyirəm. O, valideynlərinin sevinmələri, könülləri xoş olması üçün hər nə desəydin, edərdi. Təbriz heç vaxt özünü düşünən, özü üçün yaşayan insan olmayıb. Ailəsini, dostlarını, tanışlarını, onu sevən insanları düşünüb. Bu adamdan tanıdığım bu zamanda nəyə isə yox dediyini heç eşitmədim. Varına yox deməyib. Təbrizə nədən ötrüsə ağız açan, kömək istəyən kimsə deyə bilməz ki, mənim sözüm yerə düşüb. Təbriz tək valdeynlərinin, yaxınlarının yox, hamının əzizi idi. Müharibəyə gedəndə onun üçün çox qorxurdum. Bilirdim ki,Təbriz geridə qalmağı bacarmayan, hər şeyin birincisi olmağı, öndə getməyi sevəndir. Heç yanılmamışdım. Şəhidlik zirvəsinə ucalmağa da tələsdi… Şəhid olma xəbərini eşidəndə sanki məhv oldum. Belim qırıldı. İlk sözüm bu oldu ki, Təbrizsiz mən nə edəcəyəm? İnana bilmirəm ki, Təbriz yoxdur. İnana bilmirəm ki, bir də Təbrizi görməyəcəm. Bütün şüurumda, düşüncəmdə, canımda bir Təbriz var. O qədər bir yerdə olmuşuq, bir gəzib, bir söhbət edib, birlikdə məsləhətləşib, çətinlikdən çıxmaq üçün birgə yol axtarmışıq ki… Mən Təbrizləşmişdim. Əcəldən başqa heç nə ayrı bilməzdi bizi. Təəssüf ki, əcəl aramıza tez girdi…

Hər adam şəhid ola bilməz. Hər adam o zirvəyə yüksələ bilməz. Təbriz kimi insanların yeri əzəldən cənnət olmalıdır ki, Allah əziz bəndəsini də yanına götürdü. Bəzən düşünürəm ki, Təbriz sözü dost sözündən əvvəl yaranmış olsaydı, Allah dost sözünü Təbrizlə əvəzləyərdi. O, dostluğun, insanlığın simvolu idi. Elə şeylər var ki, onu sözlə ifadə edə bilmirəm. Hönkürüb, dəli kimi ağlamaq istəyirəm. Sonuncu görüşümüz səfərbərlik idarəsinin qarşısında oldu. Məni sinəsinə sıxıb, - narahat olma, sağ-salamat qayıdıb gələcəm, görüşərik, - dedi. O, müharibəyə, qan-qadaın içinə gedirdi, yenə məni düşünürdi…

Görüşəcəyik sözünü heç unuda bilmirəm. O günü gözləyirəm. Təbriz həmişə mənə düz deyib, düz olub. Yenə də düz olacağına adım kimi əminəm. Biz görüşəcəyik… Çalışacam ki, Təbrizin dediyi kimi, düz, ədalətli, vicdanlı, halal yaşamağı bacaran, xeyir əməllər sahibi olan insan kimi yadda qalım və cənnətdə qardaşımla görüşə bilim. Allah məqamını uca etsin, qardaşım. Nur içində yat.

İş yoldaşı Maqsud İsmayilovun xatirələri:

- Bizim Təbriz Bəkirovla tanışlığımız 2017-ci ildən başlayıb. O zaman Təbriz “Gloria Jeans Coffes” mağazalar şəbəkəsinin “Port Baku”, biz isə həmin şirkətin “Caspian” filialında çalışırdıq. Elə ilk tanışlıqdan ünsiyyət qurduq. Sonradan aramızda dostluq münasibəti yaranmağa başladı. Çox mehriban, ünsiyyətçil, səmimi bir insan idi. İlk baxşıdan adama illərin tanışı, dostu kimi yanaşmağı var idi. Tale elə gətirdi ki, sonra biz birlikdə çalışmalı olduq. Mən barista (kofe hazırlayan) vəzifəsində çalışırdım. O isə mağazamızın müdirini əvəz etməli olurdu. Bu zaman kollektivimiz Təbrizin necə bir insan, hamı ilə qayğıkeş davranan bir qardaş, dost olduğunun şahidi oldu. İşçilərin ürəyini üzündən oxuyan, dərdini bölüşən, qayğısını çəkən, gücü çatdıqca hamıya kömək etməyə çalışan bir dost, rəhbər idi. Heç vaxt özünü böyük tutmazdı. Hamı ilə illərin dostu kimi davranırdı. Onu bir gün, hətta bir saat görməyəndə darıxırdıq. Örnək insan idi. Heç kim onun kimi iş yoldaşlarına qayğı, diqqət göstərə bilməzdi. Yüksək mənəvi keyfiyyətlərə malik idi. İnsanda əxlaqi dəyərlərə üstünlük verən, müəyyən xüsusiyyətləri adama izah etməyə çalışan, yaşından çox böyük, əsl ağsaqqal təsiri bağışlayan, müdrik bir insan kimi davranan dost idi Təbriz.

Birlikdə işlədiyimiz müddətdə heç bir səhv hərəkətini görmədik. Ürək bulandıran bir sözünü eşitmədik. Gözəl ideyaları var idi. Gələcək həyatımızı, birlikdə iş qurmaq planlarımızı birgə həyata keçirmək haqqında düşünürdük. Hamıya yol göstərməyə çalışır, çox gözəl məsləhət verməyi bacarırdı. Ona qulaq asan kimsə həyatda səhv etməz, heç bir ziyan çəkməzdi. 2020-ci ildə COVID-19-la bağlı ölkəmizdə karantin elan olunanda münasibətlərimiz daha yaxınlaşdı. Bir evdə qalır, bişirib birlikdə də yeyərdik. Çox gözəl, dadlı yeməklər bişirərdi. Deyərdi ki, sizi Ucara aparacağam, kənddə sizin üçün inək saxlayıram. Südündən içib uşaqlığınızı yadınıza salarsınız. Rayonlardan söz düşəndə zarafat edərdi. Ucarı çox tərifləyərdi. Siz Ucarın başıqarlı dağlarını görməmisiniz. Hər zaman qarlı torpağında gəzməmisiniz, gülöyşə narını yeməmisiniz, - deyərdi. İşdən sonra birlikdə vaxt keçirər, bilyard, futbol, paintball oynayardıq. Təbriz həm də çox gözəl oyunçu idi. Paintball oyununu gözəl billirdi. Çox dəqiq atəş açmağı var idi. Bir dəfə düz gözümdən vurmuşdu. Heç bir yeri görmürdüm. Gəlib kaskanı başımdan çıxarıb, zarafatla, - məni sən vurmaq istəyirdin? Bax adamı belə kor edərlər, - dedi. 2020-ci ilin yayında sərhədlərimizdə ermənilər təxribat törədəndə Təbriz Qarabağa gedib könüllü döyüşmək üçün qeydiyyata düşmüşdü. Həqiqi hərbi xidmətini Azərbaycan Ordusunun Sülhməramlı taborunda xidmət etmişdi. Fiziki hazırlığı çox yaxşı idi. Silahdan çox məharətlə istifadə edə bilirdi.

Hər dəfə Qarabağdan söz düşəndə, - əgər müharibə olarsa, mən ön cəbhədə olacağam, - deyirdi. Elə də oldu…

Təbrizlə ayrılmağımız çox ani oldu. Əslində nə baş verdiyini də heç hiss etmədik. Günortaüstü ona zəng gəldi. Həmin gün birinci növbədə çalışırdıq. Bizə dedi ki, mən getdim Vətənə xidmət etməyə. Özünüzə yaxşı baxın. İnşallah, gələrəm görüşərik. Yenə birlikdə olarıq. Bax beləcə, çox sadə görüşüb ayrıldıq. Müharibənin ilk günləri zəng etmişdi. Hər şeyin yaxşı olacağına, qələbə xəbərini bizə özü verəcəyinə əmin etmişdi. Aradan üç gün keçmiş təkrar zəng vurdu, bizdən halalıq istədi.

- Müharibədir, ayrılıq var, ölüm var, - dedi.

Dedik: - Təbriz bizim sənin boynunda nə haqqımız var? Nə etmisənsə, sən bizə etmisən. Varsa, haqqımız halalın olsun!

Bu bizim son danışığımız oldu. Qardaşımız sanki hər şeyi bilirmiş. Aradan bir neçə gün keçdi, şəhid olması xəbərini aldı. Çox acı xəbər oldu. Kollektivimiz çox bacarıqlı, sevimli bir üzvünü, mən isə yaxın, etibarlı bir dostumu itirdim. Çox yanıram. Təbriz adı çəkiləndə göz yaşıma sahib ola bilmirəm. Belə insanlar çox az olur, yəqin ki, 100 ildənbir doğulurlar… Məkanı cənnət olsun. Həyatları, gözəl xüsusiyyətləri, bilikləri, bacarıqları ilə ürəkləri fəth edənlər bu dəfə işğalda olan torpaqları fəth etdilər. Layiq olduqları zirvəyə yüksəldilər. Nur içində yat, əziz dostum! Xatirən qəlbimizdə daima yaşayacaq!..

Sinif rəhbəri Zeynəb xanımın xatirələri:

- Mənə belə gəlir ki, birmənalı olaraq bu belədir, bir valideyn öz övladının uğuruna hamıdan çox sevinir. Valideyndən sonra ikinci sevinən, çagirdi ilə fəxr edən isə onun müəllimləri olur. Xoşbəxt insanam ki, mənə də övladlarımdan başqa öz doğma balalarım qədər sevdiyim şagirdlərimin uğurları, gördükləri üzağardan işlərlə fəxr etməyi Allah mənə də nəsib edib. Müəllim dərs dediyi şagirdin mənəvi valideyni olmağı bacarmalıdır. Elə davranmalıdır ki, şagirdi ona etibar edə bilsin. Təkcə elmini, biliyini deyil, dərdini, problemini, qayğısını da onunla bölüşə bilsin. Mən Təbrizi, bu gün vətənimizin, millətimizin qürur duyduğu, Vətənin iftixarı olan şəhid balamızı 2005-ci ildən tanıyıram. Təbriz Bağırbəyli kənd məktəbindən gəlmişdi bizim məktəbə. Çox səliqəli, düşüncəli, suyuşirin, ağıllı bir uşaq olduğu mənalı baxışlarından hiss edilirdi. Mən də onların sinif rəhbəri idim. Təbriz ilk gündən özünü sinif uşaqlarına sevdirə bildi. Çox istiqanlı idi. Heç elə bil yad kollektivə düşməyib. Bir-biri ilə qaynayıb qarışdılar uşaqlar. Bilmirəm necə izah edim; çox sülhsevər uşaq idi. Dava-dalaşla heç arası olmazdı. İki uşaq bir-biri ilə dalaşardısa, ilk araya girən mütləq Təbriz olmalı idi. İnan bilmərəm ki, kimsə ondan kobud söz, xətrədəyən ifadə eşidib. Elə bil adamların bir-birinə olan gözəl münasibətindən, qayğısından zövq alırdı Təbriz. Məktəbin bütün tədbirlərinin öz yaşına görə həmişə fəal iştirakçsı olub. Eyni zamanda gözəl təşkilatçılıq qabiliyyəti ilə fərqlənirdi. Onların siniflərində demək olar ki, bütün gözəl ideyaların müəllifi, təşəbbüskarı Təbriz idi. İdman yarışlarının, fənn olimpiadalarının qalibi mütləq Təbriz olmalı idi. Heç yadımdan çıxmaz, bir dəfə lövhədə Azərbaycanın xəritəsini çəkib, işğal olunmuş rayonların işğal tarixini göstərib ox işarələri ilə işarələmişdi. Xəritə çox ustalıqla, məharətlə işlənmişdi. İstər-istəməz sinfə girən kimi diqqətimi cəlb etdi. Tez Təbrizin üzünə baxdım. Bilirdim ki, bunu yalnız Təbriz çəkə bilər. Bir növ döyüş xəritəsinə bənzəyirdi. Təbrizdən durub izahat verməsini istədim.

- Zeynəb müəllim, işğal olunmuş rayonlarımızın demək olar ki, hamısı dağlıq ərzidə yerləşir.Təbii istehkamlardır. Düşmən illərdir əlverişli mövqelərdə möhkəmlənib. Biz partizan kimi müharibə etsək, lokal dəstələrlə hücuma keçib yüksəkliklərə sahiblənsək, qalib ola bilərik, - dedi. Və qətiyyətlə vurğuladı ki, biz Qarabağı qaytaracağıq. İşğala son qoyacağıq. Mən bu yolda döyüşənlərdən olacağam. Düzünü deyəcəyəm, o zaman bu bizə möcüzə kimi görünürdü. Amma sonralar 2020-ci ilin 27 sentyabrında başlayan İkinci Vətən müharıbəsində iştirak edən oğullarımız, qüdrətli Azərbaycan ordusu bu möcüzəni gerçəkləşdirə bildirdilər. Bizə inanılmaz bir sevinc, misligörünməmiş tarixi bir qələbə sevinci yaşatdılar. Bunu Təbrizlər etdi. Vətəni yolunda canını fəda etməyi bacaranlar, illər uzunu Qarabağ yarasını sinəsində dərd edənlər, qəhrəman Azərbaycan oğulları, Qarabağ işğal olunandan sonra dünyaya gəlmiş fədakar gənclərimiz etdilər. Qarabağı bir dəfə də görməyənlər, Qarabağla bağlılığı olmayan, Vətəni Vətən bilən, onun hər qarışını müqəddəs sanan balalarımız bu möcüzəni gerçəkləşdirdilər.

Fəxr edirəm ki, o hünərli, təpərli, igid oğullardan biri də mənim şagirdim, qəhrəmanım Təbriz Bəkirovdur. Təbriz indi bütöv Azərbaycanın, el-obanın, azad olunmuş Qarabağın oğludur. Bilirəm ki, şəhidliyin fərəhi kimi dərdi də, yanğısı da böyükdür. Valideynlər övladlarını qəhrəman olmaq üçün dünyaya gətirmirlər. Qəhrəman oğulların özlərinin seçdiyi, getmək istədikləri, bir də Allahın qisməti deyək bu yola onları çatdırıb… Hər igidə, hər döyüşçüyə nəsib olmaya zirvəni fəth ediblər şəhidlərimiz. Onları yetişdirən valideynlərin və şəhidlərin müqəddəs ruhları qarşısında baş əyirəm. Borcları heç bir şeylə ödənilməz Təbrizlərin. Əziz xatirələri qəlbimizdə daim yaşayacaq! Məkanın cənnət olsun, əziz şagirdim!

Döyüş yoldaşı Kamran Rasim oğlu Abdullayev:

- Hər kəsin sinif yoldaşı, əsgər yoldaşı, tələbə yoldaşı, hətta yaddaşında daim qalan yol yoldaşı da ola bilər. Amma hər insana nəsib olan xoşbəxtlik deyil ki, Təbriz kimi bir insanla bütün bunların hamısını birləşdirən bir yoldaşlığı, dostluğu olsun. Mən Təbriz Bəkirovla 2009-cu ildə ali məktəbə hazırlaşarkən tanış olmuşdum. Tale elə gətirdi ki, sonralar biz ikimiz də eyni ali məktəbdə təhsil alası olduq. Birgə tələbəliyimiz, yol yoldaşlığımız, keçirdiyimiz günlərimiz çox olub. Gələcək həyatımızdan, görəcəyimiz işlərdən, planlarımızdan çox danışardıq. Təbriz idealist idi. Vətən, Qarabağ, torpaqlarımızın bütövlüyü onun ən başlıca problemi idi. Qarabağ dərdi onun qanına, iliyinə işləmişdi. İqtisadiyyatın yüksəlməsi, dövlətimizin qüdrətlənməsi, əhalinin dolanışığının yaxşılaşmasından söz düşən kimi, Təbrizin ilk sözü bu olardı: “Gərək Qarabağ azad oluna!”.

Dövlətin müstəqilliyinin möhkəmlənməsindən danışırdıq, yenə Təbriz deyərdi: “Gərək Qarabağ azad oluna”. Ölkəmizdə turizm sektorunun güclənməsindən danışırdıq.

Pərvizin ik sözü bu olurdu: “Qarabağ azad olunmasa, sabitlik olmasa, bu, mümkün deyil”.

Və hər dəfə də deyirdi ki, Qarabağın azadlığı xalq olaraq birliyimizdən, vətəndaş olaraq öz məsuliyyətimizi dərk etməkdən keçir. Ali məktəbi bitirəndən sonra bizim Təbrizlə yollarımız ayrıldı. O, işləmək üçün Bakıya getdi, mən isə rayonda işləyəsi oldum. Tale bizi yenə 21 sentyabrda birləşdirdi. Ucar Rayon Hərbi Səfərbərlik İdarəsinin qarşısında yenidən rastlaşdıq. Eyni gündə, eyni maşınla Ağdamın Güllücə kəndində yerləşən hərbi hissəyə təlimə yollandıq. Ayrı bölüklərdə xidmətə başlasaq da, təlimlər zamanı fasilələrdə görüşür, söbətləşirdik. Təbriz qələbəmizə tam əmin idi. Qələbə, torpaqlarımızın azadlığı naminə hər şeyə hazır idi. Gözündə qorxu yox idi. Ürəyi təpərli, cəsarətli idi. Qorxunu gözündə öldürmüşdü. Bircə istəyi var idi. Təki qələbə qazanaq. Təki torpaqlarımız işğaldan azad olunsun…

Sentyabrın 27-si günü müharibənin başlanması xəbərini aldıq. Erməni kəşfiyyatına mövqelərimiz bəlli idi. Ağır artilleriya, minamyotlarla mövqelərimizi vururdular. Orada artlq təlim keçmək mümkün deyildi. Eyni zamanda ordumuz Ağdam istiqamətində müdafiə mövqeyində idi, ona görə də sentyabrın 30-da təlimləri davam etdirmək üçün Naftalana gətirildik. 3 gün də burada yerləşən təlim mərkəzində olduq. Oktyabrın 4-də buradan Tərtər istiqamətinə hərəkətə başladıq. Yolboyu ordumuzun rəşadətini görüb ruhlanır, irəliyə döyüşə can atırdıq. Keçdiyimiz yollarda, işğaldan azad olmuş ərazilərdə qəhrəman döyüşçülərimiz tərəfindin məhv edilmiş erməni tanklarını, ağır artileriya qurğularını, yanıb sıradan çıxmış BTR-ləri, BMP-ləri, QRAD qurğularını və məhv edilmiş erməni cəsədlərini gördükcə daha da ruhlanırdıq.

Fərəhdən, sevincdən ürəyimiz dağa dönürdü. Maşınlarla bir qədər hərəkət etdikdən sonra enib piyada hərəkət etməli olduq. Oktyabrın 4-də gündüz saat 14 radələrində döyüş əmri alaraq Tərtər rayonu istiqamətindən Suqovuşana doğru hücuma keçməliydik. Əməliyyatdan az əvvəl Təbrizlə görüşüb, qucaqlaşıb ayrıldıq. Ermənilər 30 il idi ki, burada möhkəmlənib, strateji yüksəkliklərdə mövqe tutub, istehkamlar qurmuşdular. Qruplara bölünüb valların arası ilə bir neçə istiqamətdən erməni mövqelərinə doğru hərəkətə başladıq. Elə bu andaca minamyot, ağır artilleriyanın, iriçaplı pulemyotların atəşi altına düşdük. Mərmi dolu kimi yağırdı. Göz açmaq mümkün deyildi. Bütün çətinliklərə baxmayaraq irəliləmək, torpağı düşməndən təmizləmək əmrini almışdıq .

Canımız, qanımız bahasına döyüş tapşırığını yerinə yetirməyə çalışırdıq. Ermənilər geri çəkilmədiyimizi görüb təlaşa düşmüşdülər. Yaralılarımız, şəhidlərimiz var idi. Sıralarımız seyrəlsə də, düşmən döyüş ruhumuzu qıra bilməmişdi. Yaralıları, şəhidləri döyüş nöqtəsindən çıxarmaq üçün dərhal təxliyyə qrupu gəlirdi. Eyni zamanda düşmən də dirəniş göstərirdi. Düşmənin müqavimətini görüb arxadan kömək üçün əlavə qüvvə istədik. Gecəykən bizə kömək gəldi. Dostlarımızın itkisi, sıralarımızın seyrəlməsi bizi daha da qəzəbləndirirdi. Döyüş yoldaşlarımızn intiqamını almaq məqsədilə tökülən qanlara cavab olaraq, qəzəblə, intiqam hissi ilə irəliləyirdik. Nəhayət, oktyabrın 4-də qarşıya qoyulan tapşırığı uğurla yerinə yetirə bildik. Qismən sakitlik yaranan kimi Təbrizi axtarmağa başladım. Tanışlardan kimi gördüm Təbrizi soruşdum.

Çox təəssüf ki, Təbrizi tapa bilmədim. Onun şəhid olduğuna inana bilmirdim. Başqa bölüklərdə döyüşdüyümüz üçün fikirləşirdim ki, düşməndən azad olunmuş hansısa bir mövqedə möhkəmləniblər. Yəqin yenə rast gələcəyik, görüşəcəyik. Təbriz söz vermişdi ki, döyüşdən sonra mütləq görüşəcəyik. O, sözünə bütöv adam idi. Oktyabrın 11-də Təbrizin şəhid olması xəbərini eşitdim. Çox sarsıldım. Mənim üçün acı bir xəbər, dəhşətli bir itki oldu Təbrizin şəhid olması. Amma Təbriz kimi cəsarətli, qəhrəman bir döyüşçü ilə döyüşdüyüm üçün qürur duyuram. Çox igid döyüşçü idi… Fədakar idi… Əsl qəhrəmanlıq hissi var idi onda… Allah məqamını uca etsin!

Ömürlərinin bahar çağlarında bu vətəni yaşatmaq üçün gülə, çiçəyə, çölə, çəmənə əlvida deyib qanları ilə Zəfər nəğməsi yazdılar ŞƏHİDLƏR. Keçilməz qayalardan keçib qayalar iz, düşmənin canına vəlvələ saldılar Şəhidlər. Torpaq uğrunda can verənlər, illərdir düşmən tapdağı altında inləyə Vətən torpağına can verdilər, həyat verdilər. Şəhid qanı vətən torpağı üçün dirilik suyu oldu.

Qarabağda açan güllər, bitən ağaclar, axan sərin çeşmələr şəhidlərimizə bu gün əhmət deyir. Ana torpaq şəhidlərimizi rəhmətlə anır. Adlarını millətin, Vətənin zəfər tarixinə yazan qəhrəman, nakam taleli oğullarımzın adı indi Vətənlə qoşa çəkilir. Vətən durduqca var olan, Vətən yaşadıqca yaşayan şəhidləri, Təbrizləri hər zaman rəhmətlə anmaq bu torpağın üstündə gəzən hər bir namuslu vətəndaşın vicdan borcudur. Şəhidlər həm də bu millətin Vicdanlarıdır.

Elşən Qəni