10 dekabr 2021 14:52
1094

Kürdəmirdə Ulu Öndər Heydər Əliyevin anım günü qeyd edilib - FOTO

Dekabrın 10-da YAP Kürdəmir rayon təşkilatının və Kürdəmir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının qərargahında Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə tədbir  keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısının vəzifəsini müvəqqəti icra edən, YAP Kürdəmir rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Ağali Kərimli, Kürdəmir rayon İcra Hakimiyyətinin başçısının müavini Vəsilə Əsgərli, rayon təşkilatının fəalları,  ərazi partiya  təşkilat sədrləri, rayon ziyalıları, ağsaqqalları, gənc fəalları iştirak ediblər.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ağali Kərimli bildirib ki, müasir tariximizin hər bir sətri Ümummilli Liderimiz Heydər Əliyevin qüdrətli əlləri ilə yazılıb: “Ömrünü xalqının firavan yaşamasına həsr etmiş, dünya miqyasında tanınan və əziz xatirəsi hörmətlə yad edilən Ulu Öndər Heydər Əliyev xalqımızın yaddaşında əbədi olaraq yaşayır və yaşayacaqdır. Ulu öndər Heydər Əliyev iki dəfə Azərbaycanda siyasi hakimiyyətə gəlib və hər gəlişi ilə xalqımızın və dövlətçiliyimizin intibahına səbəb olub. Ümummilli Lider cəmi 10 il ərzində  müstəqil Azərbaycanı güclü ordusu, sosial-iqtisadi və hüquqi sistemi, praqmatik xarici siyasət və neft strategiyası olan müstəqil milli dövlətə çevirdi. Bu gün də Azərbaycan ulu öndər Heydər Əliyevin ideyaları əsasında cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, möhkəmlənir. Azərbaycan xalqı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qüdrəti altında iki yüz ilə yaxın bir dövrdə ardıcıl olaraq torpaq itirmək bəlasından xilas olaraq ərazi bütövlüyünü təmin etdi. Bunun təməlində, heç şübhəsiz xalqın öz Liderinə sonsuz inamı, yurd, torpaq sevgisi və Liderin xalqa arxalanması dayanır. Rəşadətli Ordumuz sonsuz cəsarət və qəhrəmanlıq göstərərək torpaqlarımızı düşməndən təmizlədi. Üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır.”

“Azərxalça” ASC-nin Kürdəmir rayon filialının  müdiri, gənc fəal  Rauf Abuşov  “Heydər Əliyev və Azərbaycan”, şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi Ülviyyə Şükürova “Heydər Əliyev və Azərbaycan təhsili”, Kürdəmir Rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri Sahilə Müseyibova “Milli mədəniyyət və Heydər Əliyev ideyaları” və Xəlsə kənd ümumi orta məktəbinin müəllimi Kəmalə Ələkbərova “Heydər Əliyev Azərbaycan dilinin ən böyük müdafiəçisi” mövzularında çıxış edərək bildiriblər ki, tarixi şəxsiyyət olan Ulu Öndərimiz bütün həyatını dövlətçiliyimiz, xalqımızın bu günü və gələcəyi naminə həsr edərək güclü, sarsılmaz, qüdrətli bir dövləti – Azərbaycanı bizə bəxş edib. 1969-cu ildə keçmiş SSRİ tərkibində ən geridə qalmış respublika kimi daim əzilən Azərbaycanın rəhbərliyinə gəlmiş Heydər Əliyev cəmi 13 il ərzində ölkəmizi sənaye dövlətinə çevirdi. Natiqlər bildiriblər ki, 1993-cü ildə xalqın istəyi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanı yaranmış təhlükədən xilas edərək xalqın xilaskarına çevrildi. Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyinin zirvəsi Onun özündən sonra siyasi kursunu hamıdan yaxşı qoruya biləcək, dövlətimizin inkişafını hamıdan yaxşı təmin edəcək yeni dövrün liderini – cənab İlham Əliyevi yetişdirməsi olmuşdur.   Bu  gün  cənab  İlham  Əliyevin  rəhbərliyi altında  Azərbaycan öz  inkişafının ən möhtəşəm  tarixini yaşayır.