13 dekabr 2021 15:55
946

Məzahir Əfəndiyev seçiciləri qəbul edib, şəhid ailələrini ziyarət edib - FOTO

Milli Məclisin deputatı Məzahir Əfəndiyevin Göyçay və Ağdaş rayonlarına növbəti səfəri baş tutub.

“İki sahil” xəbər verir ki, deputat ilk öncə ilk öncə Göyçay şəhər Heydər Əliyev parkında Ümummili Lider Heydər Əliyevin abidəsini ziyarət edərək ruhunu ehtiramla yad edib, daha sonra Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) birgə həyata keçirdiyi gənclər layihəsi çərçivəsində fəaliyyət göstərən DİM üzrə Gənc Səfirlər tərəfindən Göyçay rayon Heydər Əliyev Mərkəzində seçilmiş sinif şagirdləri ilə Missiya 2030 “Dünyamızın Qlobal Məqsədləri” mövzusunda keçirilmiş tədbirin açılışında çıxış edib.

Çıxış zamanı M.Əfəndiyev 2030 Gündəliyinin  əhəmiyyəti barədə ətraflı məlumat verərək ölkəmizdə bu istiqamətdə əhəmiyyətli işlər görüldüyünü və ölkəmizdə gənclərin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi üçün kifayət qədər geniş platformaların mövcud olduğunu qeyd edib. Həmçinin deputat gənclərin, dayanıqlı inkişafın təminində və gələcək nəsillərin təbiətin mühafizəsində aktiv iştirakını təmin etmək üçün maarifləndirici, o cümlədən təbliğat tədbirlərinin həyata keçirilməsinin vacibliyini vurğulayıb. Eyni zamanda 17 Gənc Səfirin könüllü əsaslarla Dayanıqlı İnkişaf Məqsədlərinin Azərbaycanda təbliğinə, DİM-lərə nail olmaq üçün gənclərin iştirakının təşviqinə, yerli, milli və beynəlxalq səviyyələrdə atılan addımlar barədə cəmiyyəti məlumatlandırmaları ilə yanaşı, ölkədə DİM-lərlə bağlı təşəbbüslərin həyata keçirilməsinə töhfələr verdiyini xüsusi vurğulayıb.

Sonra M.Əfəndiyev Ağdaş rayon Heydər Əliyev Mərkəzində vətəndaş qəbulu keçirərək seçicilərin işsizlik, pensiya, sosial müavinətlər, məişət problemləri kimi məsələlərini diqqətə götürüb, onların qanunvericilik çərçivəsində həlli üçün müvafiq addımlar atıb.

Daha sonra deputat 44 günlük İkinci Qarabağ-Vətən Müharibəsində şəhid olmuş igidlərimizdən Bayramov Həsən Ağaisa oğlunun ildönümü və Qaçayev İntizamın anım günü ilə bağlı şəhid ailələrini ziyarət edib.

Ziyarətlər zamanı şəhid olmuş Vətən oğullarımızın unudulmaz xatirəsi dərin ehtiramla yad edilib, müzəffər Azərbaycan Ordusunun şanlı Zəfərindən, bu Zəfərin əldə olunması üçün canlarını fəda etmiş şəhidlərin keçdiyi döyüş yolundan, onların Vətən torpağının azadlığı uğrunda göstərdikləri şücaətlərindən danışılıb.

Deputat şəhid ailələrinin qayğıları ilə maraqlanaraq Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdikləri yüksək diqqət və qayğı, bu istiqamətdə qanunvericiliyin daha da təkmilləşməsi haqda bir sıra məsələlərə aydınlıq gətirib.

Qeyd edək ki, şəhid Bayramov Həsən Ağaisa oğlu Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Şəhid Qaçayev İntizam Əkbər oğlu Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.