15 dekabr 2021 15:11
861

Şərəfənin 100 yaşlı məktəbi - FOTO

Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Şərəfə kənd tam orta məktəbinin yüz illik yubileyinə həsr edilən tədbir keçirilib.
Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən Şərəfə kəndinin ziyalısı Nahidə Məmmədova bildirib ki, 100 yaşını qeyd etdiyimiz təhsil ocağı həm Şərəfə kəndində həm də ətraf ərazilərdə yaşayan əhalinin savadlanmasında, dünyagörüşünün formalaşmasında xüsusi rol oynayıb. Bu da kənd məktəbinin ilk maarifpərvər insanları İsmayıl Bağır oğlu Əzimovun və rayonun ilk əməkdar müəllimi Nəzirməmməd Bəşir oğlu Məmmədəliyevin adı ilə bağlıdır. Həmin şəxslərdən sonra burada dərs alanların çoxu ölkənin və digər xarici ölkələrin nüfuzlu ali məktəblərinə daxil olub rayona ziyalı kimi qayıdırdılar.

Bu gün Şərəfə kəndi şəhid Qəhrəman İsmayılov adına tam orta məktəbinin təcrübəli və işgüzar pedaqoji kollektivi tarixi ənənələrə söykənən təhsil ocağının müvəffəqiyyətlərini artırmağa çalışır. Artıq neçə illərdir ki, ali məktəblərə qəbul səviyyəsi də, gənc müəllimlərin əməyinin ölkə miqyasında tanınması və mükafatlandırılması buna canlı sübutdur.
Tədbirdə çıxış edən Azərbaycan Universitetinin professoru, pedaqoji elmlər doktoru Fərahim Sadıqov, məktəbin direktoru Gülcan Kərimova, Almaniyada yaşayan, məktəbin ilk müəllimlərindən olan Nəzirməmməd Bəşir oğlu Məmmədəliyevin qızı Nazilə Bəşirova, “Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyinin sədri, Arzu Bağırova, yazıçı-publisist Nurəddin Ədiloğlu, məktəbin məzunu Tahir Ələkbərov, təhsil ocağının ilk qurucusu İsmayıl Bağır oğlu Əzimovun nəvəsi, məktəbin məzunu Dürdanə Əzimova, tarix müəllimi Sərmayə Musayeva və başqaları respublikamızda təhsilə göstərilən diqqət və qayğıdan söhbət açaraq tarixə yazılan 44 günlük Zəfər Qələbəsindən danışıb, Azərbaycan Prezidenti cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya təhsilə göstərdikləri qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Təntənəli yubiley tədbiri Masallı Regional Mədəniyyət İdarəsinin solistləri Miriş Hüseynov, Şamo İbayev və başqa mədəniyyət işçilərinin hazırladığı konsert proqramı ilə başa çatıb.

Əlihüseyn Şükürov,

Masallı rayon sakini