Masallı rayonunun Viləş kəndində 44 günlük Vətən müharibəsinin şəhidi Balaqardaş Fərhad oğlu Vəliyevin anım mərasimi keçirilib.
Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, YAP Masallı rayon təşkilatının fəalları, şəhid ailələri, qazilər, və s. iştirak ediblər.
Şahin Məmmədov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində göstərdiyi uğurlardan danışıb.
Qeyd edək ki, Balaqardaş Fərhad oğlu Vəliyev 24 mart 2002-ci ildə Masallı rayonunun Viləş kəndində anadan olmuşdur. 2008-2017-ci illərdə Viləş kənd tam orta məktəbində təhsil almışdır. 2020-ci ilin aprelində çağırışçı kimi «N» saylı hərbi hissəyə xidmətə yollanmışdır. Azərbaycan Ordusunun əsgəri Balaqardaş Vəliyev 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə düşmənə qarşı böyük mərdliklə döyüşmüşdür. Talış kəndi istiqamətində gedən döyüşlərdə ayağından yaralanmış və müalicə üçün hospitala göndərilmişdir. Qısamüddətli müalicədən sonra şəxsi müraciəti ilə yenidən döyüş meydanına atılmışdır. Beləliklə, gənc əsgər Hadrut istiqamətində gedən döyüşlərin birində düşmənin snayper atəşinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb.
Vətən müharibəsinin şəhidi Balaqardaş Fərhad oğlu Vəliyev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Şəhid əsgər Balaqardaş Vəliyevin ailəsi, kənd camaatı, qazilər hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonra mərasim iştirakçıları Viləş kənd qəbiristanında şəhid Balaqardaş Vəliyevin məzarını ziyarət etmişlər. Şəhidin xatirəsi ehtiramla anılıb, məzarı üstünə təzə güllər düzülmüşdür. Çıxışlarda şəhid barədə xatirələr danışılmış, şəhid Balaqardaşın heç vədə unudulmayacağı, daim ürəklərdə yaşayacağı bildirilmişdir.
Əlihüseyn Şükürov,
Masallı rayon sakini