17 dekabr 2021 13:26
888

Dahi Nizami Gəncəviyə xalq məhəbbətinin təzahürü FOTO

Qüdrətli söz ustası, dahi Azərbaycan şairi və mütəfəkkiri, dünya ədəbiyyatında imzası seçilən  Nizami Gəncəvinin ədəbi irsi Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində öz yerini qoruyub saxlayır.

Bu həqiqətdən doğan səmimi fikirlər Astara Rayon Mədəniyyət Mərkəzində dünya poeziyasına dəyərli söz inciləri bəxş etmiş dahi yaradıcı şəxsiyyət Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunmuş ümumrayon tədbirində səsləndi.

Astara Rayon İcra Hakimiyyəti başçısının müavinləri Firəngiz Sadıxova və İlqar Malıyevin, Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazovun, rayonun mədəni-maarif müəssisələrinin əməkdaşların, ictimaiyyətin nümayəndələrin halal sözün işığına toplaşdığı  tədbirdə   əvvəlcə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş kitab və rəsm sərgisi  nümayiş olundu. Daha sonra şairin hikmət dolu söz xəzinəsindən danışıldı, Astara Rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin ifasında böyük şairin əsərlərinin motivləri hazırlanmış ədəbi-bədii kompozisiya  göstərildi.  Ədəbi-bədii kompozisiyada Lənkəran Dövlət Dram Teatrının aktrisası Gülər Kərimli şairin “Leyli və Məcnun” poemasından bir parça söylədi. Onun ifası tədbir iştirakçılarına xüsusi zövq  verdi.

Həzin musiqi  altında  rayonun bədii özfəaliyyət kollektivlərinin üzvləri Nizami Gəncəvinin qəzəllərdən ibarət muğamlardan parçalara  özgə rəng qatmaqla şövqlə ifa etdilər. Məhz  bunlara görə tədbir uzun müddət yaddaşlardan   silinməz.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü