Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı 2021-ci ilin yekunları və 2022-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirib.
“İki sahil” xəbər verir ki, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov tədbirdə geniş məruzə ilə çıxış edib: “Ölkəmiz özünün inkişaf mərhələsinin yeni bir uğurlu ilini başa vurdu. Qazanılan bütün müvəffəqiyyətlərdə ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının əməyi vardır. Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası həyatımızın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirir. YAP-ın milli maraqlarımıza və ölkəmizin inkişafına xidmət edən fəaliyyəti cəmiyyət tərəfindən daim yüksək dəyərləndirilir. Partiyamızın öz fəaliyyətində söykəndiyi ideologiya onu daim uğurlara aparır. Ötən müddət ərzində YAP özünün dünənin, bu günün və gələcəyin partiyası olduğunu bir daha sübut etdi”.
Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının cəmiyyətin bütün sahələrini əhatə edən səmərəli fəaliyyətindən bəhs edən Azər Süleymanov əlavə edib ki, YAP sahib olduğu strateji resurslarla Azərbaycan siyasi sisteminin alternativsiz siyasi güc mərkəzidir.
A.Süleymanov qeyd edib ki, yola saldığımız 2021-ci il müstəqil respublikamız üçün əlamətdar hadisələrlə, xüsusi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağda sürətli gedən quruculuq işləri ilə yadda qaldı. Yeni Azərbaycan Partiyasının memarı və qurucusu ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ölkəmizin hər yerində olduğu kimi, Nəsimi rayonunda da geniş şəkildə qeyd olundu.
Sonra YAP Nəsimi rayon təşkilatının fəaliyyətindən danışan A.Süleymanov siyasi həmfikirlərinin rayonun inkişafındakı rolundan bəhs edib, partiya üzvlərinin ölkənin qüdrətlənməsi yolunda möhtərəm Prezidentimizin ətrafında sıx birləşməsini gündəmə gətirib. O, qeyd edib ki, YAP Nəsimi rayon təşkilatı 31156 partiya üzvünü özündə birləşdirir. Onlardan 12931 nəfərini qadınlar, 9305 nəfərini gənclər təşkil edir.
2021-ci il ərzində YAP Nəsimi rayon təşkilatı özündə birləşdirdiyi ərazi partiya təşkilatlarının sayını artıraraq 100-ə çatdırıb.
Natiq 2022-ci ildə təşkilatın qarşısında duran əsas vəzifələri də tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Çıxış edən “Loqos” psixoloji və nitq inkişaf mərkəzi ərazi ilk partiya təşkilatının sədri Təranə Paşayeva rayonda gedən quruculuq və abadlıq işlərindən söz açıb, Yeni Azərbaycan Partiyasının uğurlarından bəhs edib.
Sonda partiya həyatında yaxından iştirak edən bir qrup partiya fəallarına YAP Nəsimi rayon təşkilatının diplom və təşəkkürnamələri verilib.
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlanıb