01 yanvar 2022 19:26
1158

Masallıda şəhid Nurlan Malikovun anım mərasimi - FOTO

Masallı rayonunun Oncakələ kəndində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Nurlan Dünyamalı oğlu Malikovun anım mərasimi təşkil olunub.

Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, YAP Masallı rayon təşkilatının fəalları, şəhid ailələri, qazilər və s. iştirak ediblər.

Şahin Məmmədov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində yanımızda olan, bizə dost, dəstək və düşmən olan ölkələrdən danışıb: “Bütün şəhidlərin ruhu qarşısında baş əyirəm. Bu gün Nurlanın ruhu bizimlədir. Nurlan kimi igid balalarımız bizə vüqarımızı, qürurumuzu və ləyaqətimizi qaytararaq Zəfər sevinci yaşatdılar. Biz belə gənclərimizlə hər zaman qürur duyacağıq! Onun və cəbhə yoldaşlarının vətənpərvərliyi sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub. Əgər mənfur erməniləri müdafiə edən dövlətlər olmasaydı, torpaqlarımız 30 il düşmən tapdağı altında qalmazdı, 1 milyon qaçqın-köçkünümüz, faciələrimiz olmazdı. İndi dünyada Türk dövlətlərinin böyük «Turan» birliyi yaranır. Biz daha güclü olacağıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.”

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən Nurlan Dünyamalı oğlu Malikov ölümündən sonra "Vətən uğrunda", «Qubadlının azad olunmasına görə» və “İgidliyə görə” medalları ilə təltif edilib.

Şəhid əsgər Nurlan Malikovun ailəsi, qardaşı Kərim, kənd camaatı, qazilər hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Masallı Rayon İcra Hakimiyyətinin başçısına dərin minnətdarlığını bildirib.

Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Məftun Hüseynov, Hacı Hüseyn Əhmədli və başqaları “Qurani-Kərim”dən ayələr oxuyub, ölkə başçımıza, ölkəmizə, millətimizə dualar ediblər.

Sonra mərasim iştirakçıları Oncakələ kənd qəbiristanında şəhid əsgər Nurlan Malikovun məzarını ziyarət ediblər. Onun xatirəsi ehtiramla anılıb, məzarı üstünə təzə güllər düzülüb.

Əlihüseyn Şükürov